Samirə Qasımlının işi ekspertizaya göndərildi: dilçi alim rəy verib

Samirə Qasımlı

"'Üzəduran' və 'üzə duran' ifadələrinin Azərbaycan dilində hüquqi-istintaq kontekstində işlənməsi dil normalarına uyğundur"

Həbsdə olan politoloq Azər Qasımlının xanımı, təhqir və böhtan ittihamıyla xeyli vaxtdır təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan Samirə Qasımlının işi ekspertizaya göndərilib. Sentyabrın 25-də Binəqədi rayon Məhkəməsində hakim Samir Nəsibov buna qərar verib.

S.Qasımlının ona böhtan atdığını, təhqir etdiyini deyib, şikayət vermiş Qurbanəli Yusibov budəfəki məhkəmə iclasına da gəlməyib. Əvvəlki iclaslarda olduğu kimi, bu dəfə də hakimin sualına cavabında S.Qasımlı şikayətçinin iştirakı olmadan prosesin davam etdirilməsinə etirazını bildirib. Buna baxmayaraq, hakim onun vəkilinin məhkəmədə iştirakını yetərli sayıb və məhkəmə davam edib.

Q.Yusibov politoloq A.Qasımlı haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb. O, ərizəsində iddia edib ki, politoloqun məhkəməsi gedən dövrdə xanımı S.Qasımlı “Facebook” hesabındakı paylaşımlarında “üzəduran” və s. ifadələrlə onun şərəf və ləyaqətini ləkələyib, böhtan atıb. Bu üzdən cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Dilçi alimdən mütəxəssis rəyi alınıb

S.Qasımlının vəkili Ramil Süleymanov məhkəmənin nəzərinə çatdırıb ki, qarşı tərəfin ərizədə böhtan və təhqir kimi təqdim etdiyi ifadələrlə bağlı dilçi alimdən mütəxəssis rəyi alınıb. Rəyə əsasən, “üzəduran” ifadəsinin işlədilməsi şəxsin şərəf və ləyaqətini alçaldan ifadə hesab edilə bilməz.

"'Üzəduran' və 'üzə duran' ifadələrinin Azərbaycan dilində hüquqi-istintaq kontekstində işlənməsi dil normalarına uyğundur. 'Üzə durmaq' və 'üzünə durmaq' ifadələri istintaq və məhkəmə kontekstində şəxsin digər şəxs barəsində və ya onun əleyhinə ifadə verməsini ifadə edə bilər”, - mütəxəssis rəyində belə yazılıb.

Buna da bax:

'Azər Qasımlının kamerası dördnəfərlikdir, altı nəfər saxlanılır'

Vəkil bu rəyi məhkəməyə təqdim edib. Həmçinin bildirib ki, məhkəmə özü də ekspertiza təyin edib, bu məsələlərə aydınlıq gətirə bilər.

Ardından hakim iddia ərizəsində bəhs olunan ifadələrin təhqir, şərəf və ləyaqəti alçaldan məzmun daşıyıb-daşımadığını aydınlaşdırmaq üçün ekspertiza keçirilməsinə qərar verib.

Bu üzdən S.Qasımlının məhkəməsi ekspertizanın nəticəsi məlum olanadək təxirə salınıb.

S.Qasımlıya ittiham verilmiş Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində alternativ cəzalarla (cərimə, ictimai işlər və s.) yanaşı, 6 ayadək azadlıqdan məhrumetmə də nəzərdə tutulub.

S.Qasımlı özünü təqsirli bilmir, bunun siyasi sifariş olduğunu düşünür. O, haqqındakı məhkəmə iddiasına və ölkədən çıxışına qadağa qoyulmasına şərh verərkən belə deyib:

“Bu, həm Azər Qasımlıya, həm də onun və digər siyasi məhbusların problemlərini qaldıran Samirə Qasımlıya qarşı olan işdir. Məqsəd həm də Samirə Qasımlının fəaliyyətini məhdudlaşdırmaqdır”.

Xatırlatma

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Q.Yusibovun şikayəti əsasında həbs olunan politoloq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda gəlir əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsiylə təqsirli bilinib.

A.Qasımlı ittihamı qəbul etmir, siyasi sifariş əsasında həbs olunduğunu bildirir. O bu işdə tək zərərçəkmişin özü olduğunu vurğulayır.

A.Qasımlı ilə Q.Yusibov arasında bir neçə il öncə “Binance” kriptovalyuta birjasına pul yatırılması məsələsiylə bağlı narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği "Binance" portalındakı hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən A.Qasımlı pulunu geri istəyib. Sonradan bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxıb.

Mingəçevir şəhər Məhkəməsi Q.Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib və həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Qərar belə əsaslandırılıb ki, məsələyə kommersiya məhkəməsində baxılmalıdır.

A.Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə baxılıb və politoloqun əleyhinə qərar verilib.