"Amnesty International" insan haqları təşkilatı müxalif AXCP partiyasının həbsdə olan lideri Əli Kərimlinin və media eksperti Ələsgər Məmmədlinin səhhətinin pisləşməsi barədə açıqlama yayıb, onları zəruri xidmətlə təmin etməyə çağırıb.
Ailə üzvləri və vəkilləri həbsxanadakı qeyri-adekvat şərait, zəruri tibbi yardımın göstərilməməsi səbəbindən Ə.Kərimli və Ə.Məmmədlinin səhhətinin ciddi pisləşdiyini deyirlər. Qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers bildirib ki, Ə.Kərimlinin təmiz içməli suya və havalandırmaya çıxışı məhdudlaşdırılıb. Bu isə işgəncə və ya digər pis rəftar kimi qiymətləndirilə bilər. Ə.Məmmədlinin səhhəti həbsdə ağırlaşdığından vəkilləri onun ev dustaqlığına buraxılması üçün dəfələrlə müraciət ediblər.
"Əli Kərimli və Ələsgər Məmmədli Azərbaycanda getdikcə güclənən siyasi repressiyanın qurbanı olan yüzlərlə şəxsdən ikisidir. Jurnalistlər, fəallar, hakimiyyətin açıq tənqidçiləri, müxalif siyasətçilər repressiyanın hədəfinə gəlib. Əli Kərimlinin mühafizəçisi olmuş siyasi fəal Bəhruz Həsənli bu təqiblərin daha bir qurbanıdır. Hazırda o, Ukraynadan Azərbaycana ekstradisiya olunma təhlükəsi ilə üz-üzədir. Azərbaycanda o, işgəncə və digər pis rəftarla qarşılaşa bilər", – M.Strazers bildirib.
"Azərbaycan hakimiyyəti Əli Kərimlini, Ələsgər Məmmədlini və digər məhbusları içməli su, havalandırma, gərəkən tibbi yardımla təmin etməlidir. Ukrayna insan hüquqları öhdəliklərini yerinə yetirməli, Bəhruz Həsənlini Azərbaycana ekstradisiya etməməlidir", – bəyanatda deyilir.
Ə.Kərimlinin ailəsi ona kamerada içməli su verilmədiyini, onun məhkəmədə huşunu itirdiyini bildirir. AXCP sədri ötən ilin noyabrından dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı ilə saxlanılıb. O, ittihamı rədd edib.
ToplumTV-nin həmtəsisçisi Ə.Məmmədli iyulun 27-də 14 il müddətinə azadlıqdan məhrum edilib. Sözügedən iş üzrə mühakimə olunan digər media mənsubları və vətəndaş cəmiyyəti fəallarına isə 15 ilədək ağır həbs cəzaları kəsilib. Təqsirləndirilən şəxslərə qarşı ilkin olaraq qaçaqmalçılıq ittihamı irəli sürülsə də, sonradan cinayət işinin tərkibi ağırlaşdırılıb.
Ukraynada yaşayan B.Həsənli Azərbaycan Baş Prokurorluğunun sorğusu əsasında iyulun 27-də Xarkovda saxlanılıb. Sorğu Ə.Kərimlinin işi çərçivəsində göndərilib və Həsənliyə dələduzluqla bağlı ittiham irəli sürülüb. O, ittihamları "əsassız və saxta" adlandırır, siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir. Xarkovda məhkəmə əvvəlcə onu azad etsə də, apellyasiya şikayətindən sonra avqustun 6-da yenidən həbs olunub.