Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 14:03

Xanımı və qardaşı: 'Ələsgər Məmmədli ürəktutması keçirib'

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

ToplumTV-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı bildirilir.

Bu barədə onun xanımı Günay Məmmədli və qardaşı Nəsimi Məmmədli avqustun 9-da məlumat yayıblar.

Xanımının açıqlamasına görə, Ə.Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürəktutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb.

"Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub. O, həmçinin isti hava şəraitində qalxanabənzər vəzindəki 23×25 millimetrlik törəmənin yaratdığı boğulma halları da yaşayır", - G.Məmmədli vurğulayıb.

Onun sözlərinə görə, həftəsonu olduğu üçün təcridxanada Məmmədliyə həkim yardımı göstərilməyib.

Oxşar açıqlama ilə çıxış edən Ə.Məmmədlinin qardaşı N.Məmmədli isə bildirib ki, o, bununla bağlı həbsdən zəng edərək məlumat verib.

"Heç bir təqsiri sübuta yetirilməmiş ziyalı bir insana 14 il həbs cəzası verib, onu faktiki olaraq ölüm təhlükəsi ilə üz-üzə qoyublar", - o da qeyd edib.

Penitensiar Xidmət və başqa rəsmi qurumlardan hələlik bu açıqlamalara münasibət almaq mümkün olmayıb.

Xanımı G.Məmmədli bundan əvvəl də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslər zamanı Ə.Məmmədlinin ürək sancılarından əziyyət çəkdiyini açıqlamışdı: "Hər məhkəmə prosesində "Korvalol", təzyiq dərmanları içir və bunu hakimlər də daxil olmaqla, hamı görür. 65 məhkəmə prosesinin, bəlkə də, 60-da səhhəti ilə bağlı vəsatətlər verilsə də, hakim hər dəfə əsaslı həkim sənədi tələb edir. Hansı həkim qorxusundan o sənədi verə bilər? Sadəcə şifahi olaraq hər dəfə əməliyyat olunmalı olduğunu deyirlər".

Avropadan ToplumTV ilə bağlı cəzalara sərt reaksiya: 'Əliyevlə əlbir olublar'
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Xatırlatma

Ələsgər Məmmədlini 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər saxlamışdı.

Ailəsi və vəkilləri davamlı olaraq onun səhhəti ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Vəkili bu səbəbdən onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatət qaldırsa da, indiyədək heç biri təmin edilməyib.

Ə.Məmmədli "ToplumTV işi" üzrə mühakimə edilib. Bu il iyulun 27-də bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli 15 il, ToplumTV-nin həmtəsisçisi Ələsgər Məmmədli ilə DTİ əməkdaşı Əli Zeynal 14 il, DTİ əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və ToplumTV-nin videoredaktoru Müşfiq Cabbar 13 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan başqa, məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək proses gedişində üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verib.

"ToplumTV işi" üzrə təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs olunanların hamısı ittihamları rədd edir, fəaliyyətlərinə görə siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Son illər Azərbaycanda oxşar ittihamlarla 30 civarında jurnalist və ictimai fəal həbs edilib. Onlar da ittihamları siyasi sayırlar. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı açıqlamaları qəti təkzib edirlər.

XS
SM
MD
LG