Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 02:01

Rüfət Səfərov: 'Azərbaycan hökumətinin siyasi əsiriyəm'. 8 il həbs qüvvədə qaldı

Rüfət Səfərov
Rüfət Səfərov

“Müdafiə Xətti” insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov haqqında 8 il həbs hökmü qüvvədə saxlanıb. Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Qərardan öncə R.Səfərovun vəkilləri onun apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılması, hüquq müdafiəçisinin saxlanmasında iştirak edən polislərin dindirilməsi haqda vəsatətlər qaldırıblar. Bu vəsatətlərin heç biri təmin olunmayıb.

Cinayət işində iddia edilir ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq adıyla 60 min manat pul alıb. Lakin nə torpaq satıb, nə də pulunu geri qaytarıb. Bu üzdən 2024-cü il dekabrın 3-də N.İmanquliyev hüquq müdafiəçisinin yaşadığı binanın qarajına gəlib, ondan pulunun geri qaytarılmasını tələb edəndə aralarında dava olub. Nəticədə R.Səfərov ona xəsarət yetirib.

“YAP hüquq sisteminə itaət etmədiyimə görə həbs edilmişəm”

Apellyasiya məhkəməsindəki ilk iclasda da müdafiə tərəfi vəsatətlər qaldırmışdı ki, pulların verildiyi iddia olunan ərazidəki, qarajdakı videogörüntüləri məhkəmə alıb araşdırsın. Məhkəmə bu vəsatətləri də təmin etməmişdi.

Avqustun 24-də vəsatətlərin təmin olunmadığı elan olunandan sonra çıxış edən vəkillər R.Səfərov haqqında hökmün əsassız olduğunu vurğulayıb, onun ləğvini istəyiblər. Vəkillər hüquq müdafiəçisinin təqsirsiz olduğunu bildirərək, onun haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş ediblər.

Prokuror isə əksinə, 8 illik həbs hökmünün qüvvədə saxlanmasını təklif edib.

Ursula fon der Lyayenə məktubun bədəli? – 'Vəkilinə zəng etmək istəyir, deyirlər, olmaz!'
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

R.Səfərov çıxışında özünü “Azərbaycan hökumətinin siyasi əsiri” adlandırıb.

“Azərbaycan hökumətinin siyasi əsiri olaraq, inanıram ki, məruz qaldığım ittihamların saxtalığına heç kimin şübhəsi yoxdur. Mən Bakı Ağır Cinayətlər Məhkəməsində söylədiyim son sözümdə həbsimin gerçək səbəblərini detallarına qədər bildirdim. Bir daha deyirəm, müstəqil insan haqları fəalı qismində repressiv idarəçiliyə, bolşevik hüquq sistemi ilə səsləşən YAP hüquq sisteminə itaət etmədiyimə görə son 10 ildə 3 dəfə həbs edilib, işgəncələrə, qeyri-insani rəftara layiq görülmüşəm”, - hüquq müdafiəçisi belə deyib.

O, apellyasiya məhkəməsindən ədalətli qərar gözləntisi olmadığını bildirib.

“Bir Elmar öldürüldü, onlarla Elmar doğuldu”

R.Səfərov əlavə edib ki, Azərbaycan hökuməti bu cür repressiyalarla istədiyinə nail ola bilməyəcək. Necə ki, 21 il öncə “Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun evinin qarşısında güllələnməsi müstəqil jurnalistlərin kökünü kəsə bilmədi:

“Bir Elmar öldürüldü, onlarla Elmar doğuldu. Məcbur olub, “Abzas”ın, “Toplum TV”nin, “Meydan TV”nin heyətini həbsxanaya doldurdular. Amma belə ağır şərtlər altında da bu media orqanları fəaliyyətini davam etdirir”.

R.Səfərov çıxışının sonunda hakimlərə müstəqil məhkəmə sistemində fəaliyyət göstərməyi arzu edib.

“Sizə və həmkarlarınıza müstəqil məhkəmə sistemində hakim olmağı arzu edirəm. Hələliksə gedin müşavirə otağına, Prezident Administrasiyasından sədrinizə verilən təlimata uyğun qərarı elan edin. Lakin subyektiv amillər sizi hüquqi məsuliyyətdən azad etmir”, - R.Səfərov çıxışını belə bitirib.

Hökumət təmsilçiləri məhkəmələrin siyasi sifarişlə qərarlar verməsi haqda iddiaları da əsassız sayır və məhkəmə sisteminin müstəqil olduğunu iddia edir.

'Bu, Avropanı Əliyevlə sövdələşməyə vadar edir' – İnsan haqları yada düşmür
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov avqustun 24-də “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə məhkəmə-hüquq sistemində islahatlardan danışıb. O bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sistemində sonuncu böyük həcmli islahatlar 2019-cu ildə Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının qəbulu ilə başlayıb: “Bu sənəd ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərməkdədir”.

R.Səfərovun çıxışının ardından müşavirəyə gedən hakimlər az sonra geri qayıdaraq, hüquq müdafiəçisinin haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış 8 illik həbs hökmünün qüvvədə saxlandığını elan edib.

Xatırlatma

Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 8 il həbs cəzası kəsilib. Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə təqsirli bilinib.

2024-cü il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə, Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub.

R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün ABŞ Dövlət katibi Entoni Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.

R.Səfərov 2015-ci ilin dekabrında Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqladıqdan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsildə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.

XS
SM
MD
LG