"Əlbəttə ki, tez bitməsini istəyirəm... Mənə elə gəlir, bir müddət davam edəcək", – Ukraynadan Petro adlı əsgər ötən ilin mayında cəbhə yaxınlığındakı mövqedən AzadlıqRadiosuna deyirdi.
"Atəşkəs olmayacaq... Hər şey müharibənin davam edəcəyini göstərir", – bunu isə həmin bölmədə Oleksandr adlı digər əsgər söyləyirdi. O, Donetsk vilayətindən Kiyevin nəzarətində olan hissəni Rusiyanın ələ keçirməyə çalışdığını vurğulayırdı.
Üstündən səkkiz ay keçir, heç atəşkəs əldə olunmayıb, o ki qaldı davamlı sülh olsun. Rusiya Donetski də tam tuta bilməyib.
"Münaqişənin tam həlli üçün şərtlərdən heç biri ödənməyib. Nə Ukrayna, nə də Rusiya cəbhədə həlledici qələbə qazanıb, hər ikisinə güclü təzyiq olsa da, heç biri çökənə oxşamır", – London Kral Kollecindən Rut Deyermond AzadlıqRadiosuna deyib.
Rusiya prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də Ukraynaya qarşı tammiqyaslı işğala başlayıb. Məqsəd Ukraynanı qısa zamanda diz çökdürmək idi. Müharibədə toplam 1.5 milyondan çox hərbçinin öldürüldüyü, yaxud yaralandığı bildirilir.
Deyermond deyir ki, 2026-cı ildə sülhə ən böyük əngəl Rusiyadır, "heç döyüşlərə ara verməyə marağı yoxdur, o ki qaldı müharibəyə ola".
ABŞ prezidenti Donald Tramp ötən ilin yanvarında ikinci dönəm prezidentliyə başlayandan bu müharibənin bitməsinə çalışır. Son aylar Ukrayna, Avropa ölkələri və ABŞ sülh razılaşması cızırlar.
Sərt danışıqlar
Amma Rusiyanın ərazi məsələsində, xüsusilə Donbasda güzəştə gedib-getməyəcəyi danışıqlarda uğur əldə olunmasına kölgə salır. Kiyevə təhlükəsizlik zəmanətləri verilməsinə, Ukraynada Qərb əsgərlərinin yerləşdirilməsi perspektivinə də yaxşı yanaşmır. Rusiyanın tutduğu Zaporojye AES-ə nəzarət də mübahisəli məsələdir.
Üzümüzə gələn həftələr sülh danışıqlarına daha çox aydınlıq gələ bilər. "Görünür, ABŞ, Ukrayna və Avropa ortaq məxrəc tapa bilərlər, amma Rusiya güzəştə getməyə meylli deyil. Onların elan etdiyi hədəflər bir-biri üçün qəbuledilməzdir", – Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi eksperti Mark Kansian deyib.
Bu arada Rusiya daha sərt mövqe sərgiləyir. Kremlin sözçüsü Dmitri Peskov birbaşa deyib ki, Moskva danışıqlarda mövqeyini sərtləşdirə bilər. Bundan öncə Rusiya Ukraynanı Putinin iqamətgahına dron hücumunda suçlayıb. Kiyev iddianı rədd edib, CIA da belə bir hücumun olmaması qənaətinə gəlib.
"Putinin başlanğıc mövqeyi dəyişməz qalır, müharibəni davam etdirmək... komandirləri də 2026-cı ildə Ukraynanın dörd vilayətinə – Luqansk, Donetsk, Zaporojye və Xersona hücum əməliyyatlarını davam etdirməyə sadiqdir", – Karneqi Beynəlxalq Sülh Fondunun əməkdaşı, Rusiya ordusu üzrə ekspert Dara Massikot belə deyir. Onun sözlərinə görə, Putin "Donbas və Novorossiya"ya iddialıdır. Bu mübahisəli termin Ukraynanın şərqində və cənubunda vaxtilə Rusiya imperiyasının nəzarətində olan hissələrə aiddir.
Daxili və xarici təzyiq artdığı vaxtda "həm Rusiya, həm də Ukrayna müharibəni özlərinə sərfəli yollarla bitirmək istəyirlər, nəinki onu illərlə davam etdirmək", – bunu isə Beynəlxalq Böhran Qrupunda Rusiya üzrə aparıcı təhlilçi Oleq İqnatov söyləyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Döyüşlərin taleyini dəyişən 500 dollarlıq silah
Müharibə bu il bitənə oxşamır
"2025-ci ilin əsas dərsi budur. Hər iki tərəf anlayır ki, müharibəni çox uzatmaq onlar üçün sabitliyin pozulması riski yaradır, uzun illər inkişaflarını önləyir. İndiliksə, hər ikisi inanır ki, müharibəni davam etdirmək 2026-cı ildə danışıqlarda mövqelərini yaxşılaşdıra bilər", – İqnatovun fikirləridir.
Amma hər iki ölkənin istər canlı qüvvə, istərsə də silah ehtiyatları, iqtisadi durumla bağlı problemləri var.
"Canlı qüvvə çatışmazlığına, maliyyə problemlərinə baxmayaraq, Ukrayna silahı, əsgəri, hər ikisi tam tükənənəcək döyüşəcək. Heç artan iqtisadi xərclər və şəxsi heyət itkiləri nəticəsində Rusiyanın çökəcəyini də gözləməməliyik", – Beynəlxalq Böhran Qrupunun Avropa və Orta Asiya proqramının direktoru Olqa Oliker AzadlıqRadiosuna bildirib. Onun fikrincə, tammiqyaslı müharibə "beşinci ilə keçə bilər, məhdud ərazi qazancları, yüksək itkilər, Ukrayna və Rusiyada əsas hədəflərə raket və dron zərbələri ilə davam edə bilər". O, müharibənin bu il davamlı sülhlə bitəcəyinin real görünmədiyini əlavə edir. Bir məsələ də var ki, "Tramp administrasiyası Kiyevi Rusiyanın tam olmasa da, əksər şərtlərini qəbul etməyə məcbur edə bilər, bu isə təslim olmaq deməkdir".
Deyermond da müharibənin bu il bitəcəyini real saymır. "Hətta əgər müharibənin aktiv fazasına fasilə verilsə belə, digər dondurulmuş münaqişələr kimi, danışıqlar yoluyla həll oluna bilməyəcək, çünki hər iki tərəf fundamental maraqlarına risk olduğunu düşünürlər", – o deyir.