Rusiyada hakimiyyəti tənqid edən şəxsləri, o cümlədən xaricə köçənləri izləmək, qorxutmaq, təqib və cəzalandırmaq, həmçinin ölkədə qalan qohumlarına təzyiq göstərmək üçün xüsusi dövlət sistemi yaradılıb. Bunu BMT-nin Rusiya Federasiyasında insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Mariana Katsarova sentyabrın 21-də BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi hesabatda bildirir.
Hesabat "Heç yer təhlükəsiz deyil: "qorxu hökmranlığı"nın ölkə hüdudlarından kənara ixracı – Rusiya Federasiyasının transmilli repressiyaları" adlanır.
400 fakt sənədləşdirilib
Sənəddə deyilir ki, hesabat transmilli repressiya kimi xarakterizə olunan təxminən 400 sənədləşdirilmiş fakt əsasında hazırlanıb. Burada söhbət Rusiya hakimiyyətinin ölkəni tərk edən vətəndaşlarını cəzalandırmaq cəhdlərindən gedir.
Katsarova Rusiyanın transmilli repressiyalarını beynəlxalq hüququn pozulması adlandırıb. Onun sözlərinə görə, bu repressiyalar Rusiya hakimiyyətini tənqid edən mühacirlərin sığındıqları ölkələrin suverenliyini də təhlükə altına atır.
"Transmilli repressiyalar xaricdə baş verən ayrı-ayrı hadisələr deyil. Bu, Rusiyanın daxilində sənədləşdirdiyim, dövlət tərəfindən dəstəklənən və müəyyən struktur üzrə fəaliyyət göstərən repressiya sisteminin ölkə hüdudlarından kənardakı davamıdır", —xüsusi məruzəçi bildirib.
"Rusiyanı tərk etmək Rusiya repressiyalarının geridə qalması demək deyil", – Katsarova vurğulayıb.
Bu repressiyaların ən ağır, ancaq nisbətən az rast gəlinən formaları qətl, fiziki hücum və zəhərləmə cəhdləridir. Hesabatda jurnalistlər Yelena Kostyuçenko və İrina Babloyanın, həmçinin Azad Rusiya Fondunun rəhbəri Natalya Arnonun ehtimal olunan zəhərlənmə halları göstərilir. Hüquq-mühafizə orqanlarının bu hadisələrlə bağlı heç kimə rəsmi ittiham irəli sürmədiyi vurğulanır.
Qiyabi hökmlər, ekstradisiya
Rusiya hakimiyyəti daha çox ölkədən gedən şəxslər barədə qiyabi hökmlər çıxarır, sonra isə həmin şəxslərin ekstradisiyasına nail olmağa çalışır.
"Bu gün repressiyalar həbs orderləri, məlumat bazaları, bank və rəqəmsal sistemlər, fəalları susdurmaq üçün açılan məhkəmə iddiaları (SLAPP)... vasitəsilə həyata keçirilir. İnterpolun "qırmızı bildiriş"lərindən ən çox istifadə edən məhz Rusiya Federasiyasıdır", – Katsarova bildirib.
Xaricdə yaşayan vətəndaşların bank hesablarını bloklamaq üçün Rusiyanın Maliyyə Monitorinqi Federal Xidmətinin tərtib etdiyi "terrorçu və ekstremistlər" siyahısından istifadə olunur.
Hesabata görə, 2022-ci ilin fevralından bəri Rusiyanı 650 mindən 900 minədək insan tərk edib. 2022-ci ildə dörd qiyabi məhkəmə hökmü qeydə alınmışdı, 2025-ci ildə bu rəqəm 157-yə yüksəlib.
Xüsusi məruzəçi transmilli repressiyalara qarşı mübarizə üzrə BMT konvensiyasının hazırlanmasına çağırıb.