2026, 13 Noyabr, cümə, Bakı vaxtı 16:19

Dünya xəbərləri

Rusiyadan gedənlərin hüquqları məhdudlaşdırılır

Dövlət Duması
Dövlət Duması

Rusiya Dövlət Duması ölkədən getmiş Rusiya vətəndaşlarının hüquqlarını məhdudlaşdıran qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.

Sənədə əsasən, ölkədən getmiş və hər hansı cinayət işi və ya müəyyən inzibati xətalara görə cəzanın icrasından yayınan şəxslərə bir sıra qadağalar tətbiq ediləcək.

AzadlıqRadiosunun rus xidməti yazır ki, bu şəxslərə xarici pasport almaq, Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət ünvanlamaq, "Qosusluqi" dövlət elektron xidmətlər portalından yararlanmaq qadağan olunacaq. Onlar Rusiyadakı pul vəsaitləri və əmlaklarını idarə edə bilməyəcəklər.

Rusiya diplomatik nümayəndəlikləri xaricdə saxlanılan Rusiya vətəndaşlarına hüquqi dəstək göstərməyəcək, əksər konsulluq və notariat xidmətlərini təqdim etməyəcəklər. Yalnız şəxsin sağ olduğunu təsdiqləyən sənəd veriləcək, həmçinin görmə məhdudiyyətli şəxslərin imzası təsdiqlənəcək.

Qanun ordunun "nüfuzdan salınması", Rusiyaya qarşı sanksiyalara və ölkənin ərazi bütövlüyünün pozulmasına çağırışlar, habelə "xarici agentlər" və "arzuolunmaz təşkilatlar" haqqında maddələr üzrə ittiham edilən Rusiya vətəndaşlarına şamil olunacaq.

Baş Prokurorluq bu məhdudiyyətlərə məruz qalan şəxslərin açıq reyestrini rəsmi internet səhifəsində dərc edəcək.

Bütün xəbərləri izləyin

Aİ liderləri ilk süni intellekt sammitini keçirəcəklər

Süni intellekt
Süni intellekt

Noyabrın 13-də Avropa İttifaqı (Aİ) liderləri Dublində süni intellektə (Sİ) həsr olunmuş ilk sammitə toplaşacaqlar. Görüşdə bu sahədə ABŞ və Çinlə rəqabət aparmağın yolları, maliyyələşmə və digər aktual məsələlər müzakirə olunacaq.

Son aylar süni intellekt agentlərinin nəzarətdən çıxması ilə bağlı bir neçə narahatedici hadisə qeydə alınıb. "Nvidia" şirkətinin rəhbəri Censen Huanqın bu həftə istefa verməsi isə sektoru yenidən sarsıdıb və Sİ sənayesi ən böyük dəstəkçilərindən birini itirib.

Dublin sammitində Aİ liderləri bürokratik əngəllərin aradan qaldırılması yollarını və süni intellektdən istifadə qaydalarını da dəyərləndirəcəklər.

"Mistral AI" şirkətinin baş icraçı direktoru Artur Menş və Nobel mükafatı laureatı, süni intellekt sahəsinin öncüllərindən sayılan Cefri Hinton toplantıda çıxış edərək liderləri məlumatlandıracaqlar.

Sammitdə Ukrayna məsələsi də diqqət mərkəzində olacaq. Bu mövzu tədbirin gündəliyinə sonradan ikinci əsas məsələ kimi daxil edilib. Belə ki, bir gün əvvəl ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb, ardınca Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Dublinə gediblər.

Aİ-nin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, liderlər Avropanın sülh danışıqlarındakı rolunu və atəşkəs əldə olunacağı halda Ukraynaya verilə biləcək mümkün təhlükəsizlik zəmanətlərini nəzərdən keçirəcəklər.

Rusiyanın hücumları Ukraynada 9 nəfərin həyatına son qoyub

Rusiyanın Odessaya hücumundan sonra zərər görmüş ev
Rusiyanın Odessaya hücumundan sonra zərər görmüş ev

Rusiya qoşunları Ukraynanın mülki və yaşayış infrastrukturunu yenidən atəşə tutub. Noyabrın 12-də Rusiyanın endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, yeddi nəfər yaralanıb. Bu barədə Donetsk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.

Zaporojyedə fərdi yaşayış evlərinin yerləşdiyi əraziyə edilən hücum 17 yaşlı oğlanın həyatına son qoyub, daha dörd nəfər yaralanıb.

Odessada daha iki nəfər həlak olub. Burada Rusiyanın fərdi yaşayış evinə zərbə endirdiyi açıqlanıb.

Sumı vilayətində isə iki kişi öldürülüb.

Daha bir neçə vilayətdə xəsarət alanlar var.

Ukrayna isə noyabrın 13-nə keçən gecə pilotsuz uçuş aparatları ilə Volqoqrada hücum edib. Vilayətin qubernatoru Andrey Boçarov bildirib ki, dron qalıqlarının düşməsi nəticəsində "Volqoqradın cənub sənaye zonasında yerləşən müəssisədə, eləcə də ona bitişik ərazidə lokal yanğınlar qeydə alınıb".

"Astra" nəşri dronların "Lukoil"a məxsus Volqoqrad Neft Emalı Zavoduna hücum etdiyini yazır. Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan bu müəssisədə yanğın başlayıb.

Boçarov Volqoqradın cənub sənaye zonasında çalışan dörd əməkdaşın həlak olduğunu, daha iki nəfərin isə xəstəxanaya yerləşdirildiyini deyib.

Ukraynanın "Exilenova+" və "Supernova+" monitorinq layihələri neft emalı zavoduna hücumdan sonra şəhərdəki yanacaqdoldurma məntəqələrində növbələr yarandığını yazır.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus 1198 dronun məhv edildiyini açıqlayıb. TASS agentliyi yazır ki, bu, son bir ildə ən kütləvi hücumlardan biri olub.

'Microsoft'un xidmətlərindəki nasazlıq saatlarla davam edib

"Microsoft"
"Microsoft"

Noyabrın 12-də "Microsoft"un "Outlook" və "Teams" xidmətlərinin işində təxminən 10 saatlıq fasilə yaranıb. Nasazlıq dünya üzrə bu populyar platformalardan istifadə edən şirkətlərin və dövlət qurumlarının fəaliyyətinə təsir göstərib.

"Microsoft" son açıqlamasında xidmətlərin işini yaxşılaşdırmaq səylərinin gözlənildiyi kimi getmədiyini bildirib.

Şirkətdən verilən məlumata görə, "Microsoft 365"in "Exchange Online" və elektron poçtdan asılı digər funksiyaları nasazlıqla üzləşib. "Exchange Online"dan asılı olmayan funksiyalar isə adi qaydada işləməyə davam edib. "Exchange Online" şirkətin elektron poçt, təqvim, kontaktlar və tapşırıqların idarə olunmasını təmin edən bulud əsaslı mesajlaşma platformasıdır.

Avstraliyanın daxili işlər və kibertəhlükəsizlik naziri Toni Börk bildirib ki, "Microsoft" baş verənlərin kiberhücumla əlaqəli olmadığını düşünür. O, problemə uğursuz sistem yeniləməsinin səbəb ola biləcəyini vurğulayıb.

Yaranan problemlər Avstraliyanın kəşfiyyat xidməti və federal polisinə də təsirsiz ötüşməyib.

ABŞ Konqresinin Nümayəndələr Palatası isə nasazlığın onların istifadəçilərini də əhatə etdiyini və mühəndislərin problemi aradan qaldırmaq üçün "Microsoft"la birlikdə çalışdığını açıqlayıb.

'Nvidia'nın rəhbəri Censen Huanq istefa verib

Censen Huanq
Censen Huanq

Süni intellekt texnologiyaları sahəsindəki ən nəhəng korporasiyalardan olan "Nvidia"nın rəhbəri Censen Huanq vəzifəsindən gedib. Bu barədə noyabrın 12-də şirkətin mətbuat xidməti məlumat yayıb.

Huanq prezident, baş icraçı direktor və Direktorlar Şurasının üzvü postlarından ayrılıb. Baş icraçı direktorun səlahiyyətlərini müvəqqəti olaraq şirkətin icraçı vitse-prezidenti və maliyyə direktoru Kolett Kress icra edəcək.

Şirkətin açıqlamasında Huanqın istefasının səbəbləri göstərilməyib. Ancaq son günlər onun bir qadınla intim münasibətinin olduğu üzə çıxıb. ABŞ hakimiyyəti həmin qadının Çin xüsusi xidmət orqanlarına işlədiyindən şübhələnir. Huanq həyat yoldaşına xəyanət etdiyini boynuna alıb. Bundan bir gün əvvəl isə onun tabeliyində çalışan digər bir qadınla da sevgi münasibəti yaşadığı ortaya çıxıb.

"Reuters" noyabrın 12-də iki mənbəyə istinadla biznesmenin üçüncü qadınla – "Nvidia"nın daha bir əməkdaşı ilə yaxın münasibətlərinin olduğunu yazıb. Agentlik həmin qadının adını açıqlamayıb və onunla əlaqə yarada bilmədiyini vurğulayıb.

Yaranmış bu qalmaqal şirkətin səhmlərinin dəyərini kəskin şəkildə aşağı salıb.

İsrail Qəzzadakı xəstəxanada HƏMAS komandirini vurduğunu bildirir

Xan-Yunisdəki "Nasir" xəstəxanasının binası daxilindəki dağıntılar
Xan-Yunisdəki "Nasir" xəstəxanasının binası daxilindəki dağıntılar

Noyabrın 12-nə keçən gecə İsrail hərbçiləri Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ilə birlikdə Qəzza sektorunun cənubundakı Xan-Yunis şəhərində yerləşən "Nasir" xəstəxanasına zərbə endiriblər. İsrail ordusunun məlumatına görə, hücumun hədəfi ABŞ və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HƏMAS qruplaşmasının yüksəkrütbəli komandirləri olub. Daha sonra İsrail Müdafiə Qüvvələri (SAXAL) zərbə nəticəsində HƏMAS-ın Xan-Yunis bölgəsi üzrə briqada komandiri Məhəmməd Əbu İsmayılın öldürüldüyünü təsdiqləyib. Qruplaşmanın digər komandirləri də hücuma məruz qalıblar.

İsmayılın briqadanın fəaliyyətini əlaqələndirdiyi, eləcə də İsrail hərbçilərinə və mülki şəxslərinə qarşı əməliyyatların keçirilməsinə əmr verdiyi iddia olunur. O, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumu zamanı girov götürülmüş çoxsaylı şəxslərin saxlanılmasına görə də məsuliyyət daşıyıb.

İsrail ordusu bildirir ki, HƏMAS nümayəndələri xəstəxana ərazisində komanda məntəqəsi yaradıblar. Zərbədən əvvəl mülki əhalinin xəbərdar edilməsi üçün tədbirlər görüldüyü vurğulanır.

Qəzzanın Mülki Müdafiə Xidmətindən isə bildirilib ki, zərbə xəstəxananın cərrahiyyə şöbəsinə endirilib. Nəticədə azı altı nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb. Ölənlər arasında cərrah həkimin, yaralananlar arasında isə mülki şəxslərin olduğu iddia edilir. Öldürülən HƏMAS döyüşçülərinin sayı barədə məlumat verilmir. Qruplaşma bu hücumu "hərbi cinayət" adlandırıb.

Qəzzanın bir hissəsi hələ də HƏMAS-ın nəzarətindədir və bir ildən çoxdur ki, orada atəşkəs rejimi qüvvədədir. İsrail HƏMAS-la əlaqəli konkret şəxsləri zərərsizləşdirmək məqsədilə vaxtaşırı hədəfli zərbələr endirir.

Ötən ilin oktyabrından bəri Qəzzada 1500-dən çox fələstinlinin həlak olduğu bildirilir. Onlardan neçəsinin HƏMAS-la əlaqəli olduğu açıqlanmır.

Britaniyada casusluq işi üzrə ABŞ hərbçisi saxlanılıb

London polisi
London polisi

London polisinin antiterror bölməsi Böyük Britaniyada ABŞ ordusunun hərbi qulluqçusunun saxlanıldığını bildirib. O, milli təhlükəsizlik qanunvericiliyinin pozulmasında və Rusiya ilə əlaqəli qanunsuz fəaliyyətlərdə şübhəli bilinir.

41 yaşlı yüksəkrütbəli hərbçinin dünən – noyabrın 10-da Qloster şəhəri yaxınlığında saxlanıldığı vurğulanır. BBC-nin məlumatına görə, ona qarşı şübhələr gizli məlumatların əldə edilməsi və ya yayılması, habelə xarici kəşfiyyat xidmətinə işləməklə bağlı maddələrlə əlaqədardır.

İstintaq çərçivəsində Qlosterşir qraflığındakı iki ünvanda axtarış aparılıb.

BBC-nin verdiyi xəbərə görə, həmin hərbçi Qlosterşir qraflığının İnnsvort qəsəbəsində yerləşən "İmcin" hərbi bazasında xidmət edirmiş. Bu bazada NATO-nun Sürətli Reaksiya Korpusunun qərargahı yerləşir.

London polisi istintaq çərçivəsində Britaniya hüquq-mühafizə orqanlarının ABŞ ilə, xüsusilə də Federal Təhqiqat Bürosu (FTB) ilə sıx əməkdaşlıq etdiyini bildirib.

FTB direktoru Keş Patel casusluq ittihamı ilə bağlı bu həbsi "mühüm qərar" adlandırıb.

"İstintaqın davam etdiyi bir vaxtda açıq şəkildə bildirmək istəyirəm: FTB ABŞ-yə verdiyi sədaqət andını pozan, öz əməlləri ilə milli təhlükəsizliyimizə, eləcə də tərəfdaşlarımızın təhlükəsizliyinə təhlükə yaradan heç kimə qarşı güzəştə getməyəcək", –Patel vurğulayıb.

Hərbçinin adı açıqlanmır. Hazırda o, London polis bölmələrindən birində saxlanılır.

Neftin qiyməti 90 dollardan aşağı düşüb

Nyu-York Fond Birjası
Nyu-York Fond Birjası

Bu gün – noyabrın 10-da neftin qiymətində ucuzlaşma davam edib. Bir gün əvvəl ABŞ prezidenti Donald Trampın İrana qarşı əlavə hərbi əməliyyatlara ehtiyac olmadığını bildirməsi Yaxın Şərqdən neft tədarükündə uzunmüddətli fasilələrlə bağlı narahatlıqları azaldıb.

"Brent" markalı neftin fyuçersləri 2.39 dollar və ya 2.58 faiz ucuzlaşaraq bir barel üçün 90.18 dollara enib. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 2.11 dollar və ya 2.43 faiz ucuzlaşaraq 84.74 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti avqustun 31-dən bəri ilk dəfə 90 dollardan aşağı düşüb.

Tramp noyabrın 9-da bəyan edib ki, Qətərin baş naziri də daxil olmaqla, region ölkələrinin müraciətlərindən sonra İrana qarşı yeni hərbi zərbələr endirməkdən hələlik çəkinməyi planlaşdırır.

Bəzi təhlilçilərin fikrincə, yüksək qiymətlər tələbatı azaltdığından qlobal neft bazarında yenidən izafi təklif (təklif artıqlığı) yaranıb.

"JPMorgan" bankının ötən həftə açıqladığı hesabata görə, oktyabrda qlobal neft bazarında gündəlik izafi təklif təxminən 1.4 milyon barel olub.

Təklifə gəldikdə isə, oktyabrda OPEC ölkələrində neft hasilatı artıb. Artım əsasən Səudiyyə Ərəbistanı, Küveyt və İraqın hasilatı hesabına baş verib.

"Brent" markalı neftin qiyməti oktyabrın 30-da çatdığı altı aylıq maksimum həddən – 118 dollardan təxminən 23 faiz aşağı düşüb.

Ermənistanda iki rusiyalı hərbçi ukraynalını döyməkdə şübhəli bilinir

Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?

No media source currently available

Gümrüdəki Rusiya hərbi bazasının iki hərbçisi Ukrayna vətəndaşının döyülməsi işi üzrə saxlanılıb. Bu barədə AzadlıqRadiosunun erməni xidməti ölkənin İstintaq Komitəsinə istinadla məlumat yayıb.

İnsidentin təxminən bir ay əvvəl baş verdiyi bildirilir. Ukrayna vətəndaşı Dimitri Samuyelenko Gümrü şəhərinin Ani rayonunda iki rusiyalı hərbçinin onu döyməsi ilə bağlı şikayət ərizəsi verib.

İstintaq Komitəsi bir qrup şəxs tərəfindən fiziki zorakılıq maddəsi ilə cinayət işi açıb və məhkəmə-tibbi ekspertiza təyin edib. Şübhəlilər sağlamlığa yüngül xəsarət yetirmək ittihamı ilə həbs olunublar.

Ukraynalının hansı səbəbdən döyüldüyü açıqlanmır.

"Azatutyun" yazır ki, bu, son vaxtlar Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə baş verən ilk insident deyil. Bundan əvvəl hüquq müdafiəçisi Artur Sakunts rusiyalı hərbçilərin bir gənci döyməsi və alçaltması barədə məlumat vermişdi. Ermənistan Baş Prokurorluğu həmin hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir. Baza 1995-ci ildə Moskva ilə Yerevan arasında imzalanmış dövlətlərarası saziş əsasında rəsmiləşdirilib.

Fransadakı soyuduculara kiberhücumda İran ittiham edilir

İsveçdə supermarketdə işçilər haker hücumuna məruz qalmış soyuducuları boşaldırlar
İsveçdə supermarketdə işçilər haker hücumuna məruz qalmış soyuducuları boşaldırlar

Oktyabrın ortalarında Fransanın müxtəlif regionlarındakı supermarketlərdə soyuducuları sıradan çıxarmış haker hücumunun arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayana bilər. Bunu noyabrın 9-da Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib. O əlavə edib ki, günahkarlar tapılacaq və "Avropa səviyyəsində" məsuliyyətə cəlb olunacaqlar.

Barro Fransa Xarici İşlər Nazirliyinin İranın Parisdəki səfirini çağırdığını da bildirib.

Fransa Baş Prokurorluğu isə həmin gün insidentlə bağlı araşdırma apardığını açıqlayıb. Qurum şübhəlilər arasında SEPAH-la əlaqəli "Şahed Kaveh" haker qruplaşmasının adını çəkib.

Kiberhücum oktyabrın 12-nə keçən gecə baş verib, nəticədə Fransada yüzlərlə supermarketin soyuducusu sıradan çıxıb. Hakerlər soyuducu və dondurucu kameraların temperaturunu uzaqdan dəyişə biliblər və temperatur bir neçə saat ərzində 50 dərəcəyə qalxıb. Mağazalar xarab olmuş ərzaq məhsullarını atmalı olublar. Zərərin məbləği bir neçə milyon avroya çata bilər.

Noyabrın 2-nə keçən gecə Avropanın daha yeddi ölkəsində supermarketlərin soyuducuları oxşar hücuma məruz qalıb.

Hakerlər Fransada donor qan plazmasının saxlanıldığı üç anbarın soyuducu sistemlərinə də müdaxilə ediblər. Onlar soyuducu avadanlıqların temperatur parametrlərini mənfi 30 dərəcədən müsbət 110 dərəcəyə dəyişiblər. Ancaq qan preparatlarının xarab olmasının qarşısını almaq mümkün olub.

Danimarka polisi Kopenhagen aeroportuna bomba təhdidlərini araşdırır

"Ryanair" aviaşirkətinin layneri Sofiya hava limanında.
"Ryanair" aviaşirkətinin layneri Sofiya hava limanında.

Danimarka polisi noyabrın 6-da Kopenhagen hava limanına qarşı təhdidlərlə bağlı təhqiqat apardığını bildirib. Polis sərnişinlər üçün hər hansı təhlükənin olmadığını əlavə edib.

Ötən gün – noyabrın 5-də Avropada onlarla sərnişin reysi saxta bomba xəbərdarlıqları ucbatından təxirə düşüb və ya ləngiyib. Bəzi təyyarələr məcburi eniş etməli olub, digərlərini isə qırıcılar müşayiət edib.

Kopenhagen polisi təhlükəsizliyi təmin etmək üçün hava limanında əlavə qüvvələrin yerləşdirildiyini və hadisənin araşdırıldığını bildirib. Əlavə təfərrüat açıqlanmayıb.

Cümə axşamı gələn bomba təhdidindən sonra Danimarkanın ən böyük hava limanında iki təyyarədə axtarış aparılsa da, hər hansı partlayıcı qurğu tapılmayıb.

Bomba xəbərdarlıqları bu gün də davam edib. İspaniyanın xarici işlər nazirinin sözlərinə görə, Avropa, görünür, "hibrid təcavüzün və psixoloji müharibənin bir forması" ilə üz-üzə qalıb.

Çexiya polisi də Praqa reyslərinə qarşı bomba təhdidlərinin daxil olduğunu bildirib. Hava limanı sözçüsünün dediyinə görə, təhdidlər gələn dörd və gedən beş uçuşu əhatə edib. Amma heç bir partlayıcı tapılmayıb, heç bir reys ləğv olunmayıb və ya marşrutu dəyişdirilməyib.

Çox keçmədən İtaliyanın hava limanı idarəsindəki mənbə Praqadan Romaya uçan "Wizz Air" təyyarəsinin Venesiyaya yönləndirildiyini və orada təhlükəsiz eniş etdiyini bildirib.

Fransa baş nazirinin ofisi isə ölkə üzərindən uçan təyyarələrə qarşı daha dörd yeni bomba təhdidinin daxil olduğunu açıqlayıb. Həmin təyyarələr də təhlükəsiz şəkildə yerə enib.

"CNN Portugal"ın yaydığı məlumata görə, Romadan Lissabona uçan "Ryanair" təyyarəsinə də bomba xəbərdarlığı edilib. Təyyarə yerə endikdən sonra orada təhlükəsizlik əməliyyatı keçirilib.

Bomba təhdidləri noyabrın 5-i axşamadək ümumilikdə 30-a yaxın reysə mənfi təsir göstərib. Bundan əvvəl isə azı yeddi reysə və bir kruiz gəmisinə qarşı da saxta xəbərdarlıqlar edilmişdi.

Təhdidlərin arxasında kimin dayandığı açıqlanmayıb, həmçinin məsuliyyəti üzərinə götürən hər hansı bəyanatın doğruluğu hələlik rəsmən təsdiqini tapmayıb.

Avropada bir çox rəsmi şəxs Rusiyanı 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan bəri təxribat xarakterli hərəkətlərdə və hibrid hücumlarda günahlandırır.

Uçuşların pozulduğu Danimarka, Polşa və Rumıniya əvvəllər bu cür hibrid hücumların arxasında birbaşa Moskvanın dayandığını iddia ediblər. Almaniya avqustda Rusiyanı Leypsiq hava limanına hücum planlaşdırmaqda günahlandırmışdı.

Böyük Britaniya isə ABŞ-nin hərbi hava bazasına qarşı ehtimal edilən hücum planını İranla əlaqələndirib.

Həm Rusiya, həm də İran bu ittihamları rədd edib.

Baltik dənizində kabel sabotajı: rusiyalı kapitan və azərbaycanlı dənizçiyə hökm çıxarıldı

"Fitburg"
"Fitburg"

Noyabrın 5-də Finlandiya məhkəməsi "Fitburq" yük gəmisinin rusiyalı kapitanı və azərbaycanlı heyət üzvü barəsində hökm çıxarıb. Onlar ötən il Finlandiya körfəzində iki sualtı rabitə kabelini zədələməkdə və ağır sabotaj törətməkdə təqsirli biliniblər.

Finlandiya dekabrın 31-də Rusiyadan İsrailə gedən bu gəmini Finlandiya körfəzində saxlamışdı. Gəminin Helsinki ilə Estoniya arasındakı kabelləri zədələdiyindən şübhələnirdilər.

Helsinki rayon Məhkəməsi kapitanı 3 il 6 ay, azərbaycanlı heyət üzvünü isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qənaətinə görə, hər iki şəxs gəminin lövbər zəncirini və milini dənizin dibi ilə təxminən 130 kilometr məsafədə qəsdən sürükləyiblər.

Vəkillərin dediyinə görə, kapitan bu hökmdən apellyasiya şikayəti verəcək, azərbaycanlı dənizçi isə hələlik bununla bağlı qəti qərara gəlməyib.

Məhkəmə hər iki təqsirləndirilən şəxsin birlikdə 1.9 milyon avro təzminat ödəməsi barədə də qərar çıxarıb. Hökmə əsasən, kapitan fərdi olaraq daha 85 min avro ödəməlidir.

Sent-Vinsent və Qrenadin bayrağı altında üzən gəmi həmin vaxt Rusiyanın Sankt-Peterburq limanından İsrailə gedirmiş. Hadisədən sonra gəminin özü sərbəst buraxılıb.

Hazırda hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulub. Onlar hər hansı qanun pozuntusuna yol vermədiklərini deyir, həmçinin Finlandiya məhkəməsinin bu işə baxmaq yurisdiksiyasına etiraz edirlər.

Ümumilikdə gəminin 14 nəfərlik heyəti Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşlarından ibarət olub.

2022-ci ildən bəri Baltik dənizindəki kabellərə və boru kəmərlərinə zərər vuran oxşar hadisələrdən sonra Finlandiya sualtı infrastrukturunun mühafizəsini daha da gücləndirib.

Türkmənistan 'Şimal-Cənub' nəqliyyat dəhlizini genişləndirir

Yeni yol
Yeni yol

Türkmənistanda Qaraboğaz qəsəbəsini Qazaxıstan sərhədi ilə birləşdirən 44 kilometrlik avtomobil yolu açılıb. Yeni yol beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsidir.

Açılış mərasimi noyabrın 4-də keçirilib. Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov mərasimə videobağlantı vasitəsilə start verib.

Yeni yol Türkmənbaşı-Qaraboğaz-Qazaxıstan sərhədi avtomobil magistralının bir hissəsidir. Orient.tm nəşri bu yolun Qazaxıstan sərhədinə birbaşa çıxışı təmin etdiyini yazır.

Ümumi uzunluğu 207 kilometr olan Türkmənbaşı-Qaraboğaz avtomobil magistralının tikintisinə 2025-ci ilin noyabrında başlanılıb. Digər hissələrdə isə tikinti işləri davam edir.

S.Berdiməhəmmədov elə həmin gün Aşqabad-Daşoğuz yolunun təməlqoyma mərasimində də iştirak edib. Uzunluğu 550 kilometr olacaq bu magistral da "Şimal-Cənub" dəhlizinin bir hissəsinə çevrilməlidir.

"Şimal-Cənub" nəqliyyat dəhlizinə dair beynəlxalq sazişi 2000-ci il sentyabrın 12-də Rusiya, Hindistan və İran imzalayıb. Saziş 2002-ci ilin mayında qüvvəyə minib. Layihə Cənubi Asiya, Fars körfəzi ölkələri, Rusiya və Avropa arasında yükdaşımalar üçün alternativ marşrutun yaradılmasını nəzərdə tutur. Məqsəd Süveyş kanalı üzərindən keçən dəniz marşrutu ilə müqayisədə daşınma müddətini və xərclərini azaltmaqdır.

Sonradan bu sazişə Qazaxıstan, Belarus, Azərbaycan, Ermənistan və Türkiyə qoşulub. Türkmənistan isə layihənin iştirakçısına 2023-cü ildə çevrilib.

Bu nəqliyyat şəbəkəsi dəmir yolu, avtomobil və dəniz marşrutlarını birləşdirir və üç əsas istiqaməti əhatə edir: Azərbaycan üzərindən keçən qərb marşrutu, Qazaxıstan və Türkmənistandan keçən şərq marşrutu, həmçinin Rusiya və İranın Xəzər limanlarından istifadə etməklə formalaşan transxəzər marşrutu.

Ərdoğan Zelenski ilə danışıqlardan sonra Putinlə danışmaq istədiyini bildirib

R.T.Ərdoğan və V.Zelenski
R.T.Ərdoğan və V.Zelenski

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü – noyabrın 7-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Ərdoğan bundan sonra Ukraynadakı müharibəni bitirmək yollarını müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu bildirib.

O, jurnalistlərə deyib ki, xarici işlər naziri Rusiya və Ukrayna təmsilçilərinin Türkiyədə mümkün görüşünü təşkil etmək məqsədilə hər iki tərəflə danışıqlar aparır.

ABŞ-nin birinci xanımı Melaniya Trampın isə bu gün – noyabrın 5-də Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirəcəyi gözlənilir. "Reuters" agentliyinin məlumatına görə, Rusiyanı bu tədbirdə prezident Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev təmsil edəcək və o, ABŞ administrasiyasının rəsmiləri ilə görüşlər keçirəcək.

Ağ Evin yaydığı bəyanata görə, M.Tramp Rusiyanın işğalı altında olan Oleşki qəsəbəsi ətrafında altı günlük lokal atəşkəslə bağlı çıxış edəcək. O, bu atəşkəsin əldə olunmasında şəxsən vasitəçilik edib.

Bu səfərdən öncə – noyabrın 3-də Konqresə keçirilən aralıq seçkilərində demokratlar həm Senata, həm də Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər.

Kreml bildirib ki, Respublikaçılar Partiyasının məğlubiyyətinə baxmayaraq, Trampın sülhə nail olmaq səylərini davam etdirəcəyinə ümid bəsləyir.

Noyabrın 10-da isə ABŞ, Rusiya və Ukrayna rəsmiləri Əbu-Dabidə üçtərəfli görüş keçirəcəklər.

Oleşkidən 800 nəfər çıxarılıb

Rusiyanın nəzarətindəki Oleşki şəhərindən təxliyə olunanları daşıyan konvoy.
Rusiyanın nəzarətindəki Oleşki şəhərindən təxliyə olunanları daşıyan konvoy.

Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində atəşkəs oktyabrın 27-dən noyabrın 1-dək qüvvədə olub və "sükut rejimi" artıq başa çatıb. Bunu Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets bildirib.

Rusiya qoşunlarının işğalı altında olan Oleşkidə yerli əhali ərzaq çatışmazlığı şəraitində, aclıq həddində yaşayırdı. Atəşkəs ABŞ-nin Birinci ledisi Melaniya Trampın vasitəçiliyi ilə əldə olunub. O, X hesabında missiyanın uğurla başa çatdığını və 800-ə yaxın insanın təxliyə edildiyini yazıb. "Ümid edirəm ki, Oleşkidə əldə olunan nəticə iki ölkə arasında sülh üçün əsas olacaq", – M.Tramp əlavə edib.

Oleşkidən çıxarılmış mülki sakinlər şənbə günü – oktyabrın 31-də Ukraynaya qayıdıblar. Əvvəlcə onları Rusiyanın Anapa şəhərinə aparıb, oradan təyyarələrlə Belarusa, daha sonra isə avtobuslarla Ukrayna ərazisinə çatdırıblar. Şəhər sakinlərinin bir qismi isə Rusiyaya getmək istədiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya hərbçiləri humanitar fasilədən öz mövqelərini möhkəmləndirmək, bölmələrinin rotasiyasını aparmaq, logistika imkanlarını genişləndirmək, o cümlədən döyüş sursatı daşımaq üçün istifadə ediblər.

Dünyanın ən böyük kripto oğurluğu: 'Binance'dan 6.3 milyard dollar oğurlanıb

Bitkoin
Bitkoin

Hakerlər dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"dan 6.3 milyard dollar oğurlayıblar. "Reuters" agentliyinin məlumatına görə, analitiklər bu rekord məbləğdə oğurluğun arxasında Şimali Koreyanın dayandığını bildirirlər. Onların fikrincə, bu hadisə rəqəmsal aktivlərə olan etimadı ciddi şəkildə sarsıda bilər.

Bu xəbərin ardınca kriptovalyutaların qiymətində kəskin eniş qeydə alınıb.

"Binance" vəsaitlərin çıxarılmasını müvəqqəti dayandırıb və dəymiş ziyanı qarşılayacağını açıqlayıb. "Tether" və "Circle" kimi steyblkoin emitentləri, eləcə də ABŞ prezidenti Trampın dəstəklədiyi "World Liberty Financial" platforması oğurlanmış aktivlərin təxminən yarısını qısa müddətdə dondura biliblər.

ABŞ və Cənubi Koreya rəsmiləri, eləcə də kibertəhlükəsizlik ekspertləri bildirirlər ki, Şimali Koreya illərdir dövlətə bağlı kiberbölmələrdən casusluq, maliyyə oğurluqları və gəlir əldə olunması məqsədilə geniş yararlanır.

Şimali Koreya bu ittihamları qəti şəkildə rədd edir. Ölkənin Cenevrədəki nümayəndəliyi və Çindəki səfirliyi isə "Reuters"in şərh sorğularını cavabsız qoyub.

"Binance" istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu, oğurlanmış aktivlərin bir hissəsini dondurmaq üçün tərəfdaşları ilə birlikdə işlədiyini bəyan edib. İndiyədək təxminən 3 milyard dollarlıq aktivin yeri müəyyənləşdirilib və birja növbəti 48 saat ərzində vəsaitlərin çıxarılması xidmətini bərpa etməyi planlaşdırır.

Qalan 3.3 milyard dolların taleyi ilə bağlı isə hələlik heç bir məlumat verilməyib.

"Binance"in ilkin araşdırmasına əsasən, haker hücumu şirkət mühəndislərindən birinin noutbukunun sındırılması ilə başlaya bilərdi. Bununla da şirkətin daxili sistemlərindən birinə giriş əldə edilib və icazəsiz vəsait çıxarma əməliyyatları həyata keçirilib.

Davamı

XS
SM
MD
LG