'Dənizdə qalan neft' – ABŞ Rusiyaya niyə möhlət verdi?

"Fuga Bluemarine" xam neft tankeri Naxodka körfəzindəki Kozmino terminalı yaxınlığında lövbər salıb.

Vaşinqton Rusiyanın artıq dənizdə tankerlərə yüklənmiş neftinin satışı üçün nəzərdə tutulan möhləti uzadıb. ABŞ-nin maliyyə naziri Skot Bessent bildirib ki, bu addım enerji bazarlarını sabitləşdirmək və Çinin endirimli Rusiya nefti üzərindəki təsir imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu bu qərar ətrafında Vaşinqtonda ciddi fikir ayrılıqlarının yaşandığını yazır. Demokrat senatorlar Cinn Şahin və Elizabet Uorren möhlətin uzadılmasının Moskvaya qarşı iqtisadi təzyiqləri zəiflədə biləcəyini qeyd edirlər.

AzadlıqRadiosu bu məsələni ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) keçmiş müstəntiqi və şöbə rəhbəri Maykl Parker ilə müzakirə edib. Ekspert sanksiyaların yumşaldılmasının Vaşinqtonun ən mühüm diplomatik rıçaqlarından biri olaraq qalmasının səbəblərini izah edir.

M.Parker vurğulayır ki, uzadılmış bu ümumi lisenziya sonradan tankerlərə yüklənəcək yeni neft partiyalarını əhatə etmir: "Söhbət aprelin 17-dən bəri dənizdə qalan neftdən gedir. Bunu əvvəlki ümumi lisenziyanın əhatə etdiyi neftin satışı üçün nəzərdə tutulmuş çox dar və məhdud bir istisna hesab edirəm. Satış müddətinin uzadılması xaricində burada hər hansı ciddi güzəştdən söhbət gedə bilməz".

Maykl Parker

"Dənizdə qalan neft qlobal qiymətlərə təsir edəcək qədər çox deyil"

Bəs Moskva enerji qiymətləri kəskin yüksələndə Qərbin həmişə təzyiqi yumşaldacağı qənaətinə gələ bilərmi? Parker bu halda söhbətin ABŞ-nin strateji xəttindəki köklü dəyişiklikdən deyil, sadəcə bir neçə həftəlik texniki möhlətdən getdiyini vurğulayır. Digər tərəfdən, bu, yalnız aprelin 17-dən bəri dənizdə olan neftə aid çox dar çərçivəli xüsusi icazədir. Yəni, ABŞ-nin Rusiyaya qarşı sanksiya siyasətində yumşalma kimi qəbul edilə bilməz: "Məsələn, heç bir iri şirkət ABŞ-nin sanksiya siyahısından çıxarılmayıb. Rusiya nefti ilə bağlı genişmiqyaslı istisnalar da verilməyib. Bu, yalnız dənizdə qalan neftlə bağlı yaranmış spesifik vəziyyətə aiddir".

Bu arada dünya bazarlarında neftin qiyməti hələ də bir barel üçün 110 dollardan yuxarıdır. Sanksiyalardan möhlət bazarı ciddi şəkildə sakitləşdirmirsə, onda Vaşinqton məqsədinə çata bilirmi? Parker qeyd edir ki, ABŞ-nin iqtisadi sanksiyaları ölkənin xarici siyasət və milli təhlükəsizlik alətidir, buna görə də onların tətbiq və ya yumşaldılma hədəflərinə diqqət yetirmək lazımdır: "Sözügedən ümumi lisenziya çox dar çərçivədə hazırlandığı üçün onun məqsədi daha məhdud ola bilərdi – məsələn, müəyyən müttəfiq ölkələrə yardım göstərmək. Məncə, hazırda dənizdə qalan neftin həcmi o qədər də çox deyil ki, qlobal qiymətlərə ciddi təsir göstərsin. Deməli, ilkin məqsəd qlobal neft qiymətlərini aşağı salmaq olmaya da bilərdi. Hədəf konkret tərəfdaşlara dəstək vermək idi".

İranla bağlı "kökə və qamçı" taktikası

Rusiya neftinə sanksiya möhlətini uzadan Maliyyə Nazirliyi İrana qarşı isə daha sərt nəzarət tələb edir. Parker İranın fərqli bir hal olduğunu, ABŞ-nin 2015-ci il nüvə sazişi istisna olmaqla, Tehrana qarşı sanksiyaları davamlı olaraq sərtləşdirdiyini vurğulayır. O, nüvə sazişi çərçivəsindəki sanksiya yumşaldılmasını məşhur "kökə və qamçı" metodu ilə xarakterizə edir.

"Sanksiyalar danışıqların gedişatından və istiqamətindən asılı olaraq artırılıb-azaldıla bilən təsir vasitəsidir. ABŞ sanksiyalarının fundamental məqsədi hədəf ölkənin davranışını dəyişməkdir. OFAC hər böyük sanksiya qərarı zamanı rəsmi açıqlamalarında bu məqamı xüsusi vurğulayır. Məhdudiyyətlər statik yox, dinamik olmalıdır. Sanksiyalar sərtləşdiriləndə və ya yumşaldılanda əsas sual budur: hansı məqsədlə? Mən bunu sanksiyaların düzgün idarə olunması sayıram – təsir rıçağı yaratmaq və İranın ehtiyaclarından asılı olaraq sanksiya yumşaldılmasını ciddi danışıqlar alətinə çevirmək", – ekspert bildirir.

Müsahibənin geniş versiyası ilə burada tanış ola bilərsiniz.