Qırğızıstandan üç uşaq anası Aygül Rusiyada uşaqlarını məktəbə qoya bilmədiyindən vətənə qayıtmalı olub. O, yüzlərlə ortaasiyalı ailədən biridir. Ötən ilin sonunda həyat yoldaşı ilə birlikdə uşaqlarını da götürüb Bişkekdə birotaqlı mənzilə köçüblər.
"Yenidən miqrant həyatına başlayırıq, öyrənir, uyğunlaşır, araşdırırıq… nə var, kim var, nə etmək olar, ayırd edirik. Çətinliklər oldu, amma uşağı məktəbə qoya bildik. Beş ay işsiz qaldıq, indi, Allaha şükür, ərim işləyir", – Aygül danışır.
Onun ailəsi Rusiyadakı yeni qaydalardan dolayı qayıdıb. Qaydalara görə, miqrant uşaqlar məktəbə qəbul üçün rus dili imtahanından keçməli, valideynlər ölkədə qanuni qeydiyyatı təsdiqləməlidirlər.
Bu tələblərə cavab verən bir çox uşağı da məktəbə qəbul etməyiblər. Qırğızıstandan bir ana deyib ki, qızlarından biri imtahandan keçib, onları Rusiyada məktəbə aparıblar.
"Paltar, gərəkən hər şeyi almışdıq. Gül də almışdım. Ərimlə onları məktəbə apardıq. Bizi heç qapıdan buraxmadılar. Dedilər, yer yoxdur. Qızlarım səssiz dayanmışdılar. Başa düşdük ki, bu, bizim ölkəmiz deyil", – qadın danışır.
Sinifsiz uşaqlar
Yeni qanundan öncə də miqrant uşaqların məktəbə getməsi çətin olub.
Qırğız fəal Rahat Şeralı bildirir ki, Rusiyada bəzi uşaqlar iki-üç ildir məktəbdən kənar qalıb. "Hətta uşaq bütün hüquqi tələblərə cavab versə belə, məktəblər çox vaxt onu qəbul etməkdən imtina edir. Bu, ayrıseçkilik, ksenofobiyadır. Bəzi məktəblər hər sinifdə xarici şagirdlərin sayına məhdudiyyət qoyur. Bu, ciddi insan haqları pozuntusudur", – o deyib.
Digər insan haqları təşkilatları rus dili üzrə məcburi imtahanı sərt tənqid edir, bunu artan ksenofobiya fonunda Kremlin miqrantlara daha geniş təzyiq siyasətinin bir hissəsi sayırlar.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Amina' tətbiqi: miqrantlar üçün rahatlıq, yoxsa rəqəmsal nəzarət?
"Human Rights Watch" son hesabatında göstərir ki, "Rusiya hakimiyyəti dil biliklərini miqrant uşaqların təhsilə çıxışını məhdudlaşdırmaq üçün istisnaedici mexanizmə çevirir, uşaqları təhsilin verdiyi iqtisadi və sağlamlıq üstünlüklərindən də məhrum edir".
Qırğızıstanda 2025-ci ilin martında fəaliyyətə başlayan "Tunquç" onlayn məktəbi bəzi ailələrə kömək edir. Bu məktəb Qırğızıstanda əyani dərslərə qatıla bilməyən uşaqlar üçün nəzərdə tutulmuşdu, indi Rusiyanın yeni dil və qeydiyyat qaydalarından təsirlənən şagirdlərə də xidmət göstərir.
"Hazırda Rusiyadan təxminən 884 uşaq qeydiyyatdan keçib, bizimlə onlayn təhsil alır. Onları buradan izləyirik", – "Tunquç"un direktoru Aysuluu Jamanqulova deyir.
Qırğızıstanın hakim orqanları Rusiyanın məcburi dil imtahanından keçə bilməyib ölkəyə qayıdan uşaqların sayı ilə bağlı rəsmi rəqəmlər açıqlamayıb. Onların ümumi sayının "Tunquç"da qeydiyyatdan keçmiş 884 nəfərdən xeyli çox olduğu təxmin edilir.
Regional təsir
Rusiya təhsil qurumlarının 2025-ci ilin sentyabrında açıqladığı məlumata görə, sənədləşmə və test tələblərinə cavab verən miqrant uşaqların təxminən 19 faizi Rusiya dövlət məktəblərinə qəbul oluna bilib. Yəni, 80 faizdən çox uşaq məktəbə gedə bilməyib.
Qaydalar Orta Asiya ölkələrinə fərqli təsir göstərir: bəzi hökumətlər qayıdan uşaqları yaxından izləyir, digərləri isə ictimaiyyətə az məlumat verir, dəstək göstərmir.
Tacikistanda rəsmilər Rusiyada məktəbdən kənarda qalan 9 mindən çox uşağın geri döndüyünü təsdiqləyiblər. Bu, təkcə təhsil boşluğu deyil, daha geniş sosial problemlər də yaradır.
Tacikistanın İnsan Hüquqları üzrə Ombudsman Aparatında uşaq müdafiəsi şöbəsinin rəhbəri Suxayli Qodiri ötən həftə bildirib ki, qurumun əldə etdiyi məlumatlar narahatedicidir. "Rusiya tərəfi ilə bütün təmaslarımızda biz onlara bu dövlətin Uşaq Hüquqları Konvensiyası çərçivəsində öhdəliklərini xatırladırıq", – o deyib.
"Burada nəzarətdən kənar qalan digər məsələ uşaqların ailələrindən ayrı düşməsidir. Təəssüf ki, orada təhsilə cəlb olunmayan uşaqların bu ölkəyə qayıtma ehtimalı daha yüksəkdir. Müvafiq olaraq, valideynlərin də geri dönmə ehtimalı artır. Məşğulluğun olmaması isə sosial problemlər yaradır", – rəsmi əlavə edib.
Özbəkistanda isə dərsə gedə bilməyən uşaqlarla bağlı ictimai müzakirələr, demək olar ki, aparılmır.
"Təhsil müəssisələrindən xaric edilən uşaqlarla bağlı nə məlumat verilir, nə də ictimai müzakirə aparılır. Mümkün səbəblərdən biri odur ki, hökumət Rusiya ilə bağlı cəmiyyətdə mübahisə yarada biləcək mövzunu gündəmə gətirmək istəmir", – təhsil eksperti Komiljon Jalilov belə deyir.
Özbəkistanda bəzi müəllimlər və fəallar Qırğızıstandakı modelə bənzər onlayn platformanın yaradılmasını təklif ediblər. Amma bu təşəbbüsə hələlik rəsmi dəstək verilməyib.