Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ölkəni dərin iqtisadi böhrana sürükləyəcək və hökumətin sabitliyini pozacaq. Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) iyulun 29-da belə bir iddia ilə çıxış edib.
"Brüssel ümid etməməlidir ki, Aİİ ölkələri Yerevandakı siyasi komandanı batmağa qoymayacaq, onu suyun üzündə saxlayacaq və Avropa İttifaqına tərəf marafon üzgüçülüyünü maliyyələşdirəcək", - bəyanatda bildirilir.
"Putin referendum çağırışı etmişdi
Bu bəyanatdan əvvəl Rusiya prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanla telefonla danışıb. Məlumata görə, Putin Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Aİİ-dən çıxaraq Avropa İttifaqına üzv olması məsələsinin referenduma çıxarılmasının vacibliyini bir daha vurğulayıb. Paşinyan isə cavabında bildirib ki, hökumət Aİ-yə üzvlük üçün rəsmi müraciət etməyənədək belə referendum keçirilə bilməz. Ötən il "Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması" haqqında qanun qəbul edilsə də, hökumət hələ də rəsmi üzvlük ərizəsi verməyə tələsmir.
Putin bu ilin yazında bəyan edib ki, Yerevan artıq Avropaya inteqrasiya siyasəti ilə Aİİ üzvlüyünü eyni vaxtda davam etdirə bilməz. Sonuncu Ermənistan ixracatçılarına əsas bazarları olan Rusiyaya rüsumsuz çıxış imkanı verir. Bundan sonra Rusiya Ermənistandan idxal olunan kənd təsərrüfatı məhsulları və içkilərə qadağalar qoyub. Aİ isə Moskvanın iqtisadi təzyiq siyasətinə cavab olaraq Paşinyan hökumətinə təcili 52 milyon avro (60 milyon dollar) maliyyə yardımı ayırıb və Rusiya sanksiyalarına məruz qalan Ermənistan məhsullarını öz bazarına çıxarmağa hazır olduğunu bildirib.
SVR-in iddiaları
"SVR-in əldə etdiyi məlumata görə, Brüssel Yerevanın Avrasiya İqtisadi İttifaqından kənarda qalacağı halda, Ermənistanın dərin iqtisadi böhranla üzləşəcəyinin qaçılmaz olduğunu etiraf edir", – Rusiya kəşfiyyatı bildirib.
SVR həmçinin iddia edir ki, Aİ Ermənistanın milyardlarla dollar iqtisadi itkilərini kompensasiya edə bilməyəcəyini başa düşsə də, Paşinyana Rusiyanın strateji sektorlardakı biznes iştirakını azaltmaq, Rusiya ilə humanitar əlaqələri kəsmək və buna qarşı çıxan daxili siyasi qüvvələri sıxışdırmaq üçün təzyiq göstərir.
Brüssel və Ermənistan hökuməti hələlik bu iddialara münasibət bildirməyib. Paşinyan daha əvvəl demişdi ki, ölkəsi öz iradəsinə zidd olaraq Aİİ-dən çıxarıla bilməz.
Ermənistan hökumətinin məlumatına görə, bu ilin ilk beş ayında Rusiyanın ölkənin xarici ticarətində payı 28 faiz təşkil edib. Müqayisə üçün, Avropa İttifaqının payı 16.7 faiz olub. Bundan əlavə, Ermənistanın işlətdiyi təbii qazın böyük hissəsini Rusiya güzəştli qiymətə verir.