Rusiya gəmiləri Xəzərlə İrana yanacağı belə çatdırır

Əmirabad limanında "dost" İran bayrağı qaldırılmış "Volqoneft-256" tankeri.

Martın 19-da İsrail İranın Xəzər dənizindəki limanları və hərbi gəmisinə zərbə endirib. ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə əməliyyatlara başlayandan Rusiya gəmiləri Xəzərdən İrana yanacaq və digər məhsulların çatdırılmasını davam etdirir.

AzadlıqRadiosunun rus xidməti yazır ki, İsrailin vurduğu Bəndər-Ənzəli limanı təkcə hərbi baza deyil, həm də böyük yük limanıdır, İranla Rusiya arasında davamlı məhsul mübadiləsi burada aparılır. Martın 16-da bu limandan Həştərxana "Pola Yaroslava" quru yük gəmisi yol salınıb. Bu gəmi 2023-cü ilin fevralından ABŞ-nin sanksiya siyahısındadır.

Martın 19-da isə Bəndər-Ənzəlidə 2022-ci ildən Amerikanın sanksiyaları altında olan "Rasul Qamzatov" və "Pola Feodosiya" gəmiləri dayanmışdı. Hər ikisi İrana Həştərxandan gəlmişdi.

İranın Xəzər sahillərində 400 km şərqdə isə Əmirabad limanı yerləşdir. 2023-cü ilin yazında Britaniyanın "SkyNews" telekanalı məqaləsində bir mənbəyə istinadla yazırdı ki, İran məhz bu liman vasitəsilə Rusiyaya gizlicə 100 milyon patron və 300 minə yaxın artilleriya mərmisi göndərib.

Ekspertlər ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasından Rusiyanın qazandığını deyirlər. "The Financial Times" hesablayıb ki, müharibə nəticəsində neftin bahalanması Rusiya xəzinəsinə günə 150 milyon dollar qazandırır.

Bu arada İranla Xəzər dənizinə çıxışı olan ölkələr arasında aktiv ticarət davam edir. İrana Rusiyadan yanacaq da çatdırılır.

Bəndər Ənzəli limanının peyk görüntüsü.

İranla Rusiyanın ticarəti "Şimal-Cənub" dəhlizindən keçir

"Radio Svoboda" yazır ki, son həftələr Əmirabad limanında bir neçə Rusiya gəmisini görmək olardı. Onlar da Ukraynadan oğurlanmış buğda, yaxud silah daşınmasına görə ABŞ, Aİ və Ukraynanın sanksiyaları altındadır. "Nikolay Leonov", "Astrol-1", "Staropolye" gəmiləri bu sıradadır.

Azərbaycandan ekspert Dalğa Xatunoğlu deyir ki, Rusiya İrana marşrut boyunca "Volqoneft" tipli bir neçə tankerdən istifadə edir, amma onlar əsasən neft məhsulları daşıyır, xam neft deyil. "2024-cü ildən İran Rusiyadan benzin və dizel yanacağı da idxal edir, amma bu daşımaların böyük hissəsi Orta Asiyadan quru yolu ilə daşınır", – o əlavə edir.

Təhlilçinin sözlərinə görə, İranla Rusiya arasında ticarət, əsasən, Azərbaycan ərazisindən keçməklə "Şimal-Cənub" nəqliyyat dəhlizi boyunca gerçəkləşdirilir.

"Əvvəllər dəfələrlə bildirilib ki, İranla Rusiya arasında silah daşımaları hava ilə, yaxud Orta Asiyadan quru yolu ilə gerçəkləşdirilir. Məsələn, İkinci Qarabağ müharibəsi vaxtı Rusiyadan Ermənistana silah Orta Asiyadan və İrandan keçməklə göndərilirdi". – D.Xatunoğlu deyir.

İran və Rusiya arasında tanker və quru yük gəmilərinin hərəkət marşrutu

Xəzər üçün risklər

"Radio Svoboda" neft məhsulları daşımalarının Xəzər dənizi üçün ekoloji risklərindən yazır. 2024-cü ilin dekabrında Rusiyanın iki tankeri Kerç boğazında fırtınaya düşüb. Tankerlərdə 8 min tona yaxın mazut olub, onun nə qədərinin dənizə axdığı bəlli deyil.

Rusiya hərbçiləri də öz növbələrində Xəzərin ekosisteminə ziyan vururlar, onun akvatoriyasından Ukraynaya raketlər buraxırlar.

Təhlilçi D.Xatunoğlunun fikrincə, Xəzər dənizinin İranın hərbi potensialının möhkəmləndirilməsində rolu böyük deyil. Üstəlik, müharibənin bu regionda genişlənməsi ABŞ və Avropanın maraqlarına uyğun gəlmir.