Lavrov: Rusiyada Höte İnstitutunun filialları bağlanacaq

Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın Höte İnstitutunun ölkədəki hər üç filialının bağlanacağını açıqlayıb. Lavrov bunu sentyabrın 3-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışında deyib.

"Bizim mədəniyyət mərkəzimizi oradan qovandan sonra onlar da bağlanacaq. Yoxsa özümüzə hörmət etmərik", – Lavrov Almaniya rəhbərliyinin Berlindəki Rusiya Mədəniyyət Mərkəzi –"Rus Evi"ni bağlamaq qərarını belə şərh edib.

Lavrov deyib ki, Höte İnstitutunun Moskvada, Peterburqda və Yekaterinburqda şöbələri var. İnstitut isə Rusiyadakı üçüncü filialının Yekaterinburqda deyil, Novosibirskdə yerləşdiyini bildirir. Bunu "Deutsche Welle" yazır.

"Rossotrudniçestvo"nun rəhbəri İqor Çaykanın dediyinə görə, Berlindəki "Rus Evi"nin fəaliyyətinin əsasında duran 2011-ci il tarixli hökumətlərarası saziş ikitərəflidir və Rusiyadakı Höte mərkəzlərinin fəaliyyətini də tənzimləyir.

Almaniya hakimiyyəti 2026-cı il avqustun 4-də Leypsiq hava limanında partlayıcılar yüklənmiş dron aşkarlandıqdan sonra Berlindəki "Rus Evi"ni və Rusiyanın Bonndakı baş konsulluğunu bağlamaq qərarına gəlib. Berlin Moskvanı hücum cəhdində rəsmən ittiham edib.

Lavrov isə Almaniya hakimiyyətinin gəldiyi nəticələri "ehtimal", "fərziyyə" və "təxmin" adlandırıb. Onun sözlərinə görə, Leypsiqdə "hansısa yerə düşmüş" dron tapılıb və sadəcə onun Rusiyanın istifadə etdiyi dronlara bənzədiyi qənaətinə gəliblər.

Höte İnstitutu dünyanın müxtəlif ölkələrində Almaniyanın mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Burada alman dili tədris olunur, Almaniya mədəniyyəti tanıdılır. İnstitut Rusiyada 1992-ci ilin oktyabrında fəaliyyətə başlayıb.