Keçid linkləri

2026, 16 Sentyabr, çərşənbə, Bakı vaxtı 08:07

Aİ nazirləri rusiyalılara qarşı yeni viza məhdudiyyətləri ideyasını dəstəkləyir

Kaya Kallas
Kaya Kallas

Avropa İttifaqı (Aİ) Moskvaya qarşı sanksiyaların icrasına nəzarəti sərtləşdirmək niyyətindədir. Bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bildirib.

"Sanksiyalara əməl olunmasına nəzarətin sərtləşdirilməsi ilə bağlı yeni təkliflər üzərində işləyirik, yeni sanksiyaların tətbiqini davam etdiririk. Avropanı qorxutmaq cəhdləri uğursuz olacaq", – Kallas sentyabrın 2-də İrlandiyada Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.

Kallasın sözlərinə görə, Rusiyanın keçmiş döyüşçülərinin Aİ-yə girişinə qadağa qoyulması, rusiyalı turistlər üçün viza məhdudiyyətlərinin sərtləşdirilməsi ideyasına nazirlər arasında "geniş dəstək" var.

Bir sıra nazirlər Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə məsələsinə də toxunublar. Kallas bu müzakirələrin davam etdiriləcəyini söyləyib.

AzadlıqRadiosunun rus xidməti Kallasa istinadla yazır ki, Aİ üzvləri Ukraynanın Rusiyanın hücumlarına müqavimətinə kömək üçün əlavə dəstək vəd ediblər.

AzadlıqRadiosunun Avropa məsələləri üzrə müxbiri Rikard Yozvyakın bu həftə verdiyi xəbərə görə, Avropa Rusiyada, ilhaq olunmuş Krımda və Şimali Koreyada fəaliyyət göstərən uşaq düşərgələrinə, Ukraynanın Rusiya ordusunun nəzarətində olan ərazilərində təhsil sahəsinə cavabdeh məmurlara yeni sanksiyalar tətbiq edə bilər.

Yeni sanksiyaların Tatarıstan rəhbəri Rüstəm Minnixanova da şamil oluna biləcəyi bildirilir. Brüssel ümumilikdə 1600 fiziki və hüquqi şəxsə sanksiyalar hazırlayır. Məhdudiyyətlərin oktyabrda təsdiqlənməsi planlaşdırılır.

NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldə birgə mətbuat konfransında
NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldə birgə mətbuat konfransında
2 sentyabr

Aİ dron hücumundan sonra Rusiyaya cavab verməyə hazırlaşır

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyir ki, Almaniyada aeroporta dronla hücum cəhdindən sonra Rusiyaya təzyiq, yeni sanksiyalar artırılacaq. Onun sözlərinə görə, bu hadisə Moskvanın getdikcə daha "məsuliyyətsiz" davrandığını göstərir.

Ötən ay Leypsiq aeroportunun əməkdaşları partlayıcı və detonator yerləşdirilmiş dron aşkarlayıblar. Bu hava limanı mühüm mülki yükdaşıma və NATO-nun logistika mərkəzidir. Burada Ukraynanın bir neçə nəhəng "Antonov An-124" yük təyyarəsi də yerləşir.

Almaniya hücum cəhdinə görə Moskvanı ittiham edir. Rusiya isə ittihamı rədd edib.

"Avropa və NATO Rusiyaya təzyiqi sadəcə davam etdirməyəcək, onu gücləndirəcəyik. Rusiya Ukraynada günahsız uşaqları, kişiləri və qadınları bombalamağı və öldürməyi dayandıranadək dayanmayacağıq", – fon der Lyayen Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra bildirib.

Yeni sanksiyaların tam miqyası hələlik açıqlanmayıb.

1 sentyabr

Almaniya dron hücumuna cavab olaraq Rusiya Evini bağlayır

Almaniya avqustun 4-də Leypsiq hava limanına partlayıcı daşıyan dronlarla hücum cəhdinə görə rəsmən Rusiyanı ittiham edib. Almaniya bu hücuma cavab olaraq Rusiyanın Bonndakı konsulluğunu və Berlindəki Rusiya Evini bağlamaq qərarı verib. Beləliklə, Rusiyanın Almaniyada cəmi bir konsulluğu (Berlində) qalacaq.

"Deutsche Welle"nin məlumatına görə, Almaniya ölkəyə gələn Rusiya vətəndaşları üçün sərhəddə yoxlamaları da sərtləşdirəcək. Bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful məlumat verib.

Dobrindtin sözlərinə görə, Rusiyanın bu insidentdə iştirakı dronun tənzimləmələri və onun digər hibrid hücumlarda istifadə olunmuş xüsusi detalları araşdırıldıqdan sonra üzə çıxıb.

Avqustun 4-nə keçən gecə Leypsiq hava limanı yaxınlığında partlayıcı quraşdırılmış dron ələ keçirilib. Ehtimallara görə, o, Ukrayna üçün silah daşıdığı bildirilən "An-124" yük təyyarəsinə hücum etmək istəyirmiş. Hadisədən az sonra həmin ərazidə daha bir pilotsuz uçuş aparatı aşkarlanıb.

NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu insidentlə bağlı Almaniya ilə tam həmrəy olduqlarını bəyan ediblər. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas isə vurğulayıb ki, Rusiyanın bu cür hibrid əməliyyatları onları Ukraynaya dəstək verməkdən çəkindirməyəcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Almaniyadakı konsulluğun və Rusiya Evinin bağlanmasına mütləq cavab verəcək.

XS
SM
MD
LG