ABŞ prezidenti Donald Tramp bildirib ki, Moskvanın NATO ölkələrinə hücum edəcəyinə inanmır. Bu arada Rusiya prezidenti Vladimir Putinin Baltikyanı ölkələrdən birinə və ya NATO-nun başqa üzvünə hücum edə biləcəyi ilə bağlı narahatlıqlar artır.
Tramp avqustun 27-də jurnalistlərə deyib ki, Putinlə “yaxşı danışıqları” olub, Rusiya prezidenti “NATO ərazisinə hücum etməyəcək”. O, danışıqların nə vaxt keçirildiyini açıqlamayıb.
“Buna görə heç narahat deyiləm. Heç bir problem yoxdur”, – Axios nəşri yazır ki, Tramp bundan əvvəl Rusiyanın NATO ölkəsinə qarşı mümkün təxribatı ilə bağlı suala cavabında belə deyib.
Kreml isə Moskvanın NATO-ya hücum edə biləcəyi barədə ABŞ mediasında yayılan xəbərləri “qorxu hekayələri” adlandırlb.
Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) direktorunun bu həftə Moskvaya qəfil səfəri bu mövzu ətrafında müzakirələri daha da qızışdırıb.
NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsi Qərbi Avropanın təhlükəsizliyinin əsasında dayanır. Bu maddəyə görə, alyansın bir üzvünə hücum bütün üzvlərə hücum sayılır.
Tramp: “Heç bir mesaj olmayıb”
Bu arada AzadlıqRadiosunun gördüyü məktub Baltikyanı ölkələrdə Rusiyanın mümkün təcavüzü ilə bağlı narahatlığın artdığını göstərir. Üç avrokomissarın Avropa Komissiyasının prezidentinə yazdığı məktubda “hava məkanının pozulması və dron müdaxiləsi hallarının artması” fonunda “təhlükəsizlik mühitinin pisləşməsindən” söz açılır.
Mənbələrin AzadlıqRadiosuna dediyinə görə, MKİ rəhbəri Con Retkliff Moskvaya Kremli ABŞ-nn müttəfiqlərinə, xüsusilə Estoniya, Latviya və Litvaya hücumdan çəkindirmək üçün gedib.
“Axios”un məlumatına görə, Tramp Retkliffin rusiyalılara belə bir xəbərdarlıq etmədiyini deyib:
“Retkliff rusiyalı həmkarı ilə hər altı aydan bir və ya ildə bir dəfə görüşür. Onların çox yaxşı münasibətləri var. Heç bir mesaj olmayıb və qeyri-adi heç nə baş verməyib”.
Sonradan Oval kabinetdə jurnalistlərin bu məsələ ilə bağlı sualına cavabında isə Tramp fərqli danışıb:
“Bunu şərh etmək istəmirəm, amma onlar NATO-ya hücum etməyəcəklər”.
“The New York Times”ın rəsmilərə istinadla yazdığına görə, Retkliff rusiyalı həmkarına Ukraynaya qarşı müharibənin durumu ilə bağlı bədbin qiymətləndirmə təqdim edib, Kremli hərbi və iqtisadi vəziyyəti daha da pisləşməmişdən əvvəl razılığa gəlməyə çağırıb.