Moskva erməniləri ölkələrini 'xilas etməyə' çağırır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

Rusiya iyunun 3-də Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönlü xarici siyasətini növbəti dəfə tənqid edib və erməniləri öz ölkələrini "xilas etməyə" çağırıb. Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Paşinyan isə bildirib ki, rəhbərlik etdiyi partiya bazar günü keçiriləcək seçkilərdə qalib gələrsə, Rusiyanı Ermənistan məhsullarına idxal embarqosunu qaldırmağa razı sala biləcək.

"Ermənistanı Ermənistan vətəndaşları xilas etməlidir. Onların indi seçkilərdə milli maraqları nəzərə alaraq, öz ölkələrinin xeyrinə seçim etmək üçün bütün imkanları var", – deyə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə bildirib.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov da Ermənistanın seçim etməli olduğunu vurğulayıb. Rusiya xəbər agentliklərinin Ryabkovdan gətirdiyi sitatda deyilir: "Ümid edirik ki, bu seçim tarixən doğru seçim olacaq; həmişə erməni xalqına fayda vermiş Rusiya ilə ənənəvi, dərin və qardaşlıq münasibətlərinin gücləndirilməsinin xeyrinə ediləcək".

Moskvadan Ermənistana iqtisadi zərbə

Moskva son iki həftə ərzində Rusiyaya ixrac olunan Ermənistan məhsullarının böyük hissəsinin idxalını faktiki olaraq qadağan edib. Bu məhdudiyyətlərin Rusiya bazarından ciddi şəkildə asılı olan erməni fermerlərinə, aqrobiznes şirkətlərinə və spirtli içki istehsalçılarına ağır zərbə vuracağı gözlənilir.

Paşinyan ölkənin şərqində yerləşən Geğarkunik vilayətində keçirilən seçki mitinqində deyib ki, yenidən seçiləcəyi təqdirdə bu qadağalar aradan qaldırılacaq. O, iyunun 1-də Rusiya prezidenti Vladimir Putinlə "dostcasına" telefon danışığı apardığını xatırladıb: "Razılaşdıq ki, seçkilərdən sonra yenidən Moskvaya gedəcəyəm, görüşəcəyik və bütün açıq qalan məsələləri həll edəcəyik".

Amma Putin və Paşinyanın telefon danışığından dərhal sonra Moskva idxal qadağalarını Ermənistandan gətirilən əlavə meyvə və tərəvəz növlərinə də şamil edib. Ermənistanın baş naziri isə iyunun 2-də verdiyi bəyanatda hökumətin artıq həmin məhsullar üçün Avropa İttifaqında (Aİ) yeni ixrac bazarları axtardığını bildirib.