Ukrayna dronları NATO-nun hava məkanına necə keçir?

Latviya səmasında Ukrayna dronu

Son həftələr Ukrayna dronları Baltikyanı ölkələrin hava məkanına daxil olaraq çaşqınlıq yaradıb və Rusiya ilə gərginliyi artırıb.

"Reuters" bu halların Ukraynanın Rusiyanın Baltik dənizindəki limanlarına partlayıcı dronlarla ağır zərbələr endirdiyi bir vaxtda baş verdiyinə diqqət çəkir. Rusiyanın neft-qaz ixracının təxminən 40 faizi həmin limanlar vasitəsilə həyata keçirilir.

Kiyev və Baltikyanı ölkələr dronların Ukraynaya məxsus olduğunu təsdiqləyir, amma onların marşrutdan yayınmasına görə Rusiyanı günahlandırırlar. Onların iddiasına görə, Rusiya siqnalları boğan və ya saxtalaşdıran elektron müdafiə sistemlərindən istifadə edir.

Həm Rusiya, həm də Ukrayna bu cür qurğulardan düşmənin dron və raketlərinin naviqasiyasını pozmaq üçün geniş şəkildə istifadə edir.

Rusiya iddia edir ki, Baltikyanı ölkələr Ukrayna dronlarına öz hava məkanından keçib Rusiya hədəflərini vurmağa icazə verir. Baltikyanı ölkələr və Ukrayna bunu təkzib edir.

NATO üzvü olan Litva, Latviya və Estoniya isə Rusiyanı onları qorxutmaq üçün eskalasiya ritorikasına əl atmaqda günahlandırırlar.

"Reuters" yazır ki, dronlar ziyan vurmasa da, narahatlıq artır.

Narahatlıq artır

Mayın 20-də Vilnüsə yaxınlaşan dron Litvada deputatları sığınacağa girməyə məcbur edib.

Litva prezidentinin xarici siyasət müşaviri Asta Skaysqirite bildirib ki, Baltik regionu xüsusilə gərgin mərhələyə daxil olub, çünki Ukraynanın dron müharibəsindəki irəliləyişi uzaqmənzilli hücumları daha təsirli edib. O, Rusiyanın dronları bilərəkdən qonşu dövlətlərin hava məkanına yönləndirə biləcəyini istisna etməyib.

Estoniya rəsmiləri Ukraynaya bildiriblər ki, dronlar üzərində daha yaxşı nəzarət gözləyirlər.

Ukraynadakı hərbi mənbənin sözlərinə görə, Rusiyanın Ukrayna dronlarını Baltik hava məkanına necə yönləndirdiyini müəyyən etmək üçün "ciddi" araşdırma aparılır.

İsveçdən olan yüksək vəzifəli hərbi mənbə isə agentliyə bildirib ki, Ukrayna dronları bilərəkdən Rusiya ilə Baltik sərhədinə yaxın uçur – yəni onlardan bir növ qalxan kimi istifadə edir, çünki Rusiyanın NATO ərazisinə atəş açaraq birbaşa qarşıdurma riskini almaq istəməyəcəyini düşünür.

Ukrayna Xarici İşlər Nazirliyi bunu təkzib edib. Nazirlik Rusiyanı dronları bilərəkdən Baltikyanı ölkələrə yönəltmək üçün siqnalları pozmaqda ittiham edir.

Rusiyanın Vilnüs və Stokholmdakı səfirlikləri "Reuters"in sorğularına cavab verməyib.