Ukrayna rəsmiləri Rusiyanın Kiyevə sistemli zərbələr endirmək təhdidlərindən sonra ABŞ səfirliyi əməkdaşlarının ölkəni tərk etməsi barədə məlumatları təkzib edib. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi mayın 28-i səhər saatlarında bəyan edib.
XİN-in sözçüsü Georqi Tixiy vurğulayıb ki, Rusiya təhdidlərindən sonra heç bir səfirlik Kiyevi tərk etməyib.
Bundan əvvəl Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas Kiprdə Aİ xarici işlər nazirlərinin toplantısından öncə bildirib ki, "bir səfirlik istisna olmaqla" bütün səfirliklər Kiyevdədir. Onun dediyinə görə, Aİ ölkələrinin səfirlikləri Ukrayna paytaxtında qalır, "amma Amerika gedib". Kallas konkret nəyi nəzərdə tutduğunu açıqlamasa da, media onun sözlərini amerikalı diplomatların Kiyevi tərk etməsinin təsdiqi kimi yozub.
ABŞ-nin Kiyevdəki səfirliyi mayın 28-i səhər saatlarında yaydığı bəyanatda fəaliyyətini adi rejimdə davam etdirdiyini bildirib.
ABŞ dövlət katibi Marko Rubio bundan əvvəl demişdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ondan prezident Donald Trampa Rusiyanın Kiyevə zərbələr endirmək niyyətində olduğunu çatdırmasını istəyib.
AzadlıqRadiosunun rus xidməti yazır ki, mayın 26-da səhər rusiyameylli bloqerlər ABŞ diplomatlarının guya Kiyevi tərk etdiyini göstərən süni intellektlə hazırlanmış görüntülər paylaşmağa başlayıblar.
ABŞ son bir ildə müharibənin dayandırılması üçün vasitəçilik etməyə çalışır. Amma Vaşinqton Ukrayna və 40-a yaxın ölkənin BMT-də yaydığı, Rusiyanın təhdidlərini pisləyən bəyanatına qoşulmayıb.
25 may
Lavrovdan Rubioya təcili zəng: 'ABŞ diplomatlarını Kiyevdən çıxarın'
Rusiya Kiyevi "ardıcıl və sistemli" zərbələrlə təhdid edib. Moskvanın baş diplomatı ABŞ vətəndaşlarını Ukrayna paytaxtını tərk etməyə çağırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 25-də ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında ona ABŞ diplomatik heyətini və Amerika vətəndaşlarını Kiyevdən çıxarmağı tövsiyə edib. Bundan bir gün əvvəl, mayın 24-də Moskva Ukraynanın Kiyev vilayətini yüzlərlə dron və yeni güclü hipersəs raketi ilə vurub.
Moskva təhdidlərinin artmasını ötən həftə Ukraynanın Rusiya işğalı altında olan Luqansk bölgəsində məktəb yataqxanasına edilən hücumla əsaslandırır. Yerli rəsmilər Starobilsk şəhərində 20-dən çox insanın öldüyünü bildiriblər. Rusiya rəsmiləri Ukraynanı mülki obyekti qəsdən hədəf almaqda ittiham ediblər. Rusiya prezidenti Vladimir Putin ötən həftə qeyri-adi dərəcədə sərt çıxışında Kiyevi terrorizmdə günahlandırıb.
Ukrayna hərbi rəsmiləri isə qüvvələrinin Rusiyanın dron bölməsinin qərargahını vurduğunu, mülki obyektləri hədəfə almadığını bildiriblər.
Lavrovdan "ardıcıl və sistemli zərbələr" xəbərdarlığı
Mayın 24-də Kiyev və Ukraynanın digər şəhərləri genişmiqyaslı dron və raket hücumuna məruz qalıb. Bu, son dövrlərdə Ukrayna paytaxtına edilən ən ağır hücumlardan biri sayılır; hadisə nəticəsində azı üç nəfər ölüb, onlarla insan yaralanıb.
Rusiya Kiyevin cənubundakı bir şəhərə nüvə başlığı daşıya bilən "Oreşnik" raketi də atıb. Bu addımın Ukraynaya xəbərdarlıq siqnalı olduğu görünür. Bununla Rusiya Ukraynada "Oreşnik" raketindən üçüncü dəfə istifadə edib, Kiyev yaxınlığındakı obyekti isə ilk dəfə vurub.
Lavrov Rubio ilə telefon danışığında Kiyevdəki hərbi obyektlərə və qərarqəbuletmə mərkəzlərinə "ardıcıl və sistemli" zərbələr planlaşdırıldıqları barədə xəbərdarlıq edib. O, amerikalı həmkarına ABŞ vətəndaşları ilə diplomatlarının Kiyevdən çıxarılmasını məsləhət görüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin digər bəyanatında isə Ukraynadakı bütün xarici diplomatik nümayəndəliklərin Rusiyanın ehtimal olunan yeni zərbələri barədə məlumatlandırıldığı bildirilir.
"Müharibə başa çatmalıdır"
ABŞ Dövlət Departamenti Rubio ilə aparılan danışıq barədə ətraflı bəyanat yaymayıb. Amma Rubio Hindistana səfəri zamanı jurnalistlərə açıqlamasında Lavrovun tövsiyəsini və təhdidini təsdiqləyib.
"Məncə, o, sadəcə bunu mənə şəxsən çatdırmaq üçün zəng etmişdi. Kiyev artıq bir neçə ildir kifayət qədər təhlükəli bir yerdir. Bu müharibə uzandıqca, gərginliyin artması və prosesin yeni bir mərhələyə keçməsi təhlükəsi hər zaman qalır", —Rubio vurğulayıb. ABŞ rəsmisi "Məhz buna görə də müharibə başa çatmalıdır", — deyə fikrini tamamlayıb.
Rubio, eyni zamanda, Vaşinqtonun vasitəçiliyi ilə Moskva və Kiyev arasında aparılan sülh danışıqlarının dayandığını təsdiqləyib.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı artıq beşinci ilinə keçsə də, faktiki olaraq dalana dirənib. Ukrayna qüvvələri 1100 kilometrlik cəbhə xəttinin böyük hissəsində Rusiya qoşunlarının irəliləməsini dayandıra biliblər.