36 yaşlı Yeqor Sabıniç Rusiyanın şimalındakı Petrozavodsk şəhərində dostları ilə yeyib-içəndən sonra ayıltma mərkəzində ayıldığını zənn edib. Sonradan hərbi komissarlıqda olduğunu anlayıb. Dörd uşaq atasını polisin saxladığı, sərxoş halda məcburi hərbi müqavilə imzaladığı bildirilir.
"Onu aldadıblar. Əminəm ki, nəyi imzaladığını bilməyib", – qohumlarından biri AzadlıqRadiosunun "North.Realities" layihəsinə deyib.
Rusiyanın insan haqları təşkilatları bu cür halların getdikcə artdığını – sərxoş kişilərin hərbi müqavilələri imzalamağa məcbur edildiyini, yaxud bunu etmək üçün aldadıldığını bildirirlər.
"Vətəndaş və Ordu" hüquq müdafiə qrupundan Sergey Krivenko deyib ki, onların təşkilatı getdikcə daha çox bu cür şikayət alır.
"Ya sərxoş halda olanın əvəzinə imza atırlar, hərfən əlini tutub imzaladırlar, ya da onu buna razı salırlar. Ayılanda isə ona deyirlər: "Bax, imzalamısan, bitdi. İndi ya hərbi komissarlıq, ya da həbsxana. Mənimlə gəl, yoxsa həbs olunacaqsan", – Krivenko bildirib.
Rusiya ordusunun canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi deyilir.
Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, 2026-cı ilin yanvarında Rusiyanın itki səviyyəsi yeni cəlb olunanların sayını ötüb.
Cəbhəyə kimlər getməyib...
Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri yalnız bir dəfə – 2022-ci ildə qismən səfərbərlik elan edib. Bu qərar rəsmən ləğv olunmayıb və Kreml qüvvələrini davamlı olaraq yeni cəlbetmə kampaniyaları ilə doldurur.
Müharibəyə məhbuslar, cinayət istintaqı altında olan şəxslər, xarici vətəndaşlar da cəlb edilib. Bəzi müqaviləli hərbçilər cəbhəyə yüksək maaş və bonuslara görə gedir. Amma hüquq müdafiəçiləri deyirlər ki, getdikcə daha çox məcburiyyətə əl atılır.
Yeni çağırışçılar Rostovda hərbi xidmət üçün səyyar çağırış məntəqəsinin yaxınlığında oturublar.
Adının açıqlanmasını istəməyən yerli vəkilin sözlərinə görə, polis bəzən sərxoş şəxslərə bir bəhanə ilə müqavilə imzaladır: "Bəzən polis əməkdaşı sərxoş şəxsə müqavilə verib deyir ki, bu, axtarışın təsdiqlənməsidir. Şəxs imzalayır, sonra anlayır ki, hərbi xidmətə cəlb olunub".
Bu hallarda məhkəmələrə və prokurorluğa şikayətlər verilir: "Hətta sənədi həmin şəxs imzalamasa belə, bunu sübut edənəcən müharibədə bir neçə dəfə ölə bilər".
Alkoqol, narkotik və qumar
Eyni zamanda, alkoqol, narkotik və qumar asılılığı olanların hərbi xidmətə cəlbi ilə bağlı məlumatlar da artır.
"Farewell to Arms!" layihəsinin hərbi analitiki Aleksey Alşanski deyir ki, vəziyyət ildən-ilə daha acınacaqlı olur: "Proses artıq iri şəhərlərdən kəndlərə və ucqar ərazilərə keçib. Orada hüquq-mühafizə orqanları yerli siyahılar əsasında alkoqol asılılığı olan şəxsləri xüsusi olaraq axtarıb tapır".
Qrup pul qarşılığında könüllü cəlbetmənin də çətinləşdiyini bildirir. Buna görə də planı doldurmaq üçün hətta alkoqol asılılığı olanları da cəlb edirlər, çünki hər yeni şəxs üçün bonus alırlar.
Təhlilçilər keyfiyyətin də düşdüyünü deyirlər.
"Rusiya hərbi rəhbərliyinə peşəkar əsgərlər yox, sadəcə "top yemi" lazımdır", – bunu isə "Fletcher" Hüquq və Diplomatiya Məktəbinin eksperti Pavel Luzin AzadlıqRadiosuna bildirib.
Yeni səfərbərlik elanını ictimaiyyət xoş qarşılamaya bilər, Kreml də rəsmən belə bir qərar elan etməkdən yayınır. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın belə planlarının olmadığını deyib.
Luzinin fikrincə, Rusiya hərbi rəhbərliyində əsas müzakirə yeni səfərbərlik dalğası deyil, mövcud resursların hamısını müharibəyə yönəltmək ətrafında gedir.