Keçmiş senatoru silah sövdələşməsində 1 milyonluq rüşvət iddiası ilə saxlayıblar

Donetsk bölgəsində cəbhə xətti yaxınlığında Ukrayna artilleriyası.

Rumıniyada keçmiş senator ölkənin müdafiə nazirinə 1 milyon avro (1.16 milyon dollar) rüşvət verməyə cəhd ittihamı ilə həbs edilib. Rüşvətin məqsədi bir silah müqaviləsinə Avropa İttifaqının (Aİ) proqramı vasitəsilə saxtakarlıqla maliyyə ayrılmasına nail olmaq idi.

Həmin razılaşma mürəkkəb sxemə əsaslanıb: Qazaxıstanda Rusiya-modelli mərmilərin alınması, onların Rumıniyaya gətirilərək yenilənməsi, "Rumıniya istehsalı" kimi yenidən etiketlənməsi, daha sonra Bolqarıstandakı şirkət vasitəsilə Ukraynaya satılması planlaşdırılırdı.

Yekun ideya gələcəkdə Aİ-nin "Rearm Europe" proqramı çərçivəsində maliyyə əldə etmə üçün biznes sxemi yaratmaq olub. Blok bu proqramı martda 27 üzv ölkədə silah istehsalını dəstəkləmək üçün işə salıb. Rusiya-modelli mərmilər Ukraynada geniş istifadə olunur, lakin Aİ ölkələrində istehsal edilmir.

AzadlıqRadiosunun rumın xidməti iş üzrə iki əsas şəxs ilə danışıb. Onlardan birinin keçmiş senator Marius Ovidiu İsayla, digərinin bolqar işadamı Roman İvanov Anqelov ilə əlaqəsi olub.

İddialara görə, oktyabrın əvvəlində Anqelov Qazaxıstandakı əlaqələrdən yararlanmaq istəyib. Onun Rumıniya Müdafiə Nazirliyinə bağlı "Romtehnica" silah ticarəti şirkətinin rəhbərliyi ilə görüşmək üçün nümayəndə heyətinə başçılıq etdiyi iddia olunur.

"Şübhəli təklif"

"Onlar mənə təklif etdilər ki, Qazaxıstandan sursat alıb onlara yenidən sataq", – "Romtehnica" rəhbəri Razvan Minku AzadlıqRadiosuna deyib. Amma o, təklifin şübhəli göründüyünü, rədd etdiyini əlavə edib.

Oktavian Berçanu

İstintaqın versiyasına görə, İsayla müqaviləni asanlaşdırmaq üçün müdafiə naziri İonuts Moştyanunu ələ almaq məqsədilə bir vasitəçiyə üz tutub. AzadlıqRadiosu həmin vasitəçi, siyasətçi Oktavian Berçanu ilə danışıb; informator da məhz o olub və İsayla ilə görüşlərinin 17 gizli səs yazısını hüquq-mühafizə orqanlarına təqdim edib: "Məqsəd Rusiya-istehsalı və ya Rusiya-modelli sursatları Rumıniyaya gətirmək, sonra onları Bolqarıstana ixrac edib oradan Ukraynaya göndərmək idi. Hamısı Avropa İttifaqının pulu ilə alınacaqdı".

"Bu qrupa qoşulmaq üçün mənə 10 milyon avro (11.57 milyon dollar) təklif etdilər. Metod belə idi, siyasətçilərə böyük məbləğlər təklif edərək əməkdaşlığa qoşmaq istəyirdilər", – o əlavə edir.

Berçanunun yazdığı səslərin transkriptlərini Rumıniyanın "Gandul" saytı noyabrın 10-da dərc edib. İsaylanın açıqlamaları onun başqaları ilə işlədiyini göstərir: tez-tez "biz" deyir, böyük məbləğlərdən, siyasi nüfuzdan danışır.

"Qapını açan adamam! Sizə qapı açıram: NATO, ABŞ səfirliyi, Almaniya", – bir məqamda belə deyir.

Başqa bir söhbətdə isə Berçanuya deyirmiş: "Mənə nə qədər lazım olduğunu deyin və axşam... 24 saat ərzində pulun hamısı sizdə olacaq".

İsayla sxemin necə işləyəcəyini təsvir edir: "Qazaxıstandan mərmiləri alırıq, özümüz sökürük,…yenidən yığıb rəngləyirik, düzəldirik və Rumıniya dövləti onları satır".

"Bir gecəyə milyarderə çevrilmək"

Səs yazılarına görə, İsayla oxşar sxemin artıq Albaniyada gerçəkləşdirildiyini, bu işə cəlb olunanların bir gecədə milyarderə çevrildiyini iddia edir. Albaniyanın Müdafiə Nazirliyi, Korrupsiya ilə Mübarizə İdarəsi AzadlıqRadiosunun sorğularına dərhal cavab verməyib.

Rumıniyanın müdafiə naziri İ.Moştyanu sosial şəbəkədə yazıb: "Bir şəxs "Romtehnica" ilə müqaviləni asanlaşdırmaq üçün mənim nüfuzumu 1 milyon avroya almağa cəhd göstərib. Bu şəxslə hər hansı görüşü qəti rədd etdim".

İsayla barəsində 30 günlük həbs-qətimkan tədbiri seçilib. Bolqarıstanlı işadamı Roman Anqelovun harada olduğu bilinmir. Anqelov "Sofia Arm Tech" adlı şirkətin yeganə sahibidir; bu şirkət keçən il beynəlxalq silah ticarəti üçün lisenziya alıb.

Şirkət Bolqarıstanın kommersiya reyestrinə təqdim etdiyi sənədlərdə 2020-ci ildə yaradıldıqdan sonra hər hansı fəaliyyətini göstərməyib. Şirkətdə səkkiz nəfərin çalışdığı göstərilir.

Anqelov və şirkəti AzadlıqRadiosunun bolqar xidmətinin suallarını cavablandırmayıb.

Məqaləni AzadlıqRadiosunun rumın xidmətinin müxbiri Simona Karluca, radionun rumın və bolqar xidmətləri hazırlayıb.