Ukrayna danışıqlarında 'ən çətini' Donetsk məsələsidir – Rubio

Marko Rubio

Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda ərazi məsələsinin həlli üçün fəal iş aparılır. Bunu dövlət katibi Marko Rubio yanvarın 28-də deyib. O, elə ərazi məsələsinin həll olunası "ən çətin" məsələ adlandırıb.

Hazırda Moskva Donbasın 90 faizinə nəzarət edir və prezidenti Vladimir Putin dəfələrlə deyib ki, Kiyev sülh sazişinə razılaşması üçün ondan imtina etməsə, Rusiya qalan hissəni də güc yoluyla ələ keçirəcək. Donetsk də Donbasın bir hissəsidir.

Kiyev Moskvaya ərazi güzəştə getməyəcəyini bildirib.

"Bu körpünü hələ keçməmişik. Bu hələ də bir boşluqdur, azından bunu bir mərkəzi məsələ halına gətirmişik və, yəqin ki çox çətin olacaq", – Rubio Senatda Xarici əlaqələr komitəsində dinləmədə deyib.

Putin Donetski Rusiyanın "tarixi" torpaqlarının tərkib hissəsi, əksər ölkələr isə Ukraynanın ərazisi kimi tanıyır.

Rubio deyib ki, bu həftəsonu Əbu-Dabi danışıqlarında ABŞ prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff Cared Kuşner iştirak etməyəcəklər, amma ABŞ danışıqlara qatıla bilər. Ötən həftəsonu Əbu-Dabi danışıqlarında Rusiya və Ukrayna rəsmiləri ABŞ-nin vasitəçiliyi ilə bir araya gəlib, amma razılaşma əldə olunmayıb.

Tramp administrasiyası Kiyevə sazişə görə güzəştə getmək üçün getdikcə daha çox təzyiq göstərir.

AzadlıqRadiosunun rus xidməti yazır ki, dövlət katibi ABŞ-nin dəstəyinin müharibə bitəndən sonra Ukrayna üçün təhlükəsizlik qarantiyasının əsas elementi olduğunu deyib. Onun sözlərinə görə, təminatlarla bağlı "ümumi razılıq əldə olunub", əsasən Fransa və Britaniya olmaqla o qədər də böyük olmayan Avropa kontingentinin yerləşdirilməsi, həmçinin ABŞ-nin dəstəyi nəzərdə tutulur. Rubio qeyd edib ki, məhz ABŞ-nin iştirakı əsl təhlükəsizlik təminatı sayılır, çünki Vaşinqtonun dəstəyi olmasa, Ukraynada Avropa qoşunlarının mümkün yerləşməsi "münasib sayılmaz". O, Avropa ölkələrinin hərbi sferada imkanlarının böyük olmadığını, son 20-30 ildə müdafiə sahəsinə yetərincə investisiya qoymadığını bildirib.

Amma dövlət katibi ABŞ-nin dəstəyinin nədən ibarət olacağını dəqiqləşdirməyib. Daha öncə bildirilirdi ki, Ukraynaya Amerika qüvvələri göndərilməyəcək, ABŞ logistika və kəşfiyyat dəstəyi göstərəcək.