Keçid linkləri

2026, 29 Yanvar, Cümə axşamı, Bakı vaxtı 14:50

AzadlıqRadiosunun jurnalisti Kiyevdə uşağı necə xilas etməyindən danışır

Kiyevdəki yaşayış binasına dron zərbəsi
Kiyevdəki yaşayış binasına dron zərbəsi

AzadlıqRadiosunun Ukrayna xidmətinin hərbi müxbiri Maryan Kuşnir Ukraynanın Kiyev vilayətində çoxmərtəbəli yaşayış binasına Rusiyanın zərbəsindən dördyaşlı qızı xilas edib. Hadisə Buça rayonunda yerləşən Beloqorodka kəndində baş verib.

Qızcığazın anası və onunla birlikdə yaşadığı partnyoru həlak olub. Uşağı atası və böyük qardaşı aparıb.

"Evdə idim, partlayış səsi eşitdim. Dron evimizin damına, ikimərtəbəli evin yuxarı mərtəbəsinə çırpıldı. Yanğın başladığını gördüm, redaksiyanın bel çantasını götürüb yuxarı qaçdım, partlayış yerini axtarmağa başladım. Zərbə dəyən yerdə qapı aralı qalmışdı. Qapını açdım, divanın üstündə yorğana bürünmüş uşaq ağlayırdı, anasını çağırırdı. Yuxarıdakı alovun yayıldığını görürdüm. Anladım ki, valideynlər, yəqin, ikinci mərtəbədə yatırlar. Uşağı tez divandan götürdüm, mənzildən çıxardım, qonşulardan birinə verdim, yenidən içəri qaçdım, düşündüm, bəlkə, kimsə sağdır. Amma alov çox sürətlə yayılmışdı", –Kuşnir deyib. Onun sözlərinə görə, mənzildə yaşayanlar böyük ehtimalla dağıntılar altında qalaraq həlak olublar.

Maryan Kuşnir
Maryan Kuşnir

"10 illik müharibə ərzində heç vaxt belə hisslər keçirməmişdim, qucağımda dördyaşlı ağlayan bir uşaq tutmuşdum, anasının öldüyünü bilirdim", – jurnalist söyləyib.

M.Kuşnir 2015-ci ildən AzadlıqRadiosunda çalışır, Rusiyanın Ukraynaya qarşı müharibəsini işıqlandırır. 2022-ci ilin martında o, Kiyev vilayətində Rusiyanın hücumunun dəf olunmasını çəkəndə kontuziya alıb.

Kuşnir 2022 və 2024-cü illərdə "Peşə şərəfi" jurnalistika mükafatının laureatı olub. Onun "Kiyev vilayətində döyüş: Ukrayna hərbçiləri əks-hücuma keçdi" adlı materialı "Rezonans doğuran hadisənin ən yaxşı işıqlandırılması" nominasiyasında qalib gəlib.

2023-cü ildə "Bucha Journalism Conference" Kuşniri prinsiplərə sadiqliyinə, jurnalistika peşəsinin dəyərlərinə və Rusiya-Ukrayna müharibəsi zamanı "müstəsna" cəsarətə görə xüsusi mükafatla təltif edib.

XS
SM
MD
LG