Nərgiz Muxtarova: 'Qrup halında cinayətdə ittiham olunuramsa, digərləri kimlərdir?'

Nərgiz Muxtarova

Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti təmsilçilərindən Nərgiz Muxtarova deyir ki, bir qrup şəxslə əlbir olub cinayət törətməkdə suçlanır. Amma o qeyri-müəyyən qrupun kimlərdən ibarət olduğu bilinmir.

Qadın hüquqları müdafiəçisi N.Muxtarova bu barədə martın 11-də öz məhkəməsində ifadə verərkən danışıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

N.Muxtarova bildirib ki, əri – AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə ilə bağlı hökmdən sonra ölkədəki məhkəmə sisteminə inamsızlığına görə ifadə vermək istəmirdi: "Amma sonra düşündüm ki, bəzi həqiqətləri yüksək səslə demək lazımdır".

O vurğulayıb ki, heç vaxt qrant almayıb, qrant müqaviləsinə imza atmayıb. Sadəcə, xidməti müqavilə əsasında müəyyən işlər görüb və bunun müqabilində pul alıb. Bunlar da gender bərabərliyi, qadın hüquqları ilə bağlı dörd kitabın tədqiqatı, üç verilişin hazırlanmasından ibarət işlər olub. N.Muxtarova deyir ki, xidməti müqavilələr əsasında aldığı vəsaitlər onun bank hesabına köçürülüb, bunların da vergisi ödənilib, bəyannaməsi verilib: "Mən heç bir cinayət törətməmişəm, fəaliyyətimdə bütün işlərim qanuni olub. Bunun sübutlarını – sənədlərini də prokurorluğa təqdim etmişəm".

Əlavə edib ki, hətta qrant alsaydı belə, bu əməldə cinayət tərkibi yoxdur. Qrant müqaviləsinin qeydə alınmaması uzağı inzibati xətadır.

"Belə çıxır, Dövlət Departamenti bu pulu cinayət yoluyla əldə edib"

N.Muxtarova vurğulayıb ki, ona qarşı irəli sürülən ittihamlardan biri cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılmasıdır. "Mercy Corps" təşkilatı ilə müqavilə bağlayıb işlədiyini deyən Muxtarovanın sözlərinə görə, alınan vəsaitlərin mənbəyi ABŞ Dövlət Departamenti olub: "Onda belə çıxır ki, Dövlət Departamenti hansısa cinayət törədərək bu pulu əldə edib".

N.Muxtarova ona verilmiş "bir qrup şəxslə əlbir olub cinayət törətməsi" barədə ittihama da toxunub. Deyib ki, onunla əlbirlikdə ittiham olunan digərlərinin kimliyi məlum deyil: "Mən qrup halında cinayət törətməkdə ittiham olunuramsa, mənim xəyali qrup üzvlərim kimdir?".

N.Muxtarovaya qarşı ittihamda Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın da adı yer alıb. Onun adı QHT-lərlə bağlı cinayət işində təqsirləndirilən şəxs kimi göstərilsə də, N.Muxtarova bildirib ki, o təqsirləndirilən şəxs deyil. Bu da ittiham aktının qanunsuzluğunu bir daha sübut edir.

N.Muxtarovanın məhkəməsi aprelin 8-də davam edəcək..

Sizin brauzer HTML5-i dəstəkləmir

'Hüquqi əsaslandırması yoxdur' - QHT-lərlə bağlı cinayət işləri niyə yenidən başladılıb?

Xatırlatma

"QHT işi" üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

"QHT işi" üzrə toplam 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə), ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki Əhməd Məmmədzadə həbs olunub.

Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

Digərləri haqqında isə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.

Bugünlərdə ictimai fəallar Aygül PəncəliyevaZamin Zəkinin məhkəməsi yekunlaşıb. Pəncəliyevaya 2 il şərti cəza verilib, Zəki isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.