Prokuror Qalib Bayramova şərti cəza istəyib

Qalib Bayramov

“QHT işi” üzrə ittiham olunanlardan biri, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramova (Toğrul) prokuror cəza istəyib.

Bu gün, avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Q.Bayramovun 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib.

Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.O ittihamı qəbul etmir.

"Bu, cinayət deyil. Mənim gördüyüm işi həmin dövrdə başqaları da görürdü. Lakin onların heç biri istintaqa cəlb olunmayıb. Əgər bu iş cinayətdirsə, niyə yalnız mən məsuliyyətə cəlb edilmişəm? Bunu ona görə demirəm ki, başqaları da cinayət məsuliyyətinə cəlb olunsun. Demək istədiyim budur ki, gördüyümüz iş cinayət deyil", – iqtisadçı Q.Bayramov ötən il dekabrın 17-də öz məhkəməsində demişdi.

O, iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır. Q.İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib, saxta pul hazırlamaqda suçlanıb. İstintaqın gedişində ona dini ekstremist materialları hazırlama, saxlama, yayma maddəsiylə ittiham verilsə də, özü ittihamları qəbul etməyib. Q.İbadoğlu 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qalib Bayramovun digər qardaşı Vuqar Bayramov isə hazırda deputatdır.

Xatırlatma

Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi əsasında "QHT işi" üzrə həbslər 2024-cü ilin martından başlanıb. Həmin vaxt "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunublar. 2025-ci ilin aprelində Zamin Zəki və daha iki nəfər QHT təmsilçisi - Asəf Əhmədov və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.

Vətəndaş cəmiyyətinin başqa 10-a yaxın fəalı da təqsirləndirilən şəxs qismində cəlb edilib, ancaq məhkəmə dövrü üçün haqlarında həbsə alternativ qətimkan tədbiri seçilib. Onların arasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov və başqaları var. Hazırda onların bəzilərinin ayrı-ayrılıqda məhkəməsi davam edir.Onlardan bəzisinin isə ( məsələn Zamin Zəki 7 il 3 ay həbs cəzası alıb) məhkəməsi bitib.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.
"QHT işi" üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

QHT təmsilçiləri bu ittihamları qəbul etmirlər.