Rusiya yük gəmilərini vurub – Sevastopol benzinsiz qalıb

Qara dənizdə yanan yük gəmisi (Foto arxiv)

Rusiya qoşunları iyunun 22-si gecə Ukrayna limanlarına doğru üzən mülki ticarət gəmilərinə hücum edib. Bu barədə Ukrayna baş nazirinin bərpa üzrə müavini Aleksey Kuleba bəyanat yayıb.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, zərbə nəticəsində Panama bayrağı altında üzən və Türkiyə şirkətinə məxsus "Victress" gəmisində yanğın başlayıb. Hadisə vaxtı gəminin göyərtəsində Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət doqquz nəfərlik ekipaj olub.

Kulebanın sözlərinə görə, hücum nəticəsində gəminin 58 yaşlı aşpazı – Misir vətəndaşı həlak olub. Digər səkkiz dənizçi operativ şəkildə xilas edilib. Gəmi ciddi ziyan dəyərək idarəetməni itirib və tamamilə yararsız hala düşüb.

Ukrayna rəsmisinin bildirdiyinə görə, Rusiya hücumları yalnız bir gəmi ilə məhdudlaşmayıb – Palau və Beliz bayrağı altında üzən digər mülki gəmilər də zərbələrə məruz qalıb. Həmin gəmilər aldıqları zədələrə baxmayaraq, hərəkətini davam etdirə bilib.

Ukrayna ordusu isə öz növbəsində Rusiyanın "kölgə donanması" adlandırılan neft tankerlərinə ardıcıl zərbələr endirir. Eyni zamanda, Rusiyanın işğal etdiyi Ukrayna limanlarına daxil olan xarici gəmilər də hədəfə alınır.

Sevastopolda benzin satışı dayandırılıb

İlhaq olunmuş Sevastopolun rəhbəri Mixail Razvojayev iyunun 22-si və 23-də şəhərdə mülki şəxslərə benzin satışının tamamilə dayandırılacağını elan edib. Qərara əsasən, yanacaqdoldurma məntəqələrində yalnız xidməti və ictimai nəqliyyat vasitələrinə yanacaq veriləcək.

Bərələrin hərəkəti də dayandırılır – dənizdə yalnız sərnişin katerləri işləyəcək. Razvojayev detalları açıqlamasa da, bu sərt addımları "yarımadada baş verən son hadisələr" və logistikanın operativ tənzimlənməsi zərurəti ilə izah edib.

Ukrayna dronlarının son həftələrdə Krımı və bura aparan əsas nəqliyyat marşrutlarını intensiv şəkildə hədəf alması regionda ciddi yanacaq qıtlığına səbəb olub.

Vəziyyətin kəskinləşməsinə səbəb olan sonuncu böyük zərbə iyunun 21-nə keçən gecə qeydə alınıb. Ukrayna ordusu Kerç neft bazasına, "Kavkaz" limanına və Kerç bərə keçidinə genişmiqyaslı hücum təşkil edib. Rusiya rəsmi mənbələri bu hücumlar nəticəsində dörd nəfərin həlak olduğunu, 20-dən çox insanın isə yaralandığını bildirib.