Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 13:46

G7 liderləri Rusiyaya qarşı sanksiyaları gücləndirməyi vəd edirlər

G7 sammitində konsert və mədəniyyət tədbirindən əvvəl birgə foto
G7 sammitində konsert və mədəniyyət tədbirindən əvvəl birgə foto

"Böyük Yeddilik" (G7) liderləri Fransanın Evian şəhərində keçirilən sammitdə Ukraynaya dəstəklərini bəyan edərək, Rusiyanın xüsusilə neft-qaz sektoruna qarşı sanksiyaları gücləndirmək niyyətində olduqlarını bildiriblər. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada liderləri iyunun 17-də geosiyasi məsələlərə dair birgə bəyanat yayıblar.

Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü qorumasına "sarsılmaz" dəstək ifadə edən G7 liderləri Kiyevə hava hücumundan müdafiə vasitələrinin, əlavə zenit-raket komplekslərinin və uzaqmənzilli silahların tədarükünü artırmağa razılaşdıqlarını bildiriblər. Sənəddə Ukraynanın hərbi istehsalını genişləndirməsinə imkan verəcək lisenziyaların ayrılması məsələsinin də nəzərdən keçiriləcəyi vurğulanır.

"Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmağı öhdəmizə götürürük. Bu çərçivədə, neft-qaz sektoru daxil olmaqla, sanksiyalarımızı daha da sərtləşdirəcəyik", – bəyanatda bildirilib.

Sənədi ABŞ prezidenti Donald Tramp da dəstəkləyib. Onun administrasiyası bir ildən çoxdur ki, Ukraynadakı müharibənin başa çatdırılması üçün vasitəçilik etməyə çalışır. Vaşinqton bu müddət ərzində Rusiyaya yeni sanksiyalar tətbiq etməkdən və Moskvaya qarşı sərt ritorikadan çəkinirdi.

G7 liderləri iyunun 16-da Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilən iclasda Ukraynadakı müharibəni müzakirə ediblər. Zelenski həmçinin ABŞ prezidenti ilə ayrıca görüş keçirib. Həm Ukrayna dövlət başçısı, həm də bir sıra diplomatik mənbələr bu görüşlərin atmosferini müsbət qiymətləndiriblər.

Ukrayna ABŞ-dən öz ərazisində "Patriot" zenit-raket sistemlərinin istehsalı üçün lisenziya verilməsini istəyir. Ukraynalı rəsmilər "The Financial Times" qəzetinə bildiriblər ki, mövcud tədarüklər kifayət deyil, çatdırılmaların gecikməsi səbəbindən Rusiyanın mülki infrastruktura zərbələri daha da artıb.

"Prioritetlər aydındır: hava hücumundan müdafiə raketlərinin sayının artırılması, onların istehsalına lisenziyaların verilməsi, qış dəstək paketi və Rusiyaya təzyiqin gücləndirilməsi. ABŞ-ın bu istiqamətlər üzrə dəstək nümayiş etdirməyə hazır olması vacibdir", – Zelenski çoxtərəfli görüşdən sonra sosial şəbəkədə yazıb.

Zaporojyeyə hücum
Zaporojyeyə hücum

Rusiyanın Zaporojyeyə zərbələrindən bir nəfər həlak olub

İyunun 17-nə keçən gecə Rusiyanın Ukrayna ərazisinə buraxdığı 119 drondan 97-si vurulub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Rusiyanın Zaporojye şəhərinə endirdiyi zərbələr nəticəsində bir nəfər həlak olub, daha yeddi nəfər isə yaralanıb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiya hərbçilərinin hücumları birbaşa mülki infrastrukturu hədəf alıb.

"Bunlar yaşayış evləri, ofis mərkəzi və təhsil obyektləridir – yəni hərbi infrastrukturla heç bir əlaqəsi olmayan məkanlardır", – o qeyd edib.

Fyodorovun sözlərinə görə, zərbələr nəticəsində ofis mərkəzi tamamilə yanıb, Zaporojye Milli Universitetinin fasadına ziyan dəyib, pəncərə və qapıları sınıb. Bundan əlavə, beş çoxmərtəbəli və dörd fərdi yaşayış evinə zərər dəydiyi bildirilir.

Sumı vilayətində isə atçılıq idman məktəbinin tövləsi zədələnib. Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məktəb əməkdaşlarının xəsarət almadığını, amma atların tələf olduğunu açıqlayıb.

"Ruslar şagirdlərin hər gün məşğul olduğu mülki obyektə qəsdən zərbə endiriblər", –Qriqorov öz paylaşımında yazıb.

"Su-24M" qəzaya uğrayıb, iki pilot həlak olub

Ukraynanın Xmelnitski vilayətində "Su-24M" hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hadisə pilot və şturmandan ibarət ekipajın Xmelnitski səmasında növbəti döyüş tapşırığını yerinə yetirdiyi vaxt baş verib.

İlkin məlumatlara əsasən, mülki əhali arasında xəsarət alan və ya hər hansı dağıntı qeydə alınmayıb.

Bundan əvvəl Xmelnitskinin yerli sosial media səhifələrində güclü partlayış səsi və təyyarə qəzası barədə xəbərlər yayılmışdı. Amma ilkin xəbərlərdə söhbətin "MiQ-29" qırıcısından getdiyi ehtimal olunurdu.

XS
SM
MD
LG