Keçid linkləri

2026, 19 İyun, cümə, Bakı vaxtı 22:25

Macarıstan Aİ bəyannaməsindən Ukraynanın sürətli qəbulu bəndini sildirib

Macarıstan baş naziri Peter Madyar və Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayen
Macarıstan baş naziri Peter Madyar və Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayen

Macarıstanın baş naziri Peter Madyar bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş qaydada qəbulu ilə bağlı müddəa Brüsseldə keçirilən Aİ sammitinin yekun bəyannaməsindən onun təşəbbüsü ilə son anda çıxarılıb.

Onun sözlərinə görə, Budapeştin təklifi ilə yekun bəyannamənin mətni əhəmiyyətli dərəcədə yenidən işlənib və bu proses asan başa gəlməyib. "Bəzən kimsə bura yalnız hədələmək və qorxu yaymaq üçün deyil, məhz kompromis tapmaq üçün gəlir", – Madyar X sosial şəbəkəsində yazıb.

İyunda Aİ Ukrayna ilə üzvlük danışıqlarının altı klasterindən birincisinin – "Əsaslar" klasterinin açılmasını təsdiqləyib. Bu klasterə Ukrayna qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması üçün tələb olunan dəyişiklikləri əhatə edən 35 fəsildən bir qismi daxildir. Burada əsas diqqət hüququn aliliyinə, məhkəmə sisteminin müstəqilliyinə və korrupsiyaya qarşı mübarizəyə yönəlib.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Aİ Şurasının iclası ərəfəsində o, Antoniu Koşta və Ursula fon der Lyayen ilə Ukraynanın Aİ-yə üzvlük yolunda növbəti addımları müzakirə edib.

"Qalan beş danışıqlar klasterinin də yaxın vaxtlarda açılması vacibdir. Müdafiəmizi gücləndirmək üçün Aİ-nin maliyyə dəstəyi paketinin ilk tranşını da tezliklə almağa ümid edirik", – Zelenski vurğulayıb.

"Evropeyska pravda" nəşrinin yazdığına görə, Madyar daha əvvəl jurnalistlərə bildirib ki, Aİ Şurasının birinci klasterin açılması barədə qərarından razıdır, amma digər klasterlərlə bağlı sualları qalır: "Bizim, eləcə də digər ölkələrin də sualları var – niyə birinci klaster açılan kimi dərhal qalan klasterlər üzrə də danışıqlara başlanmalıdır? Açığını desəm, bu mövqe digər dövlətlər arasında da kifayət qədər mübahisəlidir".

Kiyev 2022-ci ildə, Rusiya genişmiqyaslı işğala başlayandan bir neçə həftə sonra Aİ-yə üzvlük üçün müraciət edib və qısa müddətdə namizəd statusu alıb. Amma Viktor Orban hökuməti uzun müddət rəsmi üzvlük danışıqlarının başlanmasını bloklayırdı.

2026-cı ilin aprel seçkilərində Orban məğlub olub və Macarıstan hökumətinə Madyar rəhbərlik etməyə başlayıb.

XS
SM
MD
LG