Overçuk Ermənistana Azərbaycan üzərindən ixracın genişləndirilməsindən danışıb

Taxılla yüklənmiş qatar Azərbaycandan keçməklə Ermənistana çatıb

Rusiya yaxın vaxtlarda Azərbaycan ərazisindən Ermənistana təkcə taxıl deyil, həm də digər məhsullar, xüsusən gübrələr tədarük etməyi planlaşdırır. Bu ixrac yeni açılmış dəmiryol marşrutu ilə gerçəkləşdiriləcək. Bunu "Rossiya 24" telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O, Rusiya taxılının Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərilməsini "mühüm hadisə" adlandırıb.

"30 ildən artıq müddətdə, Ermənistanla Azərbaycanın müstəqilliyi dövründə ilk dəfə olaraq taxıl yüklü qatar hərəkət etdi. Bu, Rusiya taxılı idi, sonra Qazaxıstan taxılı da keçdi və biz bu xəttin digər növ yüklərlə, o cümlədən gübrələrlə yüklənməsi imkanlarını müzakirə edirik", – Overçuk bildirib.

Rusiya Ermənistana ilk taxıl partiyasını 2025-ci il noyabrın əvvəlində göndərib. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, üçüncü sinifdən olan 1 min ton buğda tədarük edilib.

Ermənistan ildə təxminən 450–500 min ton taxıl idxal edir, bunun, demək olar ki, hamısı Rusiyadan gətirilir. Əvvəllər ixrac əsasən quru sərhəd-keçid məntəqələri vasitəsilə avtomobil nəqliyyatı ilə, eləcə də Gürcüstan limanları üzərindən dəniz yolu ilə gerçəkləşib. Azərbaycan və Gürcüstan ərazisindən keçməklə yeni marşrut isə nəqliyyat xərclərini azaltmağa və tədarüklərin dayanıqlığını artırmağa imkan verir.

22 dekabr

Paşinyan ilə Putin görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 22-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşdə "Tramp yolu" layihəsində Ermənistan-Rusiya münasibətləri ilə bağlı çoxsaylı nüanslar olduğunu deyib. Amma o, nələri nəzərdə tutduğunu açıqlamayıb.

"Hazırda ABŞ ilə TRIPP yolunun gerçəkləşməsi və tikintisi ilə bağlı çox konstruktiv ikitərəfli danışıqlar aparırıq. Bunlar regionumuzda gerçəkdən əhəmiyyətli və substantiv dəyişikliklərdir. Burada Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərimizlə bağlı bir çox nüans var. Düşünürəm ki, bu gün bütün bu məsələləri müzakirə etmək üçün çox yaxşı fürsətdir", – N.Paşinyan deyib.

V.Putin görüşdə logistika məsələlərinə toxunub: "Sonuncu görüşümüzdə Siz birlikdə üzərində işləyə biləcəyimiz müxtəlif məsələləri qaldırdınız. Mən köhnə marşrutların bərpasını, Ermənistanın sərhədlərini açan yeni marşrutların yaradılmasını nəzərdə tuturam".

N.Paşinyan Ermənistanda bir neçə digər dəmir yolu hissəsinin bərpası üçün gündəliyin yetişdiyini də açıqlayıb. O, İcevan, Yerasx və Axurik hissələrindən danışdığını vurğulayıb: "Bu dəmir yolları Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirir. Xeyli fəal siyasi proseslər gedir".

Paşinyan vurğulayıb ki, dəmir yolunun İcevan, Yerasx və Axurik hissələrinin yenidən açılması ilə bağlı hələlik siyasi qərar yoxdur, amma "vəziyyət o qədər yetkinləşib ki, hazırlıq işlərinin aparılması zərurəti yaranıb".

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya və İran 'Tramp yolu'na qarşı birləşir?

Son aylar Rusiya-Ermənistan təmasları

İki liderin sentyabrın 25-də Kremldə görüşündə Rusiya prezidenti qarşılıqlı ticarət dövriyyəsinin 11 milyard dolları ötdüyünü deyib. Ötən il Ermənistanla ticarət dövriyyəsi 11.7 milyard dollar olub ki, bu da rekord göstərici sayılır. Amma bu il iki ölkənin ticarət dövriyyəsi təxminən iki dəfə azalaraq 6 milyard dollara düşə bilər. Belə bir xəbərdarlıqla Rusiya baş nazirinin müavini Aleksey Overçuk çıxış edib. O, ötən həftə Yerevanda səfərdə olub.

Rusiyadan ötən həftə gələn başqa bir açıqlamada deyilirdi ki, Rusiyanın iştirakı olmadan "Tramp yolu" gerçəkləşə bilməz, bu yolun böyük hissəsi Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək. Tam adı "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP ) olan bu yol Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirməlidir.

Dekabrın 22-də Sankt-Peterburq şəhərində Ali Avrasiya İqtisadi Şurası iclası və Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilir. Azərbaycan prezident İlham Əliyev Rusiyaya getməyib. Prezident Administrasiyası bunu Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmaması və prezident Əliyevin iş qrafikinin sıxlığı ilə izah edib.