Rusiyadan Ermənistan məhsullarına yeni qadağalar

Ermənistanın Şirak bölgəsindəki kartof tarlası

Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına yeni məhdudiyyətlər tətbiq edib. “Rosselxoznadzor” bildirib ki, iyunun 12-dən Ermənistandan göndərilən “karantin nəzarətində olan məhsulların” Rusiyaya idxalına qadağa qoyulacaq.

Qurumun açıqlamasına görə, 2026-cı ilin mayından Ermənistanın bəzi karantin nəzarətində olan məhsulların idxalı mərhələli şəkildə məhdudlaşdırılıb, iyunda isə Ermənistandan gətirilən qoz-fındıq, qurudulmuş şaftalı və qurudulmuş pomidorda kapra böcəyi ilə yoluxmanın üç halı aşkar edilib.

Avrasiya İqtisadi İttifaqının karantin nəzarətinə aid məhsullar siyahısında təxminən 130 məhsul növü yer alır. Bunlara kənd təsərrüfatı məhsullarının əksəriyyəti, un, bitkilər, ağac materialları, heyvan yemi, tekstil sənayesi üçün xammal və digər məhsullar daxildir.

Bundan əvvəl Rusiya hakimiyyəti Yerevanın Avropa İttifaqı ilə yaxınlaşmasına cavab olaraq Ermənistandan Rusiyaya müxtəlif tərəvəz və meyvələrin, balıq və balıq məhsullarının, güllərin, “Cermuk” mineral suyunun və spirtli içkilərin idxalını qadağan edib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bu addımlara cavabında bəyan edib ki, Yerevan Rusiyaya idxalı qadağan edilən məhsulları Avropa İttifaqı bazarına çıxaracaq.

2 iyun

Rusiya Ermənistanın quru meyvə və kartofuna da qadağa qoydu

"Rosselxoznadzor" iyunun 3-dən Rusiyaya ixrac edilən və Rusiya vasitəsilə digər Aİİ ölkələrinə göndərilən bir sıra Ermənistan məhsullarına yeni məhdudiyyətlər elan edib. Bu, xüsusilə Ermənistandan göndərilən kartof, badımcan və quru meyvələrə aiddir.

Qurumun bildirdiyinə görə, "məhdudiyyətlər göndərilən malların təhlükəsizliyini təmin etmək üçün aydın bir alqoritm hazırlanana qədər qüvvədə qalacaq".

Ermənistanda 7 iyun parlament seçkiləri öncəsi Rusiya keyfiyyət uyğunsuzluqlarını əsas gətirərək bu ölkədən bir sıra malların bazara girişini məhdudlaşdırıb.

Paşinyan: Rusiyanın qadağalarından zərər görən bizneslərə subsidiya veriləcək

Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, hökumət Rusiyanın son qadağalarından zərər çəkmiş və haqsızlıqla üzləşmiş bizneslərə subsidiya ayıracaq.

Baş nazir deyib ki, alternativ bazarlara ixrac məsələsi ilə bağlı biznes nümayəndələri ilə görüş keçirilib və razılaşmalar əldə edilib: "Bəzən keyfiyyət standartlarına cavab verməyən məhsullar olur. Biz həmin iş adamlarına məhsullarını yeni standartlara uyğunlaşdırmaqda dəstək verəcəyik. Əgər başqalarına qarşı ədalətsizlik olubsa – yəni ixrac edilməli olduğu halda, ixrac olunmayan məhsullar varsa – onlar üçün də dəstək və subsidiya proqramları həyata keçirəcəyik".

Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiya bir sıra erməni mallarının keyfiyyət standartlarına cavab vermədiyini əsas gətirərək onların bazarına girişini məhdudlaşdırıb. Rəsmi Moskva, demək olar ki, hər gün Ermənistana xatırladır ki, ölkə eyni vaxtda həm Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirə, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) qala bilməz. Aİİ-nin digər üzvləri – Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Rusiya prezidenti Vladimir Putinə qoşularaq Ermənistanda referendum keçirilməsinə çağırırlar.

Baş nazir Paşinyan iyunun 1-də Ermənistanın Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla birlikdə Aİİ-də qalacağını bildirib: "Avrasiya İqtisadi İttifaqında sakit, dinc, əsəbsiz və mübahisəsiz işləməyə davam edəcəyik. Əminəm ki, bu istiqamətdə hələ də potensialımız var və yaxın gələcəkdə bundan yararlanacağıq".