Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva danışıqlarında "Ermənistanın gələcək kursu və oriyentasiyası" müzakirə olunacaq. Bunu Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 7-də deyib.
Rusiya mediasının yazdığına görə, Peskov bildirib ki, danışıqlarda Ermənistanın Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq, yoxsa Avropa İttifaqına (Aİ) üzv olmaq barədə referendum keçirməsi ilə bağlı Rusiyanın təklifi də müzakirə olunacaq.
Liderlər sentyabrın 1-də Bişkek görüşündə danışdıqları ikitərəfli ticarət və iqtisadi əməkdaşlıqla bağlı konkret məsələləri də müzakirə edəcəklər.
Peskovun sözlərinə görə, Putin və Paşinyan Ermənistan baş nazirinin yaxın gələcəkdə Moskvaya səfər etməsi barədə razılığa gəliblər, səfərin tarixi tərəflərin iş qrafiklərinə əsasən diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Hələlik Yerevan danışıqların gündəliyi və ya konkret vaxtı ilə bağlı rəsmi açıqlama verməyib.
Paşinyan Bişkekdə Putinlə görüşündən az sonra Moskvaya gedəcəyini elan edib.
Putin həmin görüşdə yenidən Ermənistanın Aİ üzvlüyü ilə bağlı referendum keçirməsini təklif edib. Onun dediyinə görə, 2025-ci ildə Yerevanın başqa bir iqtisadi təşkilata qoşulma prosesinə başlamaq üçün qəbul etdiyi qanun mahiyyət etibarilə Ermənistanın Aİİ-dən rəsmən ayrılması deməkdir.
Paşinyan dəfələrlə belə referendum çağırışlarını rədd edib. O deyir ki, Ermənistan Aİ daxil, siyasi və ticarət münasibətlərini şaxələndirməyə çalışır, lakin bu mərhələdə referenduma zərurət görmür.
O, Bişkekdə Putinə bildirib ki, məsələ referenduma çıxarılacaq qədər "yetişməyib".
Paşinyan Aİ-yə üzvlük prosesinə başlamaq haqqında qanunun Yerevanın Aİİ öhdəliklərini pozmadığını vurğulayıb.
Baş nazir Rusiyanın Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qadağaları "əsassız" adlandırıb, bununla Aİİ-nin azad ticarət qaydalarının pozulduğunu bildirib.
O, yenə də hökumətinin Ermənistanın ticarət əlaqələrinin şaxələndirilməsinə davam edəcəyinə söz verib.