Keçid linkləri

2026, 02 Sentyabr, çərşənbə, Bakı vaxtı 08:02

Putin Paşinyana xəbərdarlıq etdi: 'Eyni anda həm orada, həm də burada olmaq düz gəlmir' [Video]

Nikol Paşinyan və Vladimir Putin
Nikol Paşinyan və Vladimir Putin

Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulmaq istəməsi onun tam haqqıdır, amma bu addım ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması səbəbindən müəyyən çətinliklər yaradır.

Rusiya prezidenti Vladimir Putin bunu Bişkekdəki ŞƏT sammitində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşərkən deyib. Bu, Paşinyanın seçkilərdəki qələbəsindən sonra onların ilk üz-üzə görüşüdür.

Putin bildirib ki, Rusiya Ermənistanla gələcək münasibətlərini necə quracağını dəqiqləşdirməlidir. O, Ermənistanı Aİ ilə Aİİ arasında seçim etmək üçün tezliklə referendum keçirməyə çağırıb.

"Xalqın hər zaman seçimi olmalıdır. Elə isə bu seçimi edin və mövzunu bağlayaq. Vəssalam. Ən sadəsi insanlara müraciət edib soruşmaqdır: "Siz nə istəyirsiniz? Belə, yoxsa belə?", — Putin fikrini yekunlaşdırıb.

Putinin sözlərinə görə, Ermənistanın başqa bir birliyə qoşulmaq üçün qanun qəbul etməsi elə indiki təşkilatdan çıxması deməkdir. O, Ermənistan parlamentinin Aİ-yə qoşulmaq üçün ilyarım əvvəl qəbul etdiyi qanunu xatırladıb.

"Başqa bir iqtisadi birliyə qoşulma prosesini başladan qanunun qəbulu mahiyyətcə bizim təşkilatdan çıxmaq barədə rəsmi bəyanat deməkdir. Çünki həm orada, həm də burada yer almaq bir-biri ilə uzlaşmır. Əsas çətinlik də məhz bundadır", — o bildirib.

Paşinyan: Ermənistanı Aİİ-dən çıxaracaq hüquqi mexanizm yoxdur

Baş nazir Paşinyan cavabında vurğulayıb ki, Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük haqqında qanunu qəbul etməklə Avrasiya İqtisadi İttifaqı (Aİİ) qarşısındakı heç bir öhdəliyini pozmayıb: "Sözügedən qurumda hər hansı üzv dövləti təşkilatdan kənarlaşdırmağa imkan verən hüquqi mexanizm yoxdur. İttifaqdan çıxmaq istəyən ölkə isə bu barədə tərəfdaşlarını altı ay əvvəl məlumatlandırmalıdır. Biz mövcud vəziyyətə məhz bu nöqteyi-nəzərdən yanaşmalıyıq. Hazırda tərəfdaşlarımıza heç bir rəsmi bildiriş göndərməmişik, bu faktı əsas götürmək lazımdır".

O, Aİ referendumundan imtina etdiklərini belə əsaslandırıb: "Bu məsələ hələ xalqın müzakirəsinə çıxarılacaq səviyyəyə qədər yetişməyib. Biz bu qanunu həm referendum keçirməmək, həm də əlimizdə başqa bir alternativ olsun deyə qəbul etdik".

Paşinyan əlavə edib ki, alternativlər axtarmaq Ermənistanın haqqıdır və bu, Yerevanın Aİİ-dən narazı olması anlamına gəlmir: "İndiki dünyada bir dövlətin fərqli seçimlərinin olması tam qanunidir. Bu proses Rusiyaya və ya Aİİ-yə qarşı deyil".

Xatırlatma

Paşinyan bir həftə əvvəl demişdi ki, Ermənistan tezliklə Avropa İttifaqına üzv olmaq üçün rəsmi ərizə verəcək. O, bunun referendumdan əvvəl mütləq bir addım olduğunu vurğulamışdı.

Ermənistanın Aİ-yə girmək istədiyini elan etməsindən sonra Rusiya bu ölkədən mal alınıb-satılmasına qadağalar qoymağa başlayıb. Hətta Ermənistana gömrük rüsumu ödəmədən gətirilən qaz, neft və almaz tədarükünü dayandırmaqla hədələyib.

Buna cavab olaraq, Aİ Rusiyanın təzyiqləri qarşısında Ermənistana iqtisadi dəstək verəcəyini vəd edib.

XS
SM
MD
LG