Paşinyanla kilsədəki insidentdən sonra şagirdə cinayət işi açılıb

Nikol Paşinyan Müqəddəs Anna kilsəsində

Ermənistanda orta məktəb şagirdinə baş nazir Nikol Paşinyanın "siyasi fəaliyyətinə mane olmaq" ittihamı irəli sürülüb. Həmin gənc iki gün öncə Yerevanda kilsədə baş nazirin qarşısına çıxmış, daha sonra saxlanmışdı.

Ermənistanın İstintaq Komitəsi 18 yaşlı David Minasyan barədə iki aylıq həbs-qətimkan tədbiri seçilməsi üçün rayon məhkəməsinə müraciət edib.

"Mənə elə baxma"

Paşinyan martın 29-da, Palm Bazarı günü qəflətən izdihamlı Müqəddəs Anna kilsəsinə gedib. Paşinyanın mühafizəçiləri baş nazirin keçməsi üçün yolu açarkən Minasyan dilxor olub. O, mühafizəçilərə deyib ki, onu itələməsinlər, kilsənin ortasında dayanmaq istəyir.

"Mənə elə baxma", – gənc Paşinyana deyib və əlini onun çiyninə tərəf uzadıb.

AzadlıqRadiosunun erməni xidməti baş nazirin mühafizəçisinin Minasyanı yerə yıxdığını, Paşinyanın kilsəni tərk etdiyini, bu zaman kilsədəkilərin qəzəbli səslərinin gəldiyini yazır. Minasyan ibadətdən dərhal sonra əkiz qardaşı Mikael və Ermənistan hökumətini tənqid edən fəal Qevorq Qevorqyan ilə birlikdə saxlanılıb.

İstintaq Komitəsi martın 31-də hər üç şəxsə ittiham irəli sürüb. D.Minasyan Paşinyanın siyasi fəaliyyətinə mane olmaq məqsədilə zorakı xuliqanlıqda günahlandırılıb. Qevorqyan və M.Minasyan isə, uyğun olaraq, xuliqanlığın təşkilində, ona yardım göstərməkdə ittiham ediliblər.

D.Minasyandan fərqli olaraq onları zaminə buraxıblar. O, gün ərzində Yerevanda məhkəmə qarşısına çıxarılıb.

Vəkillər inkar edir

Müstəntiqlər martın 30-da gecə qardaşların evində axtarış aparıblar. Vəkillərin sözlərinə görə, ittihamları təsdiqləyən heç bir sənəd, əşya tapılmayıb. Vəkil Vartui Elbakyan gənclərin heç bir cinayət törətmədiyini, siyasi məqsəd güdmədiyini bildirib.

"Onların heç bir siyasətçi ilə əlaqəsi yoxdur", – Elbakyan məhkəmə binası qarşısında jurnalistlərə deyib.

Qevorqyan da insidentin təşkilində iştirakını danıb. O, həmin gəncləri şəxsən tanımadığını, sadəcə, Paşinyanın mühafizəçisinin D.Minasyanı vurmasının qarşısını almağa çalışdığını söyləyib.

Paşinyan 7 iyun parlament seçkiləri ərəfəsində Ermənistanın müxtəlif bölgələrini gəzərək insanlarla görüşür. Bu görüşlərdə bəzi vətəndaşlar onun siyasətini açıq tənqid edir, digərləri hökumətin fəaliyyətindən şikayətlənir. Paşinyanın özündən çıxdığı hallar olur.