Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, Erməni Apostol Kilsəsi, siyasi rəqibləri Ermənistan-Azərbaycan münaqişəsini alovlandırmağa çalışır. O, martın 11-də Avropa Parlamentində çıxışında bu barədə danışıb.
O, administrasiyasının kilsənin yüksəkvəzifəli ruhanilərinə təzyiqlərini müdafiə edib. Hazırda ölkədə üç arxiyepiskop və bir yepiskop həbsdədir. Paşinyan onların, eləcə də ötən il məhkəməyə verilən müxalifət xadimləri və tərəfdarlarının siyasi məhbus olmadığını iddia edib.
Baş nazirin sözlərinə görə, "özlərini xarici xüsusi xidmət orqanları qarşısında həssas duruma salan bəzi ruhanilər" Ermənistanın keçmiş liderlərini, Rusiyada yaşayan, Belarus tərəfdarı bəzi oliqarxları da ətraflarına toplayaraq ölkənin müstəqilliyini üçüncü ölkələrin maraqlarına qurban verməyə çalışırlar.
"Yeni bir münaqişəyə, yeni bir müharibəyə… imkan verməyəcəyik", – Paşinyan Strasburqda 25 dəqiqəlik çıxışında deyib.
İyunun 7-nə planlaşdırılan parlament seçkilərindən danışan Paşinyan bildirib ki, onlar Azərbaycanla sülhü "sarsılmaz" etməlidir.
Son həftələr Paşinyanın "Mülki Müqavilə" partiyası keçmiş prezident Robert Koçaryan və digərlərinin növbəti parlamentdə birlikdə səs çoxluğu ilə koalisiya hökuməti qura biləcəyindən narahatlıq bildiriblər. Rusiyalı erməni milyarder Samvel Karapetyan, daha bir zəngin işadamı Qaqik Tsarukyan da müxalifət qruplarına rəhbərlik edirlər. Rəsmilər hakimiyyətin belə bir nəticəyə imkan verməyəcəyini deyiblər. AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu da müxalifətdə səsvermənin saxtalaşdırıla biləcəyi sarıdan qorxu yaradıb.
Paşinyan katolikos II Qaregini vəzifədən kənarlaşdırmağa çalışır. Ona və digər rütbəli ruhanilərə ittihamlar verilib, ölkədən çıxışları yasaqlanıb.