Özbəkistan Milli Universitetində tələbələrdən hicabı çıxarmaq tələb olunur

Tələbələr hicabı çıxarmasalar, nə ilə üzləşəcəkləri barədə heç nə deyilmir.

Daşkənddəki Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində hicab taxan tələbə qızlardan baş örtüyündən imtina etmək tələb olunub. "Azattyq Asia" bu barədə sosial şəbəkələrdə yayılan videogörüntülərə istinadən məlumat yayıb.

Kadrlarda bir neçə qızın dəhlizdə universitet əməkdaşlarının qarşısında dayandığı görünür. Müəllimlərdən biri tələbələrə müraciətində bu tələbi səsləndirməyin onun üçün də xoş olmadığını, amma ali təhsil müəssisəsinin qaydalarına əməl etməyin vacibliyini vurğulayır.

"Bunu sizə demək bizim üçün də xoş deyil, amma etika, intizam və müəyyən edilmiş qaydalar var", – müəllim bildirir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu söhbət oktyabrın 13-də baş tutub. Videoda tələbələr hicabı çıxarmasalar, nə ilə üzləşəcəkləri barədə heç nə deyilmir.

Özbəkistan Milli Universitetinin rəhbərliyi yayılan videoya hələlik rəsmi münasibət bildirməyib. Universitetin rəsmi saytında da məsələ ilə bağlı hər hansı izahat yer almayıb.

Xatırlatma

2021-ci ilin aprelində də sosial şəbəkələrdə Özbəkistan Milli Universitetinin Jurnalistika fakültəsi tələbələrinin toplantısından videogörüntü yayılmışdı. Həmin vaxt dekan müavini Rövşən Omonov tələbə qızlara dərsə hicabla gəlməyin qadağan olduğunu demiş, narazı qalanlara isə başqa universitetə köçməyi təklif etmişdi.

Hadisə geniş ictimai rezonans doğurduqdan sonra Omonov sadəcə profilaktik söhbət apardığını və sözlərinin tövsiyə xarakteri daşıdığını açıqlamışdı. Ali və Orta İxtisas Təhsili Nazirliyi isə baş örtüyü qadağası ilə bağlı heç bir göstəriş vermədiyini bildirmişdi.