Azərbaycanda `NATO günləri' keçirilir

Arxiv fotosu.

Azərbaycan silahlı qüvvələrində “NATO günləri” tədbiri keçirilir. Tədbiri NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu aparır.

Bu haqda Müdafiə nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərə görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin (Norveç) rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana gəlib. Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında, Azərbaycan Ali Hərbi Məktəbdə və Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzində olacaq.

Buna da bax:​ Azərbaycan hərbçiləri NATO kurslarında

“NATO günləri” çərçivəsində zabit heyətinə mühazirələr oxunacaq. Mühazirələr “NATO-nun komandanlıq strukturu”, “Azərbaycan-NATO əməkdaşlığı”, “Strateji öncəgörmə analizi”, “NATO-Cənubi Qafqaz tərəfdaşlığı” və digər mövzularda olacaq.

Azərbaycan Silahlı Qüvvələrində "NATO günləri" noyabrın 25-dək davam edəcək.

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb.

Buna da bax: Nazir NATO baş katibi ilə görüşüb

Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Buna da bax:​ Moskva Gürcüstan-NATO təlimlərini təhlükə sayır

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.