BMT məhkəməsi Myanmanın rohincalara qarşı soyqırımını tanıyıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Rohinca müsəlmanlarının Banqladeşə axını davam edir. (Video arxiv-2017)

Noyabrın 29-da BMT-nin ali məhkəməsi belə bir qərar çıxarıb ki, 2017-ci ildə Myanmanın təhlükəsizlik qüvvələrinin müsəlman rohinca azlığına mənsub minlərlə insanı qətlə yetirməsi və genişmiqyaslı cinsi zorakılıq halları dövlət səviyyəsində törədilmiş soyqırımıdır.

Bu iddianı əhalisinin əksəriyyəti müsəlman olan Qambiya yeddi il əvvəl qaldırıb.

Məhkəmə ilk dəfədir ki, bir dövləti soyqırımına görə məsuliyyətə cəlb edir.

Hakimlər "Myanma İttifaqı Respublikası Şimali Rakxayn ştatında rohinca qrupuna qarşı soyqırımı törədib" qənaətinə gəliblər.

"Reuters"in məlumatına əsasən, Banqladeşdəki nəhəng Koks-Bazar qaçqın düşərgəsində 1.2 milyon rohinca məskunlaşıb. Qərar televiziyada oxunanda mindən çox insan onu alqışlarla qarşılayıb. Bunu rohincaların hüquqlarını müdafiə edən tanınmış fəallardan biri bildirib.

Myanma hökuməti indiyədək soyqırımı ittihamını rədd edib və təhlükəsizlik qüvvələrinin silahlı üsyanla mübarizə apardığını açıqlayıb.

Nasistlərin törətdiyi Holokostdan sonra beynəlxalq məhkəmələr üç dəfə soyqırımı faktını tanıyıb: 1994-cü ildə Ruandada, 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində və 1970-ci illərin sonlarında Kambocada "Qırmızı kxmerlər" rejiminin amansız əməlləri bu cür qiymətləndirilib.

Soyqırımının beynəlxalq məhkəmələrdə təsdiqlənməsi üçün ittiham tərəfi hər hansı milli, etnik, irqi və ya dini qrupu tamamilə, yaxud qismən məhv etmək niyyətinin mövcudluğunu sübuta yetirməlidir.

Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı digər işlərə də təsir göstərə bilər. Cənubi Afrika Respublikası 2023-cü ildə məhkəmədə iddia qaldıraraq İsraili Qəzzada soyqırımı törətməkdə ittiham edib. Söhbət ABŞ və Aİ-nin terrorçu təşkilat saydığı HƏMAS qruplaşmasının İsrailə hücumundan sonra Qəzzada aparılan əməliyyatlardan gedir. Bu iş üzrə yazılı arqumentlərin təqdimatına 2029-cu ildə başlanacağı gözlənilir. İsrail də soyqırımı ittihamlarını qəbul etmir və HƏMAS-ın hücumlarına qanuni şəkildə cavab verdiyini vurğulayır.