“Hərbi vəziyyət haqqında” qanun layihəsinə bəzi düzəlişlər edilir. Bu haqda AzadlıqRadiosu-na Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Fərəc Quliyev danışıb:
– Qanun 1994-cü ildə qəbul edilib, sonradan müxtəlif vaxtlarda ona əlavə və düzəlişlər olub. Bu gün (noyabrın 8-də - red.) qanuna yeni düzəlişlər Komitədə müzakirə edildi və qəbul olundu. Əslində, ciddi dəyişikliklər yoxdur. Sadəcə, bəzi detallara aydınlıq gətirilib. Yəni hansı əsaslarla hərbi vəziyyət elan oluna bilər, kimlər hansı vəzifəni icra etməlidir...
Buna da bax: Hərbi vəziyyət haqqında Qanun dəyişdirilir
– Yeni layihədə hərbi vəziyyətin elan olunması ilə bağlı müddət qısaldılıb, deyəsən. İndiki qanuna görə, prezident hərbi vəziyyətin elan olunması üçün parlamentə müraciət etdikdə buna 72 saat ərzində baxmalıydısa, indi bu müddət 48 saata endirilir. Səbəb nədir?
– Fövqəladə hallar haqda qanuna görə, prezident fövqəladə vəziyyətin elan olunması ilə bağlı fərman verir və o verildiyi andan qüvvəyə minir. Milli Məclis sonradan ona baxaraq, qüvvədə qalıb-qalmamasına qərar verir. İndi hərbi vəziyyətin tətbiq edilməsiylə bağlı müddət də azaldılıb, 48 saata salınıb. Prezident fərman verəcək və 24 saat ərzində Milli Məclisə göndərəcək, ona 48 saat ərzində baxılacaq. Yəni daha tez, daha operativ baxılması üçün belə edilir. Mən hətta təklif etdim ki, eynən fövqəladə hallarda olduğu kimi, fərman verilən andan qüvvəyə minməlidir, bundan sonra parlament müzakirəsinə çıxarılmalıdır. Müharibə zamanı elə bir hal ola bilər ki, məsələn, bir partlayış, raket atılması və s. nəticəsində konkret ərazidə hərbi vəziyyət elan olunsun. Yəni bir neçə saat gözləmək vaxt itirmək olar, məncə. Amma bu təklif keçmədi.
– Layihədə hərbi vəziyyət zamanı ərazilər üzrə komendaturalar yaradılması da nəzərdə tutulur...
– Ora detallar artırılır ki, həmin dövrdə ərazini hərbi komendantlar idarə edəcək. Müharibə elə şeydir ki, vəziyyətə uyğun davranmaq üçün hərbi qurumlara səlahiyyətlər verilir.
Buna da bax: Hərbi hissələr kazarmaları tərk edib
– Deputat Zahid Oruc təklif edib ki, dövlətin yaratdığı lokal silahlı birləşmələrdən başqa, heç bir silahlı birləşmələrin fəaliyyəti tanınmasın. Azərbaycanda dövlətdənkənar hərbi qüvvələr var?
– Azərbaycanda digər silahlı qüvvələr yoxdur. 1990-cı illərdə Azərbaycanda ordu yox idi, könüllülər vardı. O zaman müxtəlif silahlı qüvvələr haqda danışmaq olardı. Amma indi Azərbaycanın Silahlı Qüvvələri var və bütün hərbi əməliyyatları onlar həyata keçirir.
– İndiki halda bu qanuna yenidən baxılmasını zəruri edən nədir?
– Bu qanunun qəbulu o demək deyil ki, onun tətbiqi ilə bağlı dərhal işlər görülməlidir. Sadəcə, əlimizin altında hazır olmalıdır. Müharibə başlayacağı halda qanun yaradıcılığı ilə məşğul olası deyilik ki. Əlimizdə qanun olmalıdır ki, ona uyğun davranaq.
Buna da bax: Azərbaycan ordusu irimiqyaslı təlimlərə başlayır
“Görünür... hansısa məlumatlar var”
Hərbi ekspert Telman Əbilov “Hərbi vəziyyət haqda” qanuna yenidən baxılmasını son zamanlar Ermənistanda müharibəyə hazırlıqla bağlayır: “Ermənilər ciddi şəkildə müharibəyə hazırlaşırlar, ən azından, erməni mətbuatı belə yazır. Görünür, bizimkilərdə də bu haqda hansısa məlumatlar var. Durum ciddidir. Azərbaycanda da operativ şəkildə əks tədbirlərin görülməsi naminə qanuna bəzi düzəlişlər edirlər. Burda başqa amil yoxdur”.
Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.