Martın 8-də İranın Ekspertlər Məclisi Müctəba Xameneini yeni ali lider elan edib. Onun atası Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində öldürülüb. İslam Respublikasının tarixində ilk dəfədir ki, ali rəhbərin oğlu atasını əvəz edir.
M.Xamenei ictimaiyyət arasında nadir hallarda görünüb, dini dərslərdən kənarda geniş izləyici kütləsi qarşısında heç vaxt çıxış etməyib. Amma o, ali rəhbərin ofisinə, İranın təhlükəsizlik institutlarına yaxın şəxslər üzərində təsirə malik bir xadim sayılır.
M.Xamenei kimdir və necə oldu ki, atasının varisinə çevrildi? AzadlıqRadiosunun fars xidməti bu barədə yazır.
"Müctəba ağa"
Mərhum ali rəhbərin 56 yaşlı ikinci oğlu uzun illər "qapı gözətçisi" kimi təsvir olunur.
Heç vaxt rəsmi dövlət vəzifəsi tutmayıb. Amma o, son 20 ildə atasının ofisi – "Beyt"in mərkəzində dayanıb, ruhani isteblişment ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlaqələrini koordinasiya edib.
Ə.Xamenei bir dəfə ölkəiçi tənqidçilərinə xəbərdarlıq edibmiş ki, oğluna yalnız "Ağa" deyə müraciət etsinlər.
2005-ci ildə prezident seçkisində məğlub olmuş Mehdi Kərrubi Ə.Xameneini Məhəmməd Baqir Qalibafın seçki kampaniyası zamanı oğlu Müctəbanı dəstəkləməkdə ittiham etmişdi. Kərrubi onu da demişdi ki, ağsaqqallardan biri Ə.Xameneiyə "Sizin ali həzrətlərinizin oğlu seçkilərdə filankəsi dəstəkləyir" deyəndə Xameneinin cavabı belə olub: "O, sadəcə ağanın oğlu deyil, özü də ağadır".
M.Xameneinin adını ilk dəfə İran siyasətinə gətirən bu cümlə olub. O, artıq təkcə ali rəhbərin oğullarından biri deyil, müstəqil siyasi fiqur kimi görünməyə başladı.
Ekspertlər Məclisi Müctəbanı ali rəhbər seçməklə onu rəsmən İslam Respublikasının onsuz da kövrək hakimiyyət strukturunun mərkəzinə çevirdi.
SEPAH-ın M.Xameneini dəstəklədiyi bildirilir, onun seçilməsi davamlılığı göstərir. Tərəfdarlarının fikrincə, təhlükəsizlik aparatına yaxınlığı onu aktiv münaqişə dövründə nizamı qoruya biləcək ən uyğun namizədə çevirir.
Müctaba (solda) atası Əli Xameneinin ardınca gedir.
Tənqidçilərdən "irsi idarəçilik" xəbərdarlığı
Di gəl, bu yüksəliş xüsusilə İslam Respublikasının əsas tərəfdarları arasında narazılıq yarada bilər. Tənqidçilər bildirirlər ki, irsi hakimiyyətə doğru addım 1979-cu il İslam İnqilabının monarxiyaya qarşı əsas prinsiplərinə ziddir.
"Oğulun atasını əvəz etməsi görüntü baxımından monarxiyaya bənzəyir", – Cenevrə Ali Məktəbinin baş elmi əməkdaşı Fərzan Sabet 2024-cü ildə AzadlıqRadiosuna deyib.
Ekspertlər Məclisinin bir üzvü 2024-cü ildə iddia edib ki, Ə.Xamenei şəxsi söhbətlərdə oğlunun onu əvəzləməsinə qarşı olduğunu bildirib.
Üstəlik, oğul Xameneinin nisbətən aşağı hüccətüislam ruhani rütbəsi də mübahisə mövzusudur. Hərçənd İran mədrəsələrinə bağlı bir xəbər agentliyi 2022-ci ildən onu yüksək "ayətullah" titulu ilə təqdim etməyə başlayıb.
2011-ci ildən ev dustaqlığında olan keçmiş baş nazir Mir Hüseyn Musəvi 2022-ci ildə xəbərdarlıq edirdi ki, Ə.Xamenei oğlunu hakimiyyətə hazırlayır. Onun iddiasına görə, bu da 1979-cu il inqilabının son qoymaq istədiyi irsi hakimiyyət modelinin faktiki bərpası deməkdir.
"2 min 500 illik sülalələr qayıdıb ki, oğul atasının yerinə hakimiyyətə gəlsin?", – o yazmışdı.
Ekspertlər Məclisi isə tənqidləri belə cavablandırmışdı ki, ali rəhbər "layiqlilik" əsasında seçilir.
"Bloomberg"in yanvarın sonunda yaydığı hesabat, digər araşdırmalar oğul Xameneiyə bağlı geniş və gizli daşınmaz əmlak portfelini üzə çıxarıb. O, 2019-cu ildən ABŞ sanksiyaları altındadır. Vasitəçilər və "saxta şirkətlər" vasitəsilə dünyadakı lüks aktivlər şəbəkəsini qoruyub saxladığı, hətta genişləndirdiyi bildirilir.
M.Xameneinin xanımı Zəhra Həddad-Adil də qayınatası ilə birlikdə ABŞ və İsrailin hücumu nəticəsində həlak olub.