Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İranın üçüncü Ali rəhbəri təyin edilib. Yeni rəhbəri seçməyə məsul Ekspertlər Məclisi bu təyinatı martın 8-də elan edib.
M.Xamenei Ali rəhbər postunda bütün siyasi və hərbi məsələlərdə son söz sahibinə çevrilir, diktator səviyyəsində səlahiyyətlər əldə edir.
Ancaq bu vəzifə onu ABŞ və İsrail qüvvələrinin mümkün hədəfinə çevirir. Onun atası Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana zərbələrinin elə birinci günü qətlə yetirilb.
"Qəbulolunmaz seçim"
Bu qərardan öncə ABŞ prezidenti Donald Tramp atasının mümkün varisi sayılan M.Xameneini "qəbulolunmaz seçim", "zəif fiqur" adlandırıb. Tramp bildirib ki, Tehranın seçdiyi şəxs Vaşinqton üçün də qəbulolunan olmalıdır.
"O (növbəti ali rəhbər) bizim təsdiqimizi almasa, çox davam gətirməyəcək", – Tramp ABC News-a deyib, həmin vəzifəyə "uyğun gələ biləcək" çox sayda insanın olduğunu sözlərinə əlavə edib.
Tramp Xameneinin təyinatından az sonra İsrailin "Times of Israel" nəşrinə müsahibəsində bu addımı birbaşa şərh etməyib, "görərik nə olacaq" deməklə kifayətlənib.
Ali rəhbər təyinatı xəbərindən bir neçə saat öncə İsrailin Müdafiə Qüvvələri (SAXAL) xəbərdarlıq edib ki, "İsrail hər hansı varisi və varis təyin etməyə çalışan hər kəsi izləməyə davam edəcək", varisin seçildiyi iclasa qatılan Ekspertlər Məclisinin üzvlərini hədəfə almaqdan çəkinməyəcək.
İsraildə müxalifət lideri Yair Lapid martın 8-də AzadlıqRadiosuna müsahibəsində deyib ki, İsrail Ə.Xameneinin ölümündən sonra hakimiyyətə gələcək istənilən yeni ali rəhbərə zərbə endirmək hüququnu özündə saxlayır.
Xameneinin təyinatı açıqlanandan az sonra İran İsrail istiqamətində raketlər buraxdığını bildirib.
Dövlət televiziya şirkəti IRIB Telegram kanalında yazıb ki, "İran Müctəba Xameneinin əmri ilə işğal olunmuş ərazilərə doğru ilk raket dalğasını göndərib". Kanal üzərində "Əmrinizdəyik, Seyid Müctəba" sözləri yazılmış raketin fotosunu paylaşıb.
Ekspertlər Məclisi geri çəkilmir
Ekspertlər Məclisi qərarı açıqlayarkən deyib ki, "kəskin müharibə vəziyyəti və düşmənlərin birbaşa təhdidlərinə baxmayaraq" seçim edilib.
M.Xamenei İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələri ilə tanınır.
Dövlət mediasına görə, sərt xətt tərəfdarı olan SEPAH yeni liderə "sədaqət andı" içib, onun təyinatını dəstəkləyib. Silahlı qüvvələrin rəhbərliyi də yeni rəhbər kimi Xameneinin ardınca gedəcəyini bəyan edib.
Milli təhlükəsizlik qurumunun başçısı Əli Laricani də yeni ali rəhbərin ətrafında birlik çağırışı səsləndirib. Onun sözlərinə görə, Ekspertlər Məclisi seçimi özünün hədəf alınma təhdidlərinə baxmayaraq, seçimi edib.
Martın 8-də İrana hava zərbələri davam edib. Tehranda neft depoları, emal müəssisələri vurulub. İsrail qüvvələri İrandan kənarda da əməliyyatları davam etdirib.
İran isə ABŞ hərbi aktivlərinin olduğu Körfəz ölkələrinə zərbələr endirib. Baxmayaraq ki, prezident Məsud Pezeşkian Vaşinqtonun ərəb müttəfiqlərinə daha öncəki hücumlara görə üzr istəmişdi.
Kürdüstan Azadlıq Partiyasından (PAK) olan İran döyüşçülər Ərbilin kənarındakı bazada təlim keçirlər.
Tramp: ABŞ kürdlərin hücuma keçməsini istəmir
Tramp bir gün öncəki açıqlamasında bildirib ki, etnik kürdlərin İrana hücum etməsini istəmir. Ötən həftə Trampın İraqdakı iranlı kürd mühacirlərin quru əməliyyatına təşviq etməsi ehtimalı ətrafında ziddiyyətli xəbərlər yayılmışdı.
"Kürdlərin hücuma keçməsini gözləmirik. Kürdlərlə yaxın dostuq, amma müharibəni olduğundan daha da mürəkkəbləşdirmək istəmirik", – Tramp jurnalistlərə deyib.
"Kürdlərin yaralanmasını, öldürülməsini istəmirəm. Onlar daxil olmağa hazırdırlar, amma onlara demişəm ki, bunu etməsinlər. Kürdlər də qoşulsa, müharibə daha da mürəkkəbləşər", – Tramp əlavə edib.
ABŞ prezidenti martın 5-də "Reuters"ə demişdi ki, iranlı kürd döyüşçülərin ABŞ və İsrailin zərbələrinə dəstək üçün hücuma keçməsinə tam dəstəkləyərdi.
İran Körfəz ölkələrini hədəfə alır
M.Xamenei yeni ali lider elan olunandan sonrakı bir neçə saat ərzində İran İsrailə və Körfəz ölkələrinə raket və dron hücumları həyata keçirib.
Körfəzin kiçik ada dövləti Bəhreynə ağır zərbə endirilib. Martın 9-da Səhiyyə Nazirliyi İranın dron hücumunda 32 mülki şəxsin yaralandığını bildirib. Onlardan dördünün vəziyyəti ağırdır, aralarında uşaqlar da var.
Martın 9-da Qətərin paytaxtı Dohada da partlayışlar baş verib. İran Körfəzdə irimiqyaslı cavab zərbələrinə başlayanda bu şəhər dəfələrlə İranın dron və raket hücumlarına məruz qalıb.
"İranın davam edən hücumları eskalasiyaya səbəb olacaq, münasibətlərə indi və gələcəkdə ciddi təsir göstərəcək". Bunu Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bildirib. Qurum İranın bir sıra ərəb ölkələrinə hücumlarını, mülki şəxslərin, həyati əhəmiyyətli obyektlərin, diplomatik nümayəndəliklərin hədəfə alınmasını qınayıb.
ABŞ Dövlət Departamenti Ər-Riyaddakı səfirliyində ikinci dərəcələ işlərdə çalışan diplomatik heyətə və onların ailələrinə Səudiyyə Ərəbistanından çıxmağı tapşırıb.
İraqın Bəsrə şəhərində dron hücumundan sonra ABŞ-nin "Halliburton" şirkətinin ofis və anbar kompleksi.
İraq Kürdüstanına da zərbə endirilib
Dronlar İraq Kürdüstanının Ərbil şəhəri yaxınlığındakı ABŞ hərbi bazası ətrafına zərbə endirib. Bundan başqa, təhlükəsizlik qüvvələri Bağdad hava limanı yaxınlığındakı ABŞ diplomatik obyektini hədəfləyən dron və raketlərin qarşısını aldıqlarını bildiriblər.
İrandan çıxmış minlərlə kürd İraqın yarımmuxtar Kürdüstan bölgəsində bazalar qurub. Onların hərbi dəstələri bölgədəki iraqlı kürdlərdən ayrıdır.
İran daxilində və xaricdəki iranlı kürdlərin Tehran rejiminə qarşı hücuma başlaya biləcəyi ehtimalı var. Tramp isə kürdlərin ABŞ-İsrail zərbələrinə qoşulmasını, vəziyyətin daha da mürəkkəbləşməsini istəmədiyini dilə gətirib.
İsrail yeni ali rəhbərin elan edilməsinə mərkəzi İrana zərbələrlə cavab verib. SAXAL bildirib ki, İsrail qüvvələri "İran terror rejiminin mərkəzi İrandakı infrastrukturlarına əlavə zərbə dalğasına başlayıb".
Yaxın Şərqdə neft sektoru və daşımalarda pozuntular martın 8-də neftin 25 faizdən çox bahalanmasına səbəb olub. Bu, dünya iqtisadiyyatı üçün potensial zərərli inkişaf sayılır.
Tramp deyib ki, xam neft qiymətlərinin artması İranın nüvə təhlükəsini aradan qaldırmaq yolunda veriləcək "kiçik" bədəldir. Tramp və İsrail İranı nüvə silahı hazırlamaq cəhdində ittiham edir. Tehran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.