1 il 8 aydır həbsdə olan jurnalist Nurlan Qəhrəmanlı (Libre) saxlandığı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldığını deyir. Bu barədə o, oktyabrın 26-da öz məhkəməsində danışıb.
30 yaşlı Nurlan “Meydan TV” işi üzrə həbsdə olan 12 jurnalistdən biridir. Onların işinə bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin dindirilməsi yekunlaşıb, hazırda şahidlərin dindirilməsi mərhələsidir.
Lakin oktyabrın 26-da məhkəmə iclasında N.Libre şahidlərin dindirilməsinə etiraz edərək vurğulayıb ki, şahidlər dindiriləndə ona lazım olan bütün materiallar istintaq təcridxanasında əlindən alınıb. Bununla da müdafiə hüququ pozulub. Təcridxanada döyüldüyünü, təhqir olunduğunu və heç bir əsas olmadan oktyabrın 18-də cərimə kamerasına (“kars”) salındığını deyən jurnalistin sözlərinə, bütün bunlara səbəb son vaxtlar ölkədə gündəmin əsas müzakirə mövzusu olan hicab haqda yazdıqlarıdır:
“Karsa salınmağım barədə qərarda yalan yazdılar ki, guya kameramda axtarışa mane olmuşam. Gerçək səbəb hicabla bağlı yazdıqlarım idi. Mənə görə kamera yoldaşımı da cəzalandırdılar”.
Jurnalist məhkəmə prosesinin davam etdirilməsinə etirazını bildirib. Deyib ki, dindiriləcək şahidlərə suallar verməkdən ötrü əlində heç bir sənədi, qeydləri yoxdur. Kamerasında axtarış vaxtı hamısını götürüblər: “Bu, müdafiə hüququnun pozulmasıdır. Mən indiki halda, faktiki özümü müdafiə edə bilmirəm”.
Müzakirələrdən sonra bu səbəbdən şahidlərin dindirilməsi təxirə salınıb.
Aynur Elgünəş ev dustaqlığına buraxılmayıb
“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin (Qənbərova) vəkili Elçin Sadıqov isə müvəkkilinin sağlıq durumunun ağırlığından danışaraq, onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil vurğulayıb ki, jurnalistin səhhəti günü-gündən pisləşir, həkimlər onun təcili əməliyyat olunması barədə rəy veriblər. Lakin xəstəxana birbaşa əməliyyata razılıq vermir. Çünki A.Elgünəş indiyədək 17 dəfə cərrahiyyə əməliyyatı keçirib. Onun KT (Kompüter Tomoqrafiya) və başqa müayinələrdən keçmədən əməliyyat olunması risklidir: “Həkimlər deyir ki, orqanizmin bu əməliyyata tab gətirib-gətirməyəcəyini bilmək lazımdır”.
Aynur Elgünəş
Vəkilin sözlərinə görə, böyrək, şiş və başqa xəstəliklərdən əziyyət çəkən jurnalistin təzyiqi tez-tez kəskin dəyişir, bədənində qançırlar yaranıb.
Lakin hakimlər A.Elgünəşi ev dustaqlığına buraxmaqdan imtina edib.
“Meydan TV işi” üzrə məhkəmə prosesi noyabrın 2-də davam edəcək.
Jurnalist N.Librenin istintaq təcridxanasında zorakılığa məruz qalması və əsassız cəzalandırılması barədə dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Lakin bundan öncə bir qayda olaraq, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən AzadlıqRadiosuna açıqlamalarda penitensiar müəssisələrdə saxlanılan şəxslərə qarşı pis rəftarla bağlı iddialar təkzib edilib. Onların qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarının təmin olunduğu bildirilib.
Xatırlatma
“MeydanTV”nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist saxlanılıb - Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı.
Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda foto-jurnalist Əhməd Muxtarov da “Meydan TV” ilə bağlı cinayət işi üzrə həbs olunub.
Onlara qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və başqa ittihamlar verilib. İddia olunur ki, jurnalistlər qaçaqmalçılıq yoluyla xaricdən valyuta gətiriblər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında “AbzasMedia” və “Toplum TV”nin xeyli əməkdaşı da var.
“AbzasMedia işi” üzrə təqsirləndirilən 7 jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
“Toplum TV” işi üzrə məhkəmə prosesi iyulun sonunda yekunlaşıb və 9 nəfərə 12 ildən 15 ilədək (ümumilikdə 121 il) həbs cəzası kəsilib.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. İddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.