"Amerikanın səsi" radiosunun keçmiş əməkdaşı Ülviyyə Əli deyir ki, onların həbsi təsadüf nəticəsində, yaxud ehtiyatsızlıqdan verilmiş qərar deyil. Onun fikrincə, Azərbaycanda müstəqil jurnalistlərin kütləvi həbsi prezident İlham Əliyevin şüurlu və məqsədli seçimidir.
"Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Mən onları insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, günahsız insanları saxta ittihamlarla həbsə atmaqda ittiham edirəm. Mənim ittihamlarım onlarınkı kimi əsassız və saxta deyil", – jurnalist sentyabrın 14-də məhkəmədə ifadə verərkən belə deyib.
Ü.Əli "Amerikanın səsi"nin əməkdaşı olsa da, 2025-ci ilin mayında MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub. O, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində daha 11 nəfər jurnalistlə birlikdə həmin iş üzrə mühakimə olunur.
"Ülvi Həsənlinin adını silməyə əriniblər"
2016-cı ildə jurnalist kimi fəaliyyətə başladığını deyən Ü.Əlinin sözlərinə görə, 2019-cu ildən "Amerikanın səsi"ndə işləyib və 2025-ci ilin fevralında Xarici İşlər Nazirliyi qurumun əməkdaşlarının akkreditasiyasını ləğv etdiyi üçün fəaliyyətini dayandırmalı olub.
O, həbs olunan həmkarlarının və digər siyasi məhbusların məhkəmə proseslərini sosial şəbəkə hesablarından işıqlandırdığını, qarşılığında heç bir media qurumundan ödəniş almadığını bildirib: "Heç yerdən maliyyə almadığım fəaliyyətimə cəmi iki ay dözə bildilər. Mayda məni saxta ittihamlarla həbs etdilər".
Jurnalist necə tutulması, evində axtarış aparılması və s. haqda da danışıb. Deyib ki, yaşadığı mənzildən tapıldığı iddia olunan 6 min 700 avronu evə gələn polislərin özləri qoyub, özləri də götürüblər. Onun sözlərinə görə, axtarışda vəkil iştirak etməyib. Əvəzində polislərin sayı protokolda göstəriləndən üç dəfə çox olub.
Ü.Əli vurğulayıb ki, müstəntiqlər, hakimlər bu cür işlərdə heç bir əsaslandırmaya ehtiyac duymadan günahsız insanları həbsə göndərirlər. O, sübut olaraq özü haqqında sənədlərdə yazılanları hakimlərin diqqətinə çatdırıb. Məlum olub ki, məhkəmə Ü.Əli haqqında qərarda onun əvəzinə hazırda həbsdə olan başqa bir jurnalist – "AbzasMedia"nın baş direktoru Ülvi Həsənlinin adını göstərib: "Hətta məhkəmə qərarının tərtib edilməsi üçün belə əziyyət çəkməyiblər. Şablonun üstünə yazıblar, orada isə Ülvi Həsənlinin adını silməyə əriniblər. Ülvinin "MeydanTV işi"nə aidiyyəti yoxdur, "AbzasMedia işi" üzrə həbs olunub. Lakin bu onu göstərir ki, məhkəmə katibinin kompüterində sırf jurnalistlər üçün ayrıca qovluq var və oradan rahat hüquqi əsaslandırmasız, sadəcə şəxs adlarını dəyişərək qərarlar verə bilirlər".
Jurnalist saxlanılarkən telefon və kompüterinin şifrəsini deməkdən ötrü zorakılığa məruz qaldığını, hətta təcavüzlə hədələndiyini vurğulayıb. O əlavə edib ki, həbsindən ötən 1 il 4 ay ərzində sağlamlığındakı ciddi problemlərə baxmayaraq, keyfiyyətli tibbi yardım ala bilmir.
Ü.Əli ötən il zorakılığa məruz qalması ilə bağlı məsələni ictimailəşdirəndən sonra ondan izahat alınmış, prokuror Bakı İstintaq Təcridxanasında bu məsələ ilə əlaqədar onu dindirmişdi. Bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Güc strukturları adətən oxşar iddiaları təkzib edir, saxlananlarla hüquq çərçivəsində rəftar olunduğunu bildirirlər.
Rəsmi qurumlar sağlamlığında problem olan məhkumların diqqətdə saxlandığını, onlara lazım olan tibbi yardımın göstərildiyini iddia edir.
""Signal" messencerindən istifadə nə vaxtdan cinayət hesab olunub?"
"MeydanTV işi" üzrə həbsdə olan başqa bir jurnalist Nurlan Libre də sentyabrın 14-də məhkəmədə ifadə verib. Deyib ki, saxlanılarkən zorakılığa məruz qalıb. Bu üzdən işgəncə altında ondan alınmış ifadədən imtina edir: "Yalnız vəkilim Pərviz Hacıyevin iştirakı ilə sonradan istintaq təcridxanasında verdiyim ifadəmi qəbul edirəm".
N.Libre bildirib ki, onu və həmkarlarını qaçaqmalçılıq, cinayət yolu ilə əldə olunmuş vəsaiti leqallaşdırma kimi əməllərdə ittiham edirlər, amma heç bir sübut ortaya qoymurlar. Ortaya qoyulan sübutlar isə onların "Signal" messencerindən istifadə etməsi, xaricə səfərləri, bir-biri ilə telefonla əlaqə saxlamaları və s. məsələlərdir: "Bəlkə, zəng edib bir-birimizin ad gününü, hansısa uğurunu təbrik etmişik? "Signal" messencerindən istifadə nə vaxtdan cinayət hesab olunub?".
2018-ci ildən jurnalist kimi fəaliyyət göstərdiyini deyən N.Libre əlavə edib ki, "Portağal Media" adlı internet kanalı vardı.
"MeydanTV işi" üzrə məhkəmə prosesi sentyabrın 28-də davam edəcək.
Xatırlatma
MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Deko 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist saxlanılıb - Şəmşad Ağa, Nurlan Libre və Fatimə Mövlamlı.
Mayda jurnalist Ülviyyə Əli, avqustda fotojurnalist Əhməd Muxtarov da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub.
Onlara Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və başqa maddələri ilə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin xeyli əməkdaşı da var.
"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
"ToplumTV işi" üzrə məhkəmə prosesi iyulun sonunda yekunlaşıb və doqquz nəfərə 12 ildən 15 ilədək həbs cəzası kəsilib.
Jurnalistlər bu ittihamların heç biri ilə razılaşmır, prezident də daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. İddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.