'MeydanTV işi' üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb olunur

Ramin Deko, Aynur Elgünəş, Xəyalə Ağayeva, Aysel Umudova, Aytac Tapdıq və Natiq Cavadlı.

Dövlət Vergi Xidməti "MeydanTV işi" üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb edir. Bu qurumun nümayəndəsi oktyabrın 12-də məhkəmədə bu tələblə mülki iddia qaldırıb.

"MeydanTV işi" üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən jurnalistlərin ifadələri yekunlaşıb və budəfəki məhkəmə iclasından şahidlərin dindirilməsinə başlanıb.

Oktyabrın 12-də şahid ifadələrindən öncə Dövlət Vergi Xidmətinin hüquqşünası Leyla Hüseynova 79 min manatlıq mülki iddianı qaldıranda jurnalistlər də, vəkillər də ondan soruşublar ki, konkret kimdən nə qədər tələb olunur? O isə cavabında bildirib ki, 12 nəfərdən kimin nə qədər ödəməsi əhəmiyyətli deyil, əsas olan toplam 79 min 89 manatın ödənilməsidir: "Bu məbləğlə bağlı 12 nəfərin arasında bölgü etmək mənim səlahiyyətimdə deyil. Mən mülki iddiada göstərilən məbləği müdafiə edirəm".

Hüquqşünas bildirib ki, Bakı şəhər Baş Polis İdarəsindən göndərilən materiallar əsasında audit şöbəsi bu məbləği hesablayıb. Onun sözlərinə görə, tələb olunan vergi qrant müqavilələrinə əsaslanır.

"Siz deyirsiniz ki, işdəki qrant müqavilələrinə əsaslanaraq bu məbləğ hesablanıb. Qrant ianə deməkdir. Qanuna görə isə ianələr mənfəət vergisindən azaddır", - vəkillər belə deyib.

Nümayəndə isə bu məsələnin ona aidiyyəti olmadığını, Dövlət Vergi Xidmətinin tələbini müdafiə etdiyini vurğulayıb.

Ardından şahidlərin dindirilməsi mərhələsi başlayıb. Məhkəmədə məlum olub ki, çağrılan şahidlərdən ikisi – Ülviyyə Məmmədova və Fərəh Əliyeva teleqram göndəriblər. Onlar teleqramda istintaqdakı ifadələrini təsdiqlədiklərini yazıblar.

Ramin Deko

"Heç bir kilometr getməmişdik, yol polisi saxladı"

Təqsirləndirilən jurnalistlərdən Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-da Gürcüstandan qayıdarkən Bakıda hava limanında taksiyə əyləşib və bir qədər gedəndən sonra saxlanılıb. Cinayət işində iddia olunur ki, saxlanılarkən jurnalistdən 38 min avro pul tapılıb.

Məhkəmədə həmin taksi sürücüsü Mirpaşa Həşimov şahid kimi dindirilib. O bildirib ki, aeroportda bir müştərini düşürüb, gələn sifariş əsasında başqa müştəri götürüb. Bu müştəri də R.Deko olub: "Aeroportdan çıxıb heç bir kilometr getməmişdik, yol polisi saxladı. Arxadan qara rəngli başqa maşın gəldi, içindən 7 polis düşdü. Axtarış apardılar...".

Sürücünün sözlərinə görə, 30 min avronu çamadandan çıxarıblar, 8 min avronu isə jurnalistin əl çantasından.

M.Həşimov R.Dekonun suallarını cavablandırarkən təsdiqləyib ki, onları saxlayandan 10 dəqiqə sonra çəkiliş başlayıb. Həmin müddət ərzində nələr baş verməsi barədə soruşulduqda isə "yadımda deyil" deməklə kifayətlənib.

R.Deko özü isə bu məsələyə belə aydınlıq gətirib: "Həqiqətən yol polisi saxladı, sürücü dedi ki, "yəqin 100 manat cəriməm var, ona görədir". Dərhal qara "Vita" gəldi. Üç nəfər sürücünü apardı, nəsə dedi, dörd nəfər isə məni zorakılıqla aparıb "Vita"nın içinə basdılar. Sürücüdən açarı alıb, yük yerindən çantanı götürdülər. Orada 10 dəqiqə işlərini görüb qurtarandan sonra çəkilişə başladılar".

Jurnalist vurğulayıb ki, əl çantasını könüllü təhvil verib və içində 8 min avro pul olub. Yük çantasından çıxdığı iddia edilən 30 mini isə bura polislər özləri yerləşdiriblər.

Çəkiliş zamanı R.Deko 30 min avronu da özünə məxsus olduğunu söyləyib. Jurnalist bu ifadəsini təzyiq altında olması ilə izah edib.

Əhməd Muxtar

Məhkəmədə təqsirləndirilən jurnalistlərdən fotoqraf Əhməd Muxtarla birlikdə Gürcüstana gedib-gəlmiş iki nəfər də şahid kimi dindirilib. Cinayət işində iddia olunur ki, Ə.Muxtar ölkəyə qayıdanda üstündəki pulun bir hissəsini Elmir Kərimov və Elvin Aşirov adlı bu tanışlarına verib. Onlar da pulun birinin 3 min 500, digərinin isə 5 min avro hissəsini gömrükdən keçiriblər.

Elmir bildirib ki, Ə.Muxtarın ona verdiyi pul fotoaparat üçün lazım olan linzanın pulu idi. Elvin isə təsdiqləyib ki, Ə.Muxtarın aeroportda ondan belə bir xahişi olub, lakin pulu keçirib-keçirmədiyini xatırlamır, çünki üstündən xeyli vaxt keçib.

"MeydanTV işi" üzrə məhkəmə prosesi oktyabrın 26-da davam edəcək.

Xatırlatma

MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.

Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist saxlanılıb: Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı.

Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda isə fotojurnalist Əhməd Muxtarov da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub.

Onlara qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və başqa ittihamlar verilib. İddia olunur ki, jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətiriblər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında AbzasMedia və ToplumTV-nin də xeyli əməkdaşı var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilədək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə prosesi iyulun sonunda yekunlaşıb və doqquz nəfərə 12 ildən 15 ilədək (ümumilikdə 121 il) həbs cəzası kəsilib.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə və məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. Onların iddiasına görə, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.