Jurnalist Nurlan Libre: '21 gündür aclıq edirəm, məni məhkəməyə zorla gətiriblər'

Nurlan Libre (Qəhrəmanlı)

"MeydanTV işi" üzrə həbsdə olan jurnalistlərdən Nurlan Qəhrəmanlı (Libre) 21 gündür aclıq aksiyası keçirdiyini söyləyir. Fevralın 6-da keçirilən məhkəmədə saxlandığı Bakı İstintaq Təcridxanasından zorla gətirildiyini deyib.

N.Qəhrəmanlı da daxil, "MeydanTV işi" üzrə həbsdə olan 12 jurnalistin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Fevralın 6-dakı məhkəmə iclasında N.Qəhrəmanlının vəkili Cavad Cavadov müvəkkilinin uzun müddət aclıq etdiyini, hazırda sağlamlığında ciddi problemlər yarandığını vurğulayaraq məhkəməyə həkim çağrılması barədə vəsatət qaldırıb.

Həkim gəlib, jurnalisti müayinə edib, təzyiqini ölçüb..

"MeydanTV işi" üzrə məhkəmə prosesində bir neçə iclasdır prokuror ittiham aktını elan edir. O, yenə ittihamın elanını davam etdirərkən, N.Qəhrəmanlı müdaxilə edərək məhkəmə zalında digər təqsirləndirilən jurnalistlərdən ayrı saxlanmasına etirazını bildirib. Hakim bunun öncəki məhkəmə iclaslarından birində onun özünə xəsarət yetirməsiylə bağlı olduğunu, bu üzdən xüsusi nəzarətdə saxlandığını söyləyib. Bununla belə, daha sonra N.Qəhrəmanlının da digər jurnalistlərin yanına köçürülməsinə icazə verib.

Ardından jurnalist 21 gündür aclıq aksiyası keçirməsindən və bunun səbəblərindən danışıb, dövlət orqanlarının onun şikayətlərinə laqeyd münasibətindən gileylənib: "Mənim ailəmlə, vəkilimlə normal şərtlərlə əlaqə saxlamağıma, vəkilimə məktub və müraciətlərimi çatdırmağıma imkan verilmir. Ombudsman Aparatı, Prokurorluq əməkdaşlarından bugünə qədər heç kim gəlib müraciətlərimlə maraqlanmayıb. Bu gün məni məhkəməyə zorla gətiriblər".

N.Qəhrəmanlı həbsdə olan sonuncu həmkarı azadlığa buraxılanadək aclığı davam etdirəcəyini də vurğulayıb.

Şəmşad Ağayev

Ardından prokuror yenə ittihamın elanını davam etdirərkən, təqsirləndirilən jurnalistlər etiraz ediblər. "İttiham aktında çox sayda yalanlar var. Biz bu yalanlara etiraz etmək istəyirik, bunun üçün vəsatətlər qaldırırıq, buna da imkan vermirsiniz. Belə məhkəmə olar?!", - təqsirləndirilən jurnalistlərdən arqument.az saytının baş redaktoru Şəmşad Ağayevin sözləridir.

Hakim Aytən Əliyeva etirazlara baxmayaraq, ittiham aktının tam şəkildə elan olunacağını bildirib.

Ş.Ağayev Ali Məhkəmənin qərarına istinad edərək deyib ki, jurnalistlər açıq məhkəmə prosesində çəkiliş apara bilərlər: "Amma bu prosesə gələnlərin telefonlarını qapıda alırsınız".

Hakim Ş.Ağayevə çıxışını davam etdirməyə imkan verməyib.

Artıq üçüncü məhkəmə iclasıdır ki, prokuror ittiham aktını elan edir. Bu müddətdə təqsirləndirilən 12 nəfərdən beşi (Aynur Qənbərova (Elgünəş), Ülvi Tahirov, Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı və Aytac Əhmədova) haqqında ittiham elan olunub.

"MeydanTV işi" üzrə məhkəmə prosesi fevralın 13-də davam edəcək.

Xatırlatma

MeydanTV-nin baş redaktoru Aynur Qənbərova (Elgünəş), əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub.

Bu cinayət işi üzrə fevralda daha üç jurnalist saxlanılıb - Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı.

Mayda jurnalist Ülviyyə Quliyeva (Əli), avqustda fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunublar.

Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və başqa maddələriylə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında AbzasMedia və Toplum TV-nin xeyli əməkdaşı da var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə davam edir.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur və iddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.