MeydanTV-nin həbsdə olan əməkdaşlarından Aytac Tapdıq deyir ki, ölkədə təməl hüquqlardan olan söz və ifadə azadlığından istifadəyə görə insanlar həbs olunursa, o ölkədə yaşamağın özü təhlükəlidir.
"Azərbaycanda söz və ifadə azadlığı Əliyev hakimiyyətinin təcavüzü altındadır. Həqiqəti bilmək bir haqdır. Əgər bu, cinayət hesab olunursa, o zaman insan olmağın özü ittiham predmetinə çevrilir", - jurnalist avqustun 7-də məhkəmədəki ifadəsində belə deyib.
"MeydanTV işi" üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesində hələ ki, təqsirləndirilən jurnalistlərin dindirilməsi mərhələsidir. Avqustun 7-də keçirilən məhkəmədə onlardan daha üçü – Aytac Tapdıq, Aysel Umudova və Nurlan Libre ifadə verib. Hamısı da onlara qarşı irəli sürülmüş qaçaqmalçılıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamların saxta olduğunu, jurnalist fəaliyyətlərinə görə cəzalandırıldıqlarını vurğulayıblar.
İfadələrdən öncə fotojurnalist Əhməd Muxtarovun vəkili Rəşad Əliyev onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, müvəkkilinin gənc xanımı onkoloji xəstəlikdən əziyyət çəkir və bugünlərdə diaqnoz təsdiqlənib. Müdafiəçi məhkəmə heyətindən xahiş edib ki, ailədəki ağır durum nəzərə alınaraq, Ə.Muxtarovun ev dustaqlığına buraxılmasına qərar verilsin.
Vəkil xatırladıb ki, Ə.Muxtarov dərhal həbs olunmayıb. İstintaq dövründə müstəntiq onu bir neçə dəfə çağırıb, o da gəlib: "O, heç vaxt yayınmayıb, məhkəmədən də yayınmaq niyyətində deyil. Tanınmış fotoreportyordur. Xahiş edirik, ailədəki ağır vəziyyəti nəzərə alasınız".
Lakin Zaur Hacıyevin sədrlik etdiyi, Azər Tağıyev və Roman Ələkbərovdan ibarət hakimlər kollegiyası onun ev dustaqlığına buraxılmasına razılıq verməyib.
"500 milyon avronun yanında 12 nəfərə qurub-quraşdırdığınız məbləğ heç nədir"
Ardından ifadələrin dinlənilməsinə başlanılıb.
"Bizi ölkəyə xarici valyuta gətirməkdə ittiham edirlər. Bəs siz ölkədən çamadanlarla çıxardığınız pulların hesabını xalqa nə vaxt verəcəksiniz? İlham Əliyev öncə ictimaiyyətə ailəsinin sahib olduğu hüdudsuz sərvətin mənbəyini açıqlasın. Hər halda, Əliyeva bacılarının təkcə Bodrumdakı "Mandarin" kurort kompleksinə yatırdığı 500 milyon avronun yanında 12 nəfərə qurub-quraşdırdığınız məbləğ heç nədir", - Aytac Tapdıq ifadəsində bildirib.
Jurnalist Aysel Umudova ifadəsində peşə fəaliyyətindən və necə həbs olunmasından danışıb. O vurğulayıb ki, evində axtarış aparılsa da, özü həmin prosesdə iştirak etməyib. Polislər onu Şabranda olarkən saxlayaraq birbaşa Bakı şəhər Baş Polis İdarəsinə gətiriblər. Həmin vaxt onun cibindən evinin açarını götürüb, gedib axtarış aparıblar. Evdə isə yalnız pişiyi "Mia" olub.
Nurlan Libre (Qəhrəmanlı)
Jurnalist Nurlan Libre ifadəsində ötən əsrin 30-cu illərində yaşanan repressiyalara bənzər hadisələrin 100 il sonra yenidən təkrarlandığını vurğulayıb. O bildirib ki, repressiyanın forması dəyişsə də, mahiyyəti dəyişmir: "1937-ci ildə "xalq düşməni" deyə ittiham edirdilər, indi isə "qaçaqmalçı", "qanunsuz sahibkar", "vergidən yayınan", "saxta sənəd istifadəçisi" kimi qələmə verirlər. Amma o zaman da, indi də dövlətin qorxusu azad söz olaraq qalır. Ziddiyyətli məqam isə budur ki, indiki konstitusiyada Azərbaycan dövlətinin demokratik və hüquqi mahiyyət daşıdığı, hətta respublika olduğu qeyd edilib".
Məhkəmənin iş saatı başa çatdığından N.Libre ifadəsini tamamlaya bilməyib. Bu səbəbdən onun ifadəsinin davamı sentyabrın 14-də keçiriləcək növbəti məhkəmə iclasına qalıb.
Xatırlatma
MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva və Ramin Deko 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist — Şəmşad Ağa, Nurlan Libre və Fatimə Mövlamlı saxlanılıb.
Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda fotojurnalist Əhməd Muxtarov da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub.
Onlara Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və digər maddələri ilə ittihamlar irəli sürülüb. Jurnalistlər xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirməkdə ittiham olunurlar. Bu maddələrin sanksiyalarında 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Sizin brauzer HTML5-i dəstəkləmir
MeydanTV məhkəməsi bərpa olundu: Şəmşad Ağa 'saxta iş' dedi, mikrofon söndü
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin xeyli əməkdaşı da var.
"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilə qədər həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
"ToplumTV işi" üzrə məhkəmə bugünlərdə yekunlaşıb və doqquz nəfərə 12 ildən 15 ilədək həbs cəzası kəsilib.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə və məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını vurğulayırlar. Onlar iddia edirlər ki, jurnalistlər törətdikləri konkret əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar.