Lukaşenka da konstitusiyanı dəyişmək istəyir

Alyaksandr Lukaşenka

Təklif olunan dəyişikliklərdə Lukaşenka üçün toxunulmazlıq nəzərdə tutulur

Belarusu idarə edən Alyaksandr Lukaşenka ona avtoritar idarəçiliyini möhkəmləndirməyə və 2035-ci iləcən hakimiyyətdə qalmağa imkan verəcək konstitusiya düzəlişləri layihəsini açıqlayıb.

67 yaşlı Lukaşenka düzəlişlərin 2022-ci ilin fevralında referenduma çıxarılacağını bildirib.

Buna da bax: Minsk AzadlıqRadiosunun Belarus xidmətini ‘ekstremist’ elan etdi

Prezidentlik limiti

Layihə BelTA dövlət xəbər agentliyi və prezidentin vebsaytında dərc olunub.

2020-ci ilin mübahisəli prezident seçkisinin nəticələrinə etiraz edənlərə amansızlıqla divan tutulması yerli və beynəlxalq tənqidlərə səbəb olmuşdu. Onda Lukaşenka konstitusiyanı dəyişdirməyi təklif elədi.

O, seçkinin rəsmi qalibi elan olunsa da, müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını bildirir.

Təklif olunan dəyişikliklərdə Lukaşenka üçün toxunulmazlıq nəzərdə tutulur. Bundan başqa hər biri beş il olmaqla iki dəfə prezident seçilmək məhdudiyyəti qoyulur. Məhdudiyyət ancaq gələcəyə aiddir deyə, Lukaşenkanın 81 yaşınadək hakimiyyətdə qalmasını təmin edə bilər.

Buna da bax: Bu il Almaniyaya Belarusdan 11 min miqrant keçib

Xalq Məclisi

Dəyişikliklər hazırda formal hesab olunan parlamenti daha da zəiflədir, Ümum-Belarus Xalq Məclisinin rolunu möhkəmləndirir. Loyalistlərdən ibarət bu periodik toplantının hazırda heç bir qanuni idarəedici statusu yoxdur. Amma dəyişikliklər qəbul olunarsa, bu məclis parlamentə paralel fəaliyyət göstərə bilər.

Təkliflərə görə, vəzifədə olan prezident avtomatik olaraq 1200 yerlik məclisin üzvüdür və digər nümayəndələr tərəfindən seçilərsə, ona sədrlik edə bilər.

Avropa Siyasi Təhlil Mərkəzindən Tadeuş Gikzan deyib ki, Lukaşenka müəyyən məqamda Ümum-Belarus Xalq Məclisinin sədri seçiləcək.

Buna da bax: ‘Lukaşenkanı təhqir etməyə görə’ blogerə üç il həbs kəsildi

Prezident seçilmək qadağası

Təkliflərə görə, son 20 ildə ölkəni müvəqqəti tərk etmiş istənilən şəxsin prezident olması yasaqlanacaq. Bu təklifin müxalifətçiləri hədəfə aldığı aydındır, çünki onların çoxu siyasi təqiblərdən yayınmaq üçün ölkədən çıxmalı olub.

Lukaşenkanın opponentləri konstitusiyası yenidən yazmaq cəhdini onun hakimiyyətdə qalmasını hədəfləyən biabırçı addım hesab edirlər.

“Rejimin konstitusiya layihəsi belaruslulara real seçim vermir. O, diktatorun hakimiyyətini təmin etməsinə, süni Ümum-Belarus Xalq Məclisi vasitəsilə vəziyyətə nəzarət etməsinə, təqibdən yayınmasına imkan verəcək. Böhranın yeganə həlli yeni prezident seçkisidir”, – müxalifət lideri Svetlana Tixanovskaya Twitter-də yazıb. Müxalifət ötənilki seçkini məhz onun udduğunu deyir.

Buna da bax: Tixanovski, Losik və digərlərinə sərt cəzalar kəsildi

“Milli dialoq” çağırışı

ABŞ Dövlət Departamenti Lukaşenkanı müxalifət və vətəndaş cəmiyyəti ilə “milli dialoq” vasitəsilə siyasi həllə nail olmağa, yeni seçki keçirməyə, yüzlərlə siyasi məhbusu azad etməyə çağırıb.

Lukaşenka 1994-cü ildən Belarusu idarə edir. İndiyədək beynəlxalq müşahidəçilər ölkədə keçirilmiş heç bir seçkini azad və ədalətli hesab etməyib.

Ötənilki seçkidən sonra onminlərlə belaruslu küçələrə çıxıb. Minlərlə etirazçı saxlanıb. Onlarla pis rəftar olunmasına, işgəncə verilməsinə dair məlumatlar var.

Vyasna insan haqları qrupu ölkədə 900-dən çox siyasi məhbus olduğunu bildirir.

Qərb Lukaşenkanı prezident kimi tanımır, rejimə qarşı bir sıra sanksiyalar açıqlayıb.