'Rusdillilər və İslam ölkələrindən olanlar gəlməsinlər' – Latviyada miqrasiya müzakirələri qızışır

Saxlanılan miqrantlar Vorzova yaxınlığındakı Belarus-Latviya sərhədində gözləyirlər.

Latviyanın yeni daxili işlər naziri bu yaxınlarda "miqrantlar mənə nifrət edəcək" deyərək, Avropa İttifaqından kənar ölkələrdən gələnlər üçün yeni məhdudiyyətlər anons edib. Ölkədə onunla eyni fikirdə olan mühafizəkar siyasətçilər az deyil; onlar miqrasiyanı yerli xalq üçün ciddi təhlükə sayırlar.

"Nastoyaşeye Vremya Baltiya" proqramı Latviyada həm körpülər, həm də özünə yeni həyat quran tacikistanlı filoloq Məhəmməd Zəriflə həmsöhbət olub.

Məhəmməd Zərifin ailəsi Tacikistanda yaşasa da, onun qəlbi həmişə uzaq diyarlara can atıb.

"Mən şərqşünasam, filoloqam. Tacikistanda hər şey yaxşı idi – universitetdə ərəb dili dərsi deyirdim, dolanışığım da rahat idi", – Məhəmməd keçmişini xatırlayır. "Amma dünyanı görmək, xaricdə işləmək, insanların oralarda necə yaşadığına şahid olmaq istəyirdim. Bir gün iş elanlarına baxarkən Latviyada işçi qüvvəsinə ehtiyac olduğunu gördük. Bu ölkəni seçib gəldik. Əvvəlcə viza aldım, sonra isə rəsmi iş yerimə əsasən müvəqqəti yaşayış icazəsi verildi".

Artıq səkkiz ildir Latviyada yaşayan Zərif tikinti sahəsində çalışır. Hazırda onun briqadası Riqadakı obyektlərdən birindədir. Burada tam bir beynəlmiləl mühit var: latışlar, ruslar, belaruslar, taciklər və özbəklər çiyin-çiyinə işləyirlər. Zərif bu illər ərzində Latviyanın, demək olar ki, hər bucağında iz qoyduğunu — yollar, körpülər və müxtəlif infrastruktur layihələrinin təmirində çalışdığını fəxrlə deyir.

Məhəmməd vətəninə ildə cəmi bir-iki dəfə, o da məzuniyyət vaxtı gedə bilir. Tikintidən qalan boş vaxtlarında isə latış dilini öyrənir; hələlik yalnız ilkin bazaya sahibdir. Latviyanı çox sevsə də, gələcəyini tamamilə bu ölkəyə bağlayıb-bağlamayacağını hələ dəqiq bilmir.

"Latviyanı bəyənirəm, burada yaşamaq və işləmək istəyirəm. Amma insan bir dəqiqə sonra harada olacağını, başına nə gələcəyini bilmir", – o, filosofcasına gülümsəyir. "İş varsa, deməli, hər şey əladır. Artıq bura alışmışıq, yerli camaatın da bizə münasibəti çox istiqanlıdır".

Latviya niyə cəlbedicidir?

Rəsmi rəqəmlərə görə, ötən il Latviya miqrasiya xidməti xaricilərə 15 mindən çox ilkin yaşayış icazəsi verib. Bir il əvvəl də göstərici eyni olub. 2023-cü ildə isə ukraynalı qaçqınların axını səbəbindən bu rəqəm rekord həddə — 27 mini ötüb.

Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn xarici işçilərin sayı son iki ildə 20 faiz artıb. Keçən il ən çox iş icazəsi Özbəkistan, Hindistan, Belarus və Tacikistan vətəndaşlarına verilib. Onlar əsasən yük daşımaları, tikinti və restoran biznesində çalışırlar.

Ekspertlər miqrantların Latviyanı seçməsini xalis iqtisadi səbəblərlə izah edirlər. Xaricilərin inteqrasiyası ilə məşğul olan "Make Room" fondunun rəhbəri Miks Tselminış vəziyyəti belə şərh edir: "Latviyada həyat səviyyəsi kifayət qədər yüksəkdir. Eyni zamanda, kirayə və gündəlik xərclər Avropanın digər ölkələri ilə müqayisədə xeyli ucuzdur. Təhsil haqları da münasibdir. Doğrudur, burada Almaniyadakı qədər xarici tələbə yoxdur, amma Almaniyada tələbələrin universitetdən xaric edilməsi prosesi də xeyli sərtdir".

Siyasətçilər nə deyir? Qorxular və təkliflər

Amma Latviyanın siyasi elitasında miqrasiya dalğasına qarşı narazılıq artmaqdadır. Hazırda həm ölkə hökumətində, həm də Riqa şəhər dumasında təmsil olunan sağ-mühafizəkar "Milli Birlik" (Nacionālā apvienība) partiyası Avropa İttifaqından kənar ölkələrdən gələn miqrasiyanı dayandırmağı əsas hədəf seçib.

Yeni daxili işlər naziri, məhz bu partiyanın nümayəndəsi olan Yanis Dombrava vəzifəsinə başlayarkən sosial şəbəkədə sərt bəyanat yayıb: "Rusiya, immiqrantlar, mütəşəkkil cinayətkarlıq və iqtisadi qruplaşmalar mənə nifrət edəcəklər".

Dombrava miqrasiyanı ölkə üçün ciddi təhlükə hesab edir. Onun sözlərinə görə, bu, Rusiyanın mümkün hərbi təcavüzündən sonra ikinci ən böyük təhdiddir. "Biz dünyanın digər regionlarından gələn insanların addım-addım bizi əvəz etməsinə özümüz şərait yaradırıq", –nazir bildirib.

Latviyada qanunsuz miqrantların saxlanılması mərkəzi

"Milli Birlik" rəsmiləri ölkəyə kütləvi şəkildə rusdilli miqrantların və yerli mədəniyyətə "yad" hesab etdikləri din daşıyıcılarının gəlməsindən narahatdırlar. Onlar xarici tələbə qəbulunu sərtləşdirməyi təklif edir və qonşu Litvanı nümunə göstərirlər. Onların fikrincə, Litva özünə mədəni baxımdan daha yaxın olan ölkələrdən işçi cəlb edir.

"Məncə, biz Şərqi Asiyaya, məsələn, Filippinə yönəlməliyik. Əgər mütləq kənardan işçi gətirməliyiksə, qoy bu, İslamın və rus dilinin hakim olduğu ölkələr olmasın", – partiyanın deputatı Yurqis Klotinış bildirib. O, əlavə edib ki, filippinlilər ingilis dilini də mükəmməl bilirlər.

Reydlər yoxsa inteqrasiya?

Miqrantların inteqrasiyası ilə məşğul olan təşkilatlar isə problemi başqa tərəfdən görürlər. Onlar bəzi təhsil müəssisələrinin və şirkətlərin sırf qazanc naminə miqrasiya qanunlarını pozduğunu etiraf edirlər. Amma ekspertlərin fikrincə, siyasətçilər sistemi islah etmək əvəzinə, polis reydləri keçirərək birbaşa miqrantların özü ilə mübarizə aparırlar.

"Əgər kimsə burada təhsilini uğurla başa vurubsa, peşə sahibidirsə, o, Latviyada qala bilər – xəstəxanada işləyər, öz biznesini qurar", – M.Tselminış vurğulayır. "İşəgötürənlərimiz kənardan yeni işçi axtarmaqdansa, artıq Latviyada bir neçə il keçirib dili öyrənən xariciləri işə götürməsi və inteqrasiya etməsi çox daha doğru olardı".