Azərbaycanda siyasi məhbus sayılan şəxslərin bir qrupu ABŞ prezidenti Donald Tramp Administrasiyasına və bu ölkənin konqresmenlərinə müraciət edərək onların məsələlərinə diqqət göstərilməsini istəyiblər.
Onların vurğulamasına görə, "Cənubi Qafqazın ən avtoritar ölkəsi" olan Azərbaycanda son illər insan hüquqları total şəkildə pozulur, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, tənqidçi akademiklər və müxalif siyasi liderlər əsassız ittihamlarla həbs edilib.
Müəlliflərə görə, qərarlar siyasi sifariş əsasında verildiyindən yerli məhkəmələrdə məhbusların elementar hüquqları təmin edilmir, həmçinin beynəlxalq məhkəmələrin qərarları icra olunmur.
"ABŞ-nin yaranma fəlsəfəsinin əsas prinsiplərindən və xarici siyasətinin prioritetlərindən biri də dünyada insan azadlıqlarını, demokratik dəyərləri müdafiə etməkdir. Ona görə də ABŞ-nin Belarus və Venesueladakı siyasi məhbuslarla bağlı təcrübəsinə istinad edərək Sizi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlamağa, əməli addımlar atmağa çağırırıq", - müraciətdə bildirilir (Son bir ildə hər iki ölkədə yüzlərcə siyasi məhbus sayılan şəxslər azad ediliblər-red.)
Hələlik müraciətə ABŞ-ın rəsmi dairələri və Azərbaycan hökumətinin təmsilçilərindən münasibət bildirilməyib. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Üstəlik, istər Prezident İlham Əliyev, istərsə də digər hökumət təmsilçiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar təmin edilir.
Azərbaycanın hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı vahid siyahısı yoxdur. "Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq"a görə, hazırda ölkə həbsxanalarında 340 siyasi məhbus cəza çəkir. Amma bəzi hüquq müdafiəçiləri də hesab edirlər ki, bu rəqəm şişirdilib.
ABŞ vitse-prezidenti Azərbaycana fevralın 10-da gələcək
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana və Azərbaycana səfər tarixi bəlli olub. O, Ermənistanda bu gün və sabah, Azərbaycanda isə fevralın 10-11-də olacaq. Açıqlamanı AzadlıqRadiosuna Vensin sözçüsü verib. Vitse-prezidentin fevralın 11-də axşam Vaşinqtona qayıdacağı gözlənilir.
Vensi səfəri zamanı ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.
Daha öncə də açıqlandığına görə, Azərbaycana və Ermənistana səfər prezident Donald Trampın sülh səylərinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) təşviqinə yönəlib.
ABŞ vitse-prezidentinin Azərbaycana səfər proqramı hələlik açıqlanmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Vens Bakıda həbsdəki jurnalistləri müzakirə edəcəkmi? – 'Qətiyyən belə gözləntimiz yoxdur'
Konqresmen Vensi Azərbaycanda vicdan məhbuslarının azadlığa çıxması üçün səy göstərməyə çağırır
ABŞ Konqresinin aparıcı üzvü ölkənin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı rəsmilərlə görüşlərində vicdan məhbuslarının azadlığa buraxılması üçün səy göstərməyə çağırıb. Nümayəndələr Palatasının üzvü, palatanın Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, demokrat Ceyms Makqovern fevralın 6-da vitse-prezidentə ünvanlandığı məktubu dövlət katibi Marko Rubioya da göndərib.
Konqresmen məktubunda Tramp administrasiyasının strateji diplomatiyasının siyasi məhbusların azadlığa çıxmasında uğur qazandığını vurğulayır, Belarusda Sergey Tixanovskinin, Ales Belyatskinin, Mariya Kalesnikovanın adlarını çəkir.
"ABŞ Dövlət Departamentinin insan haqları hesabatlarında Azərbaycan hökumətinin acınacaqlı insan hüquqları göstəriciləri sənədləşdirilib. Azərbaycana səfəriniz və vəzifənizin imkanlarından yararlanaraq vicdan məhbuslarının azadlığa buraxılmasına çalışmağa çağırıram", – məktubda deyilir.
Konqresmen Azərbaycanda həbsdə və ev dustaqlığında olan bir sıra fəalların və jurnalistlərin adlarını qeyd edir: İqtisadçı professor Qubad İbadoğlu, onun qardaşı, "QHT işi" üzrə ittiham olunan Qalib Bayramov, həbsdə olan müxalifətçi Tofiq Yaqublu, AXCP lideri Əli Kərimli, bu partiyadan Məmməd İbrahim, ictimai fəal Bəxtiyar Hacıyev, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə və xanımı Nərgiz Muxtarova, MeydanTV-yə qarşı cinayət işi çərçivəsində həbs olunmuş Şəmşad Ağa, Aynur Elgünəş və Ülviyyə Quliyeva, insan haqları müdafiəçiləri Rüfət Səfərov və Anar Məmmədli.
"Bu, Azərbaycan hakimiyyətinin vicdan məhbusu kimi saxladığı, fundamental, beynəlxalq səviyyədə tanınmış insan haqları pozulan şəxslərin tam siyahısı deyil. Onların hamısı azadlığa layiqdir", – konqresmen vurğulayır.
ABŞ vitse-prezidenti və Azərbaycan hakimiyyəti təmsilçiləri bu çağırışa hələlik reaksiya verməyib.
Vitse-prezident C.D.Vensin Bakıya və Yerevana gələn həftə səfər edəcəyi gözlənilir. "The Associated Press" yazır ki, prezident Donald Tramp Vensə Azərbaycanla Ermənistan arasında 30 ildən çox davam etmiş münaqişəni bitirəcək sazişi möhkəmləndirməyi tapşırıb.
Bakı və Yerevan Vaşinqtonda sülh sazişini paraflayıblar. Onlar əsas nəqliyyat marşrutlarını açmağa, ABŞ ilə enerji, texnologiya və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyə razılaşıblar. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) isə Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistan ərazisindən keçməklə birləşdirəcək.
Hüquq müdafiəçiləri Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbusun olduğunu deyirlər. Rəsmilər isə ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
"Human Rights Watch" insan haqları təşkilatı da bu həftə açıqladığı hesabatda bildirib ki, 2025-ci ildə Azərbaycanda insan haqlarının durumu pisləşib, hökumət müstəqil mediaya, siyasi opponentlərə, vətəndaş cəmiyyətinə təzyiqləri gücləndirib, tənqidçiləri susdurub, qorxu mühitini daha da möhkəmləndirib.