2025-ci ildə Azərbaycanda insan haqlarının durumu pisləşməkdədir, hökumət müstəqil mediaya, siyasi opponentlərə, vətəndaş cəmiyyətinə təzyiqləri gücləndirib, tənqidçiləri susdurub, qorxu mühitini daha da möhkəmləndirib. Bunu "Human Rights Watch" dünyada insan haqlarının vəziyyətinə dair fevralın 4-də açıqladığı hesabatında bildirib.
Qurum qeyd edir ki, hakimiyyət mühacirətdə olan bloqerlərə, jurnalistlərə saxta ittihamlar irəli sürüb, onlara qiyabi hökm çıxarıb, vətəndaş cəmiyyətini iflic edən qanunları özbaşına qüvvəyə mindirib. Saxlanma yerlərində cəzasızlıq şəraitində işgəncə və pis rəftar halları qalmaqdadır.
Beynəlxalq qurumların çıxarılması, mediaya təzyiqlər
"Human Rights Watch" ötən il Azərbaycanda BMT-yə bağlı bir sıra qurumların fəaliyyətinin dayandırıldığını, eləcə də qalan beynəlxalq media qurumlarının akkreditasiyasının ləğv olunduğunu bildirir. Azərbaycan isə bu addımını özünün artıq "yardım alan dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi" ilə izah edib.
Hesabatda deyilir ki, hökumət 2023-cü ilin sonlarından müstəqil mediaya basqıları intensivləşdirib, azı üç müstəqil media platformasını – MeydanTV, AbzasMedia və ToplumTV-ni hədəf alıb. Saxlanan jurnalistlərə qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma ittihamları verilib. Ötən ilin iyununda AbzasMedia jurnalistləri və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə oxşar ittihamlarla 7 ildən 9 ilədək həbsə məhkum edilib.
Hesabatda ötən il barələrində hökm çıxarılan digər ictimai-siyasi fəalların adları sadalanır. Avqustda təsdiqlənmiş qanunvericilik dəyişiklikləri isə hökumətə mediaya və QHT-lərə nəzarət üçün böyük səlahiyyətlər verir. Medianın İnkişafı Agentliyində qeydiyyatdan keçməyən media qurumları qadağan oluna bilər. QHT-lərə xarici maliyyə ayrılmasına isə əlavə məhdudiyyətlər qoyulub.
İşgəncə, pis rəftar
Hakimiyyətin sərbəst toplaşma azadlığını kəskin məhdudiyyətləri davam etdirdiyi vurğulanır.
Həmçinin saxlanma yerlərində işgəncə və pis rəftar hallarının geniş yayıldığı bildirilir. Məsələn, fevralda fəal Cəlal Cavadov həbsdə olan jurnalistlərə dəstək aksiyasına görə saxlandıqdan sonra işgəncə gördüyünü, təzyiq altında sənədləri imzalamağa məcbur edildyini deyib.
İqtisadçı alim Fazil Qasımov məhkəməsində polisin ona verdiyi işgəncələri dilə gətirib. Jurnalistlər Ülviyyə Əli və vətəndaş cəmiyyəti fəalı Əhməd Məmmədlinin də saxlanarkən polis təzyiqi ilə üzləşdiyi bildirilir. Daxili İşlər Nazirliyi indiyədək işgəncə iddialarını təkzib edib.
Hakimiyyət təmsilçiləri adətən ölkədə insan haqlarının durumuna dair beynəlxalq tənqidləri qəbul etmir, təməl insan haqlarının qorunduğunu deyirlər. Amma tənqidləri təkcə "Human Rights Watch" deyil, digər beynəlxalq insan haqları qrupları, eləcə də yerli hüquq müdafiəçiləri dilə gətirir. Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti də hakimiyyəti müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.