Tramp Senatın İran qətnaməsinə qəzəbləndi: 'İşimi çətinləşdirdilər'

Donald Tramp

ABŞ prezidenti Donald Tramp Konqresin iyunun 23-də qəbul etdiyi "Hərbi Səlahiyyətlər" qanun layihəsinə sərt reaksiya verib. Sənəd İranla müharibəni dayandırmaq məqsədilə hazırlanıb.

Tramp özünün "Truth Social" platformasındakı hiddətli paylaşımında bu addımı "vaxtsız və mənasız" adlandırıb: "Bu senatorlar indicə işimi çətinləşdirdilər, amma mən bu işi belə ya elə sonuna qədər çatdıracağam, çünki mən həmişə istədiyimə nail oluram!".

Ağ ev rəhbərinin sözlərinə görə, bu qərar tam da İranın hər bir şərtə razı olduğu, ABŞ-yə və şəxsən ona böyük hörmət etdiyi bir vaxta təsadüf edib.

Tramp mövzu ilə bağlı paylaşımında bildirib: "Belə bir məqamda ABŞ Senatı Hərbi Səlahiyyətlər Aktı üzrə vaxtsız və mənasız səsvermə keçirməyə qərar verir. Onlar bununla dünya terrorunun bir nömrəli sponsoruna çatdırırlar ki, Birləşmiş Ştatlar mənim onlara qarşı etdiklərimi bəyənmir və mən dayanmalıyam".

Qətnamə imzalanması üçün prezidentə təqdim olunmayacaq. Buna görə də sənədin hüquqi qüvvəsi mübahisə doğurur və o, daha çox simvolik xarakter daşıyır.

Konqres Trampa qadağa qoydu: İrana hücum etmək üçün icazə almalıdır

ABŞ Senatı İranla müharibənin dayandırılmasını tələb edən qanun layihəsini az səs fərqi ilə təsdiq edib.

Yeni sənədə əsasən, prezident Donald Tramp yenidən hərbi əməliyyata başlamaq istədikdə, Konqresdən mütləq icazə almalıdır. Bu, ABŞ tarixində hərbi səlahiyyətlərlə bağlı həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən qəbul edilən ilk qətnamədir.

Senatdakı səsvermədə 50 nəfər layihənin lehinə, 48 nəfər əleyhinə səs verib. Səsvermə zamanı dörd respublikaçı senator partiya xəttindən kənara çıxaraq demokratları dəstəkləyib. Qətnamə Trampdan ABŞ ordusunu İranla münaqişədən çıxarmağı tələb edir və hərbi qüvvələrin regionda qalması yalnız Konqresin xüsusi icazəsi olduqda mümkündür.

Bu sənəd imzalanması üçün prezident Trampa göndərilməyəcək. Hazırda Tehran və Vaşinqton atəşkəs şəraitində sülh danışıqları aparır. Buna görə də qərarın münaqişəyə necə təsir edəcəyi hələlik dəqiq bilinmir.

Xarici İşlər Komitəsinin demokrat üzvü Qreqori Miks səsvermədən sonra bildirib ki, Konqresin hər iki palatası prezidentin təkbaşına müharibə apara bilməyəcəyini və İrana qarşı hücumların dayandırılmalı olduğunu açıq şəkildə nümayiş etdirib: "Prezident Trampın mövqeyindən asılı olmayaraq, bu qərar qanunla məcburidir. Prezidentin Konqresin iradəsinə tabe olması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyəm".

Demokrat senatorlar bundan əvvəl də müharibəni dayandırmağa dəfələrlə cəhd göstərsələr də, həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçılar bu təşəbbüslərin qarşısını almışdı.