Koçaryanın müxalif blokundan həbs olunanlar var

Keçmiş prezident Robert Koçaryan Şirak vilayətində seçki kampaniyası aparır

Keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Hayastan" alyansı Ermənistan hökumətini parlament seçkiləri kampaniyasına mane olmaqda günahlandırır. Alyansın bir neçə üzvü və tərəfdarı mayın 14-də səs satınalma ittihamı ilə həbs edilib.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Yerevandan 95 kilometr şimalda yerləşən Spitak şəhərində müxalifət alyansının ofisində axtarış aparıb. Qurumun bəyanatına görə, ofis rəhbəri bir yerli sakinə rüşvət verməkdə, eləcə də digər şəxslərlə birlikdə başqa bir seçicini zorakılıqla hədələməkdə şübhəli bilinir.

Komitə şübhəlilərə məxsus gizli audioyazı yayımlasa da, onların kimliyini açıqlamayıb. Səs yazısında maliyyə məsələləri, həmçinin iyunun 7-nə təyin olunan seçkilərdə müxalifətin qalib gələcəyi təqdirdə bir şəxslə "sərt söhbət" aparılmasının vacibliyi müzakirə olunur. Bununla belə, audioda birbaşa səs satınalmasından söhbət getmir.

Müxalifət liderləri ittihamları rədd edir

"Hayastan" alyansı irəli sürülən ittihamları siyasi motivli adlandıraraq qətiyyətlə rədd edib. Alyans bildirib ki, həbslərin məqsədi onların seçki qərargahlarının fəaliyyətini pozmaq və həlledici seçkilər ərəfəsində "qorxu atmosferi" yaratmaqdır. Bu blok hakim "Vətəndaş Müqaviləsi" partiyasının üç əsas müxalif rəqibindən biridir.

Alyansın yaydığı bəyanatda deyilir: "Onlar bizi axtarışlar və həbslərlə qorxuda bilməzlər. Bu addımlar bir daha sübut edir ki, hökumətin ictimai dəstəyi və özünə inamı yoxdur və o, öz hakimiyyətini qorumaq üçün belə vasitələrə əl atır".

"Güclü Ermənistan" alyansının lideri Samvel Karapetyan Yerevanda məhkəmədə.

Bu həbslər "Hayastan"a qarşı seçkilərlə bağlı açılmış ilk cinayət işidir. Hüquq-mühafizə orqanları digər müxalif qüvvə – milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" alyansına qarşı isə ən azı 11 belə iş açıb. Son həftələr həmin alyansın onlarla üzvü və tərəfdarı oxşar ittihamlarla həbs edilib. Alyans ittihamları rədd edir.

Karapetyan ötən həftə bildirib: "Biz aparıcı qüvvə olaraq səs almaq üçün rüşvət verməyə ehtiyac duymuruq. Ermənistanda davam edən repressiyalar fonunda insanlar arasında dostcasına söhbətlər artıq cinayət sayılır". Onun sözlərinə görə, bu təzyiqlər baş nazir Nikol Paşinyanın seçkiqabağı qorxu və təşvişini göstərir.

Paşinyana qarşı ittihamlar

"Azatutyun" yazır ki, müxalifət Paşinyanın partiyasını dövlətin pulu və baş nazirin xanımı Anna Akopyanın xeyriyyə fondu ilə seçicilərin səslərini pulla almağa çalışmaqda günahlandırır.

Bununla belə, partiyanın heç bir üzvü və ya tərəfdarı bu ittihamlarla bağlı məsuliyyətə cəlb edilməyib.

Bu həftənin əvvəlində Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Talin şəhərinin aztəminatlı sakinlərinə maddi yardım göstərən hökumətyönlü mer Tavros Sapeyana qarşı ittiham irəli sürməkdən imtina edib. Komitədən bildirilib ki, ayrılan sosial yardımların yaxınlaşan seçkilərlə heç bir əlaqəsi yoxdur. Sapeyana qarşı cinayət işi açılmasını erməni vətəndaş cəmiyyəti təşkilatlarının koalisiyası tələb edirdi. Həmin qurumlar merin seçki ilə bağlı xeyriyyə fəaliyyətinə qoyulan hüquqi qadağanı pozduğunu bildirirlər.