Keçid linkləri

2026, 07 May, cümə axşamı, Bakı vaxtı 15:38

Ağrı dağının təsviri Ermənistan pasportlarından da yığışdırılır

Ağrı dağının mənzərəsi fonunda Xor Virap monastırı
Ağrı dağının mənzərəsi fonunda Xor Virap monastırı

Ermənistanın yeni biometrik pasportundan Ağrı dağının təsviri çıxarılıb. Ermənilərin "Ararat" adlandırdığı bu dağ Türkiyə ərazisində yerləşir.

Yeni pasportun səhifələri arasında Xor Virap monastırının şəkli yerləşdirilib. 17-ci əsrə aid bu monastır Ağrı dağının fonundakı mənzərəsi ilə tanınır. Pasportdakı təsvirdə isə monastır üfüqdə adi dağların fonunda təqdim olunub. Tənqidçilər bunu Ağrı dağı rəsmi sənəddə göstərməmək üçün "hiylə" adlandırıblar.

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni pasportlarda Xor Virap monastırının təsviri ətrafındakı mübahisələrə toxunaraq deyib: "Biz yürütdüyümüz siyasətə və uzun müddətdir müzakirə etdiyimiz məsələlərə uyğun olaraq məhz belə bir perspektiv seçmişik".

"Bu, Ermənistan Respublikasının pasportu olduğu üçün Ermənistan Respublikasının ərazisini əks etdirir", – Paşinyan bildirib.

Yeni biometrik pasportların bu ilin payızından dövriyyəyə buraxılması nəzərdə tutulur.

Ermənistanın yeni pasportunun 24-25-ci səhifələri
Ermənistanın yeni pasportunun 24-25-ci səhifələri

Noyabrda Ağrı dağının təsviri sərhəd möhürlərindən çıxarılıb

Ötən il noyabrın 1-dən etibarən Ermənistan dövlət sərhədi möhürlərindən də Ağrı dağının təsviri çıxarılıb. Onun yerinə erməni və ingilis dillərində "Ermənistan" sözləri, keçid məntəqəsinin adı, sərhədin keçildiyi tarix və keçid məntəqəsinin növü yazılır. Bu addım ölkədə narazılıq yaradıb və hökumətə qarşı məhkəmə iddiası qaldırılıb.

Müxalif siyasətçi Ayk Mamicanyan dağın təsvirinin pasport möhürlərindən çıxarılmasını pisləyərək deyib: "Paşinyanın Türkiyə və ya Azərbaycanı razı salmağa nə qədər həvəsli olması insanı heyrətləndirir".

Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini bərpa edib. Bakı və Yerevan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişini paraflayıblar.

Türkiyə isə uzun illərdir Ermənistanın Ağrı dağını milli simvol kimi istifadə etməsinə, o cümlədən bu təsvirin Ermənistanın dövlət gerbində yer almasına etiraz bildirir.

Beynəlxalq Böhran Qrupunun baş analitiki Coşua Kuçera deyir ki, Xor Virap təsviri Paşinyanın təşviq etdiyi "real Ermənistan" narrativinin bir hissəsidir. Onun fikrincə, məqsəd ermənilərin diqqətini mövcud sərhədləri aşan "tarixi Ermənistan" ideyasından yayındırıb ölkənin sərhədləri daxilindəki məsələlərə yönəltməkdir.

Ermənistan gerbinin mərkəzində Ağrı dağı təsvir olunub.
Ermənistan gerbinin mərkəzində Ağrı dağı təsvir olunub.

Növbəti hədəf gerb ola bilərmi

AzadlıqRadiosunun vizual jurnalisti Amos Çappl yazır ki, Ermənistanda bəziləri Paşinyan hökumətinin Ağrı dağı və Nuhun gəmisi təsvir olunan dövlət gerbini hədəf alacağından ehtiyatlanır. Xristianlıqdakı geniş yayılmış inanca görə, Bibliyada bəhs edilən böyük tufandan sonra Nuhun gəmisi məhz Ağrı dağının zirvəsinə enib.

2023-cü ildə Paşinyan gerbi "tarixi Ermənistan" ilə "real Ermənistan" arasındakı ziddiyyəti yanşatdığına görə tənqid etmişdi.

Ermənistan baş nazirinin keçmiş müttəfiqi Edmon Marukyan bildirib ki, 2025-ci ildə Ağrı dağının pasport möhürlərindən çıxarılması gələcəkdə dövlət gerbinin dəyişdirilməsinə hazırlıq ola bilər: "Onu dəyişmək üçün konstitusiya və qanunvericiliyə düzəlişlər edilməlidir. Biz vətəndaşlar olaraq buna dözməyə hazırıqmı?".

AzadlıqRadiosunun erməni xidməti apreldə Paşinyandan Ağrı dağının gerbdən çıxarılması ehtimalı barədə soruşub. Baş nazir "Mən belə bir məsələ qaldırmıram" cavabını verib.

XS
SM
MD
LG